PDF Oxu

Siyasət

  • 24

"İntelligo News” xəbər saytı Dağlıq Qarabağ münaqişəsindən yazdı

"İntelligo News” xəbər saytı Dağlıq Qarabağ münaqişəsindən yazdı

Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov "İntelligo News" xəbər saytına verdiyi müsahibəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışıb. SİA-nın xəbərinə görə, münaqişənin kökləri, səbəbləri, onun nizamlanmasına dair danışıqlar prosesi barədə ətraflı məlumat verən səfir bildirib ki, hələ 1988-ci ildə başlayan gərginlik silahlı münaqişə ilə nəticələnib. Torpaqlarımızın 20 faizi işğal olunub və bir milyondan çox soydaşımız Ermənistandakı və Azərbaycandakı doğma yurd-yuvalarından didərgin düşüb. Münaqişənin qanlı nəticələrindən zərər çəkmiş insanlarla yanaşı, konseptual cəhətdən onun digər qurbanı beynəlxalq hüququn tətbiq edilmə təcrübəsi olub. BMT-nin və digər beynəlxalq təşkilatların Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair qərarları və sənədlərinə hələ də əməl olunmur. Ermənistan tərəfindən "dini toqquşma" kimi dünyaya təqdim edilən bu silahlı münaqişə nəticəsində hazırda Cənubi Qafqaz regionunda vəziyyət gərgin olaraq qalır. Bu baxımdan, yaxın günlərdə Fransa Prezidenti Fransua Ollandın vasitəçiliyi ilə Parisdə keçiriləcək Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü böyük əhəmiyyət daşıyır.

Səfir diqqətə çatdırıb ki, ATƏT-in Minsk prosesində Avropa İttifaqının bir neçə üzv ölkəsinin iştirak etməsinə baxmayaraq, münaqişənin nəticələrinin aradan qaldırılması və işğal olunmuş ərazilərin sosial-iqtisadi cəhətdən bərpası istiqamətində qurum heç vaxt ölkəmizə yardım göstərməyib. Münaqişənin nizamlanması ilə bağlı Azərbaycanın mövqeyinin birmənalı olduğunu vurğulayan V.Sadıqov bildirib ki, Ermənistan silahlı qüvvələri ölkəmizin işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Rəsmi Bakı Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusu verməyə və bu bölgənin iqtisadi inkişafı üçün tədbirlər həyata keçirməyə hazırdır. Bu, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ən böyük güzəşti ola bilər. Lakin, bu məsələ yalnız Azərbaycan torpaqları işğaldan azad edildikdən və azərbaycanlıların öz yurdlarına qayıtmasından sonra həllini tapa bilər. Münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olan Azərbaycanın, eyni zamanda, torpaqlarını hərb yolu ilə də azad etmək haqqı vardır. Bu da mövcud beynəlxalq münasibətlər təcrübəsi ilə tənzimlənən özünümüdafiə hüququ üzərində qurulmuş bir mövqedir.(AzərTAc)

Müsahibənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq olar:

sia.az

Digər xəbərlər