Elşən Musayev: "Müsavat Divanında müxalif gəncliyi Tural Abbaslının təmsil etməsindənsə, etməməsi yaxşıdır"
"Müsavat Partiyası Azərbaycan siyasətində elə bir yer tutur ki, onunla bağlı gələcək deyə bir anlayışı ön plana çıxara bilmərik. Çünki, onlar tamamilə keçmişdə qalıblar. Onların heç bu günü də yoxdur". Bu fikirləri SİA-ya Demokratik Maarifçilik Partiyasının (DMP) sədri Elşən Musayev Müsavatda baş alıb gedən narazılıqların fonunda partiyanın gələcək taleyi necə olacaq sualını cavablandırarkən deyib.Onun sözlərinə görə, Müsavat Partiyası Azərbaycan siyasətində elə bir burulğana düşüb ki, onu artıq heç kim xilas edə bilməz: "Səbəblər məlumdur. İllərdir deyirik ki, Azərbaycan müxalifəti kadr yetişdirmir, insan resursunun üzə çıxarılması ilə məşğul deyil, yalnız öz aralarındakı monopoliyanı zəbt etmək uğrunda mübarizə aparır. Bu da hazırki vəziyyətin yetişməsinə səbəb olub".Partiya sədri hesab edir ki, bu gün Müsavatda yekdil lider yoxdur: "Partiya üzvləri hələ də anlamırlar ki, başqan Arif Hacılıdır yoxsa, İsa Qəmbər? Azərbaycan iqtidarına seçki ilə bağlı dərs keçmək həvəsində olanlar xırda seçki keçirməklə sübut etdilər ki, onların demokratiyadan, şəffaflıqdan, insan hüquqlarına hörmətdən heç xəbərləri belə yoxdur".E.Musayev bildirib ki, bu gün Müsavatın kiçik QHT qədər ictimai rəyə təsir imkanı yoxdur: "Müsavatda parçalanma olmalıdır. Amma, bu parçalanmada İsa Qəmbər "əməyi"nin də bəhrəsi var. Çünki, bu insan hər zaman istedadları kənarda saxlayır. Uzun müddətdir ki, Müsavat Divanında müxalif gəncliyə yer verilmir. Burada yalnız Tural Abbaslı təmsil olunur ki, o da təmsil etməsə ondan yaxşıdır. İndi də bir xanımın namizədliyini irəli sürüblər. O da siyasi fəaliyyətindən daha çox şəkilləri ilə ön plana çıxmağa çalışır. Siyasi fəaliyyəti yadda qalmasa da, müxtəlif pozalarda çəkilən şəkilləri ilə sosial şəbəkədə məşhurlaşmaqdadır. Hesab edirəm ki, bu gedişlə Müsavat rəhbərliyi də həmin xətti götürəcək və artıq siyasəti şəkilləşmiş şou-biznesə çevirməyə çalışacaqlar".
Partiya sədri bildirib ki, Müsavat yaxın 20-30 ildə özünə gələ bilməyəcək: "Müsavat qarşıdakı illərdə keçiriləcək bələdiyyə, parlament, prezident seçkilərindəki uğursuzluğunun təməlini qoyub. Yəni bunların nə vaxtsa dirçəlib hər hansı bir seçkidə uğur əldə edəcəkləri boş söhbətlərdir".
sia.az