PDF Oxu

Siyasət

  • 17

Regionların inkişafı dövlətin inkişafıdır

Regionların inkişafı dövlətin inkişafıdır

İlham Əliyev: "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı, əslində, ölkəmizin uğurlu, dayanıqlı inkişafı, iqtisadiyyatımızın şaxələndirilməsi üçün ən vacib və ən əsas iqtisadi alətə çevrilmişdir"

Müasir dövrümüzdə iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi və əhalinin sosial həyat səviyyəsinin yüksəldilməsi dövlətimizin qarşısında vacib vəzifə kimi durur. Bu baxımdan, bilavasitə, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə regionların davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi ilə bağlı hazırlanan və müvəffəqiyyətlə həyata keçirilən dövlət proqramları olduqca təqdirəlayiqdir.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda iştirak edən Prezident İlham Əliyev dövlət proqramlarının qəbul olunmasının səbələrini açıqlayarkən bildirmişdir ki, bu proqramlar artıq 9 ildir ki, uğurla icra edilir: "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı, əslində, ölkəmizin uğurlu, dayanıqlı inkişafı, iqtisadiyyatımızın şaxələndirilməsi üçün ən vacib və ən əsas iqtisadi alətə çevrilmişdir".

Bütövlükdə 2004-2013-cü illərdə ölkənin bütün regionları üzrə-55 min 615 yeni müəssisə açılmışdır. Yeni iş yerlərinin və yeni müəssisələrin yaradılması hesabına yoxsulluğun səviyyəsi 2003-cü ildəki 49 faizdən 2008-ci ildə 13,2 faizə, 2013-cü ildə isə 5,3 faizə enmişdir.

Növbəti Proqram - ilkin uğurlu nəticələr

Əldə olunan sosial-iqtisadi göstəricilər ölkənin inkişafı barədə aydın təsəvvür yaradır. Təkcə cari ilin ötən dövrünə diqqət yetirsək, bu inkişafın hansı səviyyədə olduğunu görərik. İqtisadiyyat 2,1 faiz, qeyri-neft sektoru 7 faiz təşkil edir. Əhalinin pul gəlirləri 4,7 faiz artaraq inflyasiyanı 3 dəfə üstələyib. Kənd təsərrüfatı 6 faiz artıb. Bu gün dünya miqyasında adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan ən qabaqcıl yerlərdədir. Valyuta ehtiyatlarımız 54 milyard dollardan artıqdır. Üçüncü regional inkişaf proqramının icrası nəticəsində cari ilin altı ayında 65 min yeni iş yeri açılıb ki, onlardan 52 mini daimi iş yeridir. 2003-cü ildən bu günə qədər bir milyon 300 min yeni iş yeri açılıb. Bunun təqribən bir milyonu daimi iş yeridir.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda dövlət başçısı İlham Əliyev bu vacib amili xüsusi vurğulamışdır: "Ümumiyyətlə, 2004-cü ildə əgər birinci proqram qəbul edilməsəydi, bugünkü Azərbaycan reallıqları tam fərqli ola bilərdi. Regionların inkişafı, sahibkarlara verilən dəstək, qeyri-neft sektorunun inkişafı, idxaldan asılılığımızın azaldılması, ixrac potensialının yaradılması son illərin əlamətidir."

Əlbəttə, əldə edilmiş bu nailiyyətlər statistik göstəricilərdə də əks olunur. Son on ildə iqtisadiyyat 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artıb. Yoxsulluq təqribən 50 faizdən 5,3 faizə enib. İşsizlik 5 faiz təşkil edir. Sosial-iqtisadi göstəricilərə görə Azərbaycan inkişaf etmiş ölkələri qabaqlayır. Təbii ki, bu uğurlar iqtisadi siyasətin çox böyük dəqiqliklə, həssaslıqla aparılmasının nəticəsidir.

Prezidentin regionlara

səfəri bölgələrin

inkişafını sürətləndirir

Dövlət başçısı İlham Əliyevin regional inkişaf proqramlarının icrası ilə yaxından tanış olmaq məqsədilə bölgələrə səfərləri, səfərdən sonra həmin rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Sərəncam imzalayaraq, Prezidentin Ehtiyat Fondundan vəsaitlərin ayrılması bir daha bu gerçəkliyi təsdiqləyir ki, hərtərəfli inkişaf dövlət siyasətinin əsasını təşkil edir. Ölkə Prezidentinin hər bir bölgəyə səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda ölkə Prezidenti bu rəqəmi xüsusi qeyd etmişdir ki, son on ildə bölgələrdə 1200-dən çox obyektin açılışında şəxsən iştirak edib: "Sahibkarlara öz dəstəyimi həmişə göstərmişəm, göstərəcəyəm. Bu dəstək həm siyasi, eyni zamanda, maddi dəstəkdir. Yəni dövlət tərəfindən güzəştli şərtlərlə ayrılan kreditlər sahibkarlığın inkişafına böyük təkan vermişdir və verir."

Son on ildə ölkə iqtisadiyyatına 160 milyard dollardan çox investisiya qoyulub. Daxili sərmayələr artıq xarici sərmayələri üstələyir: "Bu da ilk növbədə, ölkəmizdə hökm sürən sabitliyin hesabınadır və özəl sektorun Azərbaycanın gələcəyinə inamının təzahürüdür. Ona görə əminəm ki, gələcək illərdə investisiyanın həcmi, qoyulan sərmayə azalmayacaqdır." Qeyd edək ki, sahibkarlığın inkişafı üçün hər il dövlət büdcəsindən təxminən 300 milyon manat güzəştli şərtlərlə kreditlər verilir.

"Bu gün Azərbaycan dünya miqyasında seçilən ölkələrdəndir ki, burada inkişaf var, sabitlik hökm sürür, biz vətəndaş həmrəyliyi şəraitində yaşayırıq. Bizim məqsədimiz də birdir- ölkəmizi daha da inkişaf etdirmək, gücləndirmək, daha da güclü Azərbaycan yaratmaq. Biz bu məqsədə doğru uğurla gedirik. Əgər hər bir bölgədə və hər bir kənddə bütün məsələlər öz həllini taparsa, onda ölkənin bütün məsələləri həll olunacaqdır" söyləyən ölkə Prezidentinin bu fikirləri qarşıdakı planlara işıq salmaqla yanaşı, uğurların davamlılığının təmin edilməsində səylərin birləşdirilməsinin vacib amil olduğunu da təsdiqləyir: "Əlbəttə ki, yerlərdə təşəbbüs də göstərilməlidir. Belə olan halda hər bir rayonda güclü sənaye inkişaf edəcəkdir. Bu, bizim siyasətimizdir, arzumuzdur, belə də olacaqdır. Çünki bizim bütün proqramlarımız yerinə yetirilir. Bir dənə də olsun, proqram yarımçıq qalmamışdır."

Bu fikir də hər zaman önə çəkilir ki, sevindirici hal budur ki, görülən işlər ölkə ictimaiyyətində xoş əhval-ruhiyyə yaradır. Hazırda bütün bölgələr arasında sağlam rəqabət gedir. Quruculuq-abadlıq işlərinin geniş vüsət alması uğurlu sosial-iqtisadi göstəricilərin nəticəsidir. Bu inkişafı şərtləndirən amillər sırasında uğurlu neft siyasəti xüsusi qeyd edilir. Bu gün fəxrlə qeyd etdiyimiz iqtisadiyyatın şaxələndirilməsi də uğurlu neft siyasətinin məntiqi davamıdır. "Qeyri-neft sektorunun inkişafı bizim diqqətimizi daha çox cəlb edir... Qeyri-neft sektorumuz hər il təxminən 10 faiz artır. Əgər bu, növbəti illərdə davam edərsə,- buna mən şübhə etmirəm, - o zaman iqtisadiyyatımızın şaxələndirilməsi tam təmin ediləcəkdir."

Bütün bunlar onu göstərir ki, ölkəmizin iqtisadi inkişafı artıq yeni keyfiyyət mərhələsinə daxil olub. Yeni mərhələnin əsas hədəfi, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər