PDF Oxu

Siyasət

  • 26

Çingiz Qənizadə: “İşçi qrupu bütün vətəndaşların müraciətlərini araşdıracaq”

Çingiz Qənizadə: “İşçi qrupu bütün vətəndaşların müraciətlərini araşdıracaq”

"Azərbaycan Prezidenti İlham Əliyevin əfv fərmanı imzalamasını hər zaman humanizm addımı kimi dəyərləndirmişik. Ölkə başçısının İnsan Haqları üzrə İşçi Qrupunun fəaliyyətinin bərpa edilməsinə razılıq və formalaşmasına dəstək verməsi isə əfv fərmanından da artıq humanist qərardır". Bu fikirləri SİA-ya millət vəkili Çingiz Qənizadə deyib.Millət vəkili xatırladıb ki, Azərbaycanda İnsan Haqları üzrə İşçi Qrupu hələ 2005-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılıb: "Məqsəd də ondan ibarət idi ki, həbs olunan insanlarla bağlı cəmiyyətdə hər hansı bir mübahisəli məsələ varsa, müzakirə olunaraq buna aydınlıq gətirilsin. Bu çox gözəl təşəbbüs idi. Biz o zaman memorandum imzaladıq və üç il fəaliyyət göstərdik. Bu illər ərzində 177 nəfər məhkum haqqında tövsiyəedici xahişlə ölkə başçısına müraciət etdik və onlar əfv olundu. 2007-ci ilin sonlarından Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbuslar üzrə Avropa Şurasının məruzəçisi təyin edilməsi tərəfləri qıcıqlandırdı və işçi qrupu öz fəaliyyətini dayandırdı. Artıq bu işçi qrupu cənab Prezident İlham Əliyevin razılığı və Avropa Şurasının baş katibi Torbyörn Yaqlandın xahişi əsasında yenidən bərpa edilib və tərkibinə vətəndaş cəmiyyətinin, parlament nümayəndələri daxil edilib".Ç. Qənizadə deyib ki, işçi qrupu müəyyən istintaq və məhkəmə zamanı hansısa formada hüquqları pozulmuş Azərbaycan vətəndaşları barədə məsələləri müzakirə edəcək: "Bu məsələlərdə müəyyən hüquq pozuntuları varsa, yaxud törədilmiş əmələ görə verilən cəza adekvat deyilsə, humanitar məqsədli xəstəliyi varsa, saxlanma şəraitində olduğu müddətdə hər hansı bir xəstəliyə düçar olubsa, bunların hər biri nəzərə alınacaq və həmin adamların əfv və ya vaxtından tez azad olunması üçün həm cənab Prezident İlham Əliyevə, həm də müvafiq qurumlara müraciətlər olunacaq".Millət vəkili bildirib ki, işçi qrupu heç bir fərq qoymadan bütün Azərbaycan vətəndaşlarının müraciətlərini araşdıracaq: "Təbii ki, şikayətlər həqiqəti əks etdirmədiyi təqdirdə hər hansı bir addım atılmayacaq. Amma hüquqları pozulmuş insanların problemlərinin aradan qaldırılması üçün təşəbbüs qaldıracağıq. Misal üçün müəyyən hüquq müdafiəçiləri Hilal Məmmədovun həbsində qərəzin olmasını əsaslandırırdılar. Dövlət orqanları isə onun müxtəlif qurumlarla, dövlətlərlə əlaqəsini ortaya qoydu. Hilal Məmmədov ağır maddələrlə məhkum olunub. İşçi qrup olaraq dövlət nümayəndələrindən xahiş etdik ki, onun qızının toyudur və Hilal Məmmədovun bu toyda iştirakına qanun yol verir. Artıq Hilal Məmmədov qızının toyunda iştirak etmək üçün üç gün müddətinə azadlığa buraxılıb. Bundan yaxşı humanist fakt ola bilərmi?"Ç. Qənizadə təəssüflə qeyd edib ki, bəzi ağzıgöyçəklər, bu işin baş tutmasında maraqlı olmayan insanlar işçi qrupu yaranmamışdan onun haqqında böhtan xarakterli fikirlər yürüdüblər: "Hesab edirəm ki, işçi qrupu dəyərlidir və Azərbaycanda müəyyən insanlara öz humanist yardımını göstərəcək".

sia.az

Digər xəbərlər