Almaniya hökuməti ölkə parlamentində fəaliyyət göstərən Die Linke partiyasının fraksiya üzvlərinin müraciətinə cavab verib. SİA "vestnik kafkaza" saytına istinadən xəbər verir ki, adıçəkilən fraksiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Almaniya hökumətinə müraciət ünvanlayıb.
Müraciətə verilən cavab əsnasında münaqişə ətrafında bir sıra qaranlıq məqamlar barədə fikirlər bildirilib və rəsmi Berlin burada Azərbaycanın ədalətli mövqeyinə dəstək göstərib.
Qeyd olunub ki, qondarma "DQR"-in "özünümüdafiə qüvvələri"ndə 23 min əsgər xidmət edir. Onlardan 8 mini bilavasitə Ermənistan silahlı qüvvələrinin əsgərləridir. "Özünümüdafiə qüvvələrinin" özəyini də məhz Ermənistandan həqiqi hərbi xidmətə çağırılmış əsgərlər təşkil edir.
Bununla da rəsmi Berlin açıq mətnlə bəyan edib ki, qondarma "DQR" ordusu Ermənistan tərəfindən təmin edilir.
Ermənistan və Rusiyanın 2010-cu ildə hərbi əməkdaşlıq müddətinin artırılması və bu sazişin tanınmamış "Dağlıq Qarabağ Respublikası"nın təhlükəsizliyi ilə bağlı əlaqələndirilməsinin mümkünlüyü haqqında Die Linke partiyasının verdiyi sualı da cavablandıran Almaniya hökuməti bildirib ki, bu razılaşma yalnız Ermənistan respublikasının ərazisinə aid olan bir razılaşmadır.
Federal hökumət o cümlədən, "DQR"də insanların həyat və yaşayış səviyyəsinin olduqca aşağı olduğunu qeyd edib. "Orada çətin vəziyyətdə yaşayan əhali elementar ictimai xidmətlərdən belə məhrumdur"-deyə cavab sənədində bildirilib. Almaniya hökuməti azərbaycanlılara məxsus qəbirstanlıqların da işğal ərazisində qaldığını vurğulayıb və oradakı məzarlıqların baxımsızlığa görə yer üzündən silinmə təhlükəsi yaşadığını qeyd edib.
Xatırladaq ki, Die Linke partiyasının müraciətini ünvanlayan Almaniya hökuməti həmin müraciəti xarici işlər naziri Frank-Valter Ştaynmayerin İrəvana və Bakıya səfəri ərəfəsində cavablandırıb. O da qeyd olunub ki, Ştaynmaerin səfəri bilavasitə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların motivi əsasında olacaq.
sia.az