"Dialoq mühiti, məsələləri siyasiləşdirmədən ölkə daxilində həll etməklə bağlı atılan addımlar bir çoxlarının məlum kanallarını kəsib". Bunu SİA-ya millət vəkili Zahid Oruc Azərbaycanda İnsan Haqları üzrə İşçi Qrupunun fəaliyyətinin bərpa etməsinə münasibət bildirərkən deyib.Millət vəkili deyib ki, bu addımın atılması anti-milli qüvvələrin ayrı-ayrı donor mənbələrdən məhrum olması ilə yanaşı, təsir agenti kimi çalışmalarına da xələl gətirir: "Onlara qarşıdurma ruhu daha sərfəlidir. Niyə? Çünki, onlar özlərini az qala bir siyasi partiya, xarici diversiya qrupunun təmsilçisi kimi aparanda əldə etdikləri siyasi və maddi kapital böyük olur. Kim düşünürsə ki, bu adamlar bütün məhbuslar ətrafında, hökumət, üçüncü sektor və parlament təmsilçiləri arasında hər hansı bir razılığa gəlməyi çox arzulayırlar, bu düşüncə səhvdir".Z.Oruc qeyd edib ki, ən önəmli məsələ beynəlxalq təşkilatların bu işə göstərdikləri reaksiyadır: "Hesab edirəm ki, bu addım ortada öz maraqları üçün oynayan və təhlükəli təfəkkür daşıyıcılarının imkanlarına da ciddi zərbədir. Avropa Şurası və ABŞ-ın Azərbaycandakı səfirliyindən də bu məsələ ilə bağlı müsbət mövqe ifadə olunub. Bu o deməkdir ki, hakimiyyət keşiş Qapon kimi ortada öz mənafeləri üçün oynayanların mövqelərinə zərbə vuracaq. Bu prosesin belə anlaşma mühitində davamlılığını arzulayırıq. Ümumiyyətlə hüquq müdafiə işinin yeni əsaslarla və dövlətlə əməkdaşlıq formatında təşkili doğru addımdır".
sia.az