"Vaşinqtonda "Freedom House" və Açıq Cəmiyyət Fondunun (Soros Fondu - red) Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı müzakirələr keçirməsi ənənəvi olaraq Azərbaycana təzyiq üçün düşünülən addımlardan birdir". Bunu SİA-ya Böyük Qurtuluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşü ilə eyni gündə Vaşinqtonda "Freedom House" və Açıq Cəmiyyət Fondunun (Soros Fondu - red) Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı müzakirələr keçirməsinə münasibət bildirərkən deyib.Partiya sədri hesab edir ki, bu müzakirələrin Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşünə elə bir aidiyyatı yoxdur: "Azərbaycan və Ermənistan prezidentlərinin görüşü Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün növbəti görüşlərdən biridir. "Freedom House" və Açıq Cəmiyyət Fondunun Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı müzakirələri isə Azərbaycana təzyiq üçün düşünülən addımdır. Bu müzakirələrin eyni gündə keçirilməsini təsadüf kimi qiymətləndirirəm".Millət vəkili qeyd edib ki, Azərbaycanın əsas problemi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsidir: "Bu məsələni də Azərbaycan Prezidenti İlham Əliyev ən yüksək səviyyədə dünya ictimaiyyətinin diqqətinə çatdırır, danışıqlar prosesində ölkəmizin mövqeyini yüksək səviyyədə ifadə edir. Ona görə də belə çağırışlar, gündəlikdir. İnsan haqları mövzusunda Azərbaycanın üzərinə gəlmək başqa mövzularda təzyiq etmək məqsədi güdür. Bura həm iqtisadi mənfəət əldə etmək, həm də təzyiq aiddir. Ona görə də Azərbaycan öz yolu ilə getməli, bu kursu uğurla davam etdirməlidir".
sia.az