"Heç kimə sirr deyil ki, bu gün Müsavat Partiyası ilə AXCP arasında konfilikt daha da dərinləşib". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli bələdiyyə seçkiləri ilə bağlı Sərdar Cəlaloğlunun ümumi blok yaratması təklifinə münasibət bildirərkən deyib.Partiya sədrinin sözlərinə görə, Müsavat Partiyası ilə AXCP arasında yaranan konfilikt fonunda ümumi blokun yaradılması ehtimalı çox aşağı səviyyədədir: "Mən heç cürə inanmıram ki, Müsavat Partiyası – AXCP ilə hansısa bir blok yaratsın. Sadəcə olaraq cəmiyyətdə müəyyən qruplar var ki, onlar da bu qrupları öz tərəfinə çəkmək istəyirlər. Guya ki, onlar müxalifətin birlik tərəfdarıdır və s. Heç şübhəsiz ki, bu şəxslər seçkiqabağı həmişə bu kimi təşəbbüslərlə çıxış edirlər. Sadəcə olaraq onlar məhdud sayda olan elektoratı tərəflərinə çəkmək istəyirlər".Mais Səfərli "Milli Şura"nın keçirməyi planlaşdırdığı növbəti mitinqə də toxunaraq deyib ki, onların bütün aksiyaları enən xətt üzrə gedir: "Əgər siz fikir versəniz görərsiniz ki, onların son 10 ildə keçirdikləri aksiyaların heç bir uğurlu nəticəsi olmayıb. Bu gün onlar gündəmdə qalmaq üçün min cür oyundan çıxırlar. Onlar Qərbdəki Azərbaycanı istəməyən bir sıra dairələrin diqqətini öz üzərlərinə çəkmək istəyirlər ki, biz də varıq. Bu gün bu partiyalar demək olar ki, iflasa uğramaqdadır. Artıq bu partiyalar normal fəaliyyət göstərə bilmədikləri, cəmiyyətə yeni təşəbbüslər vermədikləri üçün parçalanma ərəfəsindədirlər".
sia.az