"Bildiyiniz kimi, bir neçə gün öncə Ukraynada parlament seçkiləri keçirildi. Təbii ki, bu onların daxili işidir. Lakin seçkinin mürəkkəbi qurumamış ABŞ tərəfindən bəyənat verildi ki, guya orada azad, ədalətli və demokratik seçki keçirilib. Məhz buna görə də ABŞ bəyanatında deyib ki, onlar Krım məsələsini Ukraynanın xeyrinə həll etməyə çalışacaqlar. Lakin hazırda Ukraynadakı vəziyyəti çox yaxşı bilirik və buna görə də orada keçirilən seçkilərin nəticəsi də hər kəsə bəllidir". SİA-nın xəbərinə görə, bu fikirləri millət vəkili Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında çıxış edərkən deyib. Onun sözlərinə görə, 20 ildən artıq müddətdə ATƏT-in Minsk qrupuna həmsədrlik edən ABŞ bu günə qədər deməyib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq və BMT-nin qətnamələrində də təsdiq olunan işğal olunmuş ərazilərimizin geri qaytarılmasına səy göstəriləcək: "Halbuki ABŞ həmsədr ölkə olaraq, məhz bu işin məsuliyyətini daşıyır. Lakin bu günə qədər ABŞ tərəfindən belə bir bəyənat eşitməmişik. Bu da onu göstərir ki, dünyada seçkinin hansı formada keçirilməsindən asılı olmayaraq, onların verdikləri rəy özlərinə məxsus şəkildə həyata keçiriləcək"."Dəfələrlə sübuta yetirmişik ki, Azərbaycanda hər zaman azad, ədalətli və demokratik seçkilər keçirilib. Hətta ölkəmizdə keçirilən seçkilərin nəticələri ilə bağlı beynəlxalq təşkilatlar öz müsbət rəylərini bildiriblər. Sadəcə erməni lobbisinə xidmət edən müxtəlif qüvvələr bunun üzərinə kölgə salmaqla Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi prosesini ləngitməyə çalışırlar. Buna görə də Azərbaycanın Milli Məclisi adından ATƏT-in həmsədrlərinə müraciət etməliyik ki, onlar bu barədə nə düşünür?! 20 ildən artıqdır ki, torpaqlarımız işğal olunub və bunun qarşılığında həmsədrlər sırf turist kimi təmas xəttinə səfər edirlər. Bu da azmış kimi mərifətli bir rəy də ortalığa qoymurlar. Bu səbəbdən də müraciət olunmalıdır ki, həmsədrlər bütün ölkələrə bərabər şəkildə baxmalıdır. Həmsədrlər bunu həmin ölkələrin probleminə məsul şəxs kimi yerinə yetirilməlidir. Odur ki, hər hansı bir ölkəyə başqa gözlə baxmaq olmaz. Çünki bu ikili standartın bariz nümunəsidir"- deyə, Siyavuş Novruzov məsələ ilə bağlı fikirlərinə əlavə edib.
sia.az