"Məhz beynəlxalq hüququn onlara verdiyi imkandan bəhrələnərək doğulduqları ata-baba kəndlərinə, əcdadlarının qəbirlərini ziyarət etmək üçün Kəlbəcərə gedən Dilqəm Əsgərov və Şahbaz Quliyevə qondarma rejimin qurduğu məhkəmə heç bir hüquqi əsasa söykənmir". Bu fikirləri SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu deyib.Onun sözlərinə görə, Ermənistan iyul ayının sonu, avqustun əvvəllərində atəşkəsin pozulması ilə ciddi şəkildə məğlub vəziyyətə düşdüyünü anladığından bu hadisə ətrafında ictimai şou düzəltməklə öz daxili auditoriyasını sakitləşdirməyə çalışır: "Hesab edirəm ki, iki sadə azərbaycanlının diversant kimi təqdim edilərək qondarma rejimin qurduğu məhkəmədə mühakimə olunmasında məqsəd budur. Eyni zamanda Ermənistan daima xristian olma faktorunu şişirdərək zaman-zaman islamafob dairələrə mesaj ötürür ki, biz müsəlman ölkəsi olan Azərbaycana qarşı bu şəkildə davranırıq. Çox təəssüf ki, bir sıra islamafob dairələr tərəfində onların bu mövqeyi dəstəklənir. Hətta bəzi hallarda onların bu mövqeyi həvəsləndirilir".H. Babaoğlu bildirib ki, ermənilər bu addımları ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə hazır olmadıqlarını göstərirlər: "Hesab edirəm ki, bunların hər biri Ermənistanın acizliyindən doğan özünümüdafiə cəhdləridir. Ona görə də iki azərbaycanlını bu şəkildə şantaj edirlər. Şübhəsiz ki, bu qondarma məhkəməni quranlar nə vaxtsa Azərbaycan məhkəmələrində cavab verəcəklər".Politoloq qeyd edib ki, beynəlxalq təşkilatlar Azərbaycanla bağlı məsələlərə hər zaman ikili standartlardan yanaşır: "Beynəlxalq təşkilatların böyük əksəriyyəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllində də ikili standartlar tətbiq edir. İki azərbaycanlının qondarma məhkəməyə cəlb edilməsi nəticəsində beynəlxalq hüquq, eyni zamanda azərbaycanlıların hüquqları pozulur. Başqa hallarda insan haqları deyərək yüksək səslə qışqıran təşkilatlar bu hüquq pozuntusuna susurlar. Bu da islamafob, anti-Azərbaycançı mərkəzlərin mövqeyindən irəli gəlir. Yəni onlar hüquqa da ikili standartlardan yanaşırlar. Bu məsələ bir daha beynəlxalq hüququn manipulyasiyasıdır".
sia.az