"Gördüyün işlər barədə hesabat verməyin nəyi pisdir? Seçici deyir ki, səni seçmişəm və gördüyün işlər barədə mənə hesabat ver. Parlamentin üzvləri onsuzda mütəmadi şəkildə öz seçiciləri ilə görüşür və qəbul olunan qanunlar, eləcə də görülən işlər barədə seçicilərini agah edir". SİA-nın xəbərinə görə, bunu millət vəkili Siyavuş Novruzov parlamentin bugünkü iclasında çıxış edərkən deyib.Onun sözlərinə görə, bələdiyyələr birbaşa məişət problemlərini həll edir: "Vətəndaş probleminin hansı formada həll olunmasını öyrənmək istəyir. Bu da onun haqqıdır. Odur ki, görülən işlər barədə hesabat vermək lazımdır. Bu hesabatlılıqda qorxulu məqamın nə olduğunu hələ də anlaya bilmirəm. Bələdiyyələrin işini müzakirə edənlərin əksəriyyətinin heç bələdiyyələrinin statusu barədə məlumatı da yoxdur. Bildiyimiz kimi, bələdiyyələrin məhəllə komitələri var. Həmin komitələr əhali ilə sıx təmasda olmalıdır. Söhbət bələdiyyələrin hamısını bir stadiona yığıb orada hesabat təqdim etməklərini gözləməkdən gedir. Təbii ki, bu mümkün olunası məsələ deyil. Sadəcə adıçəkilən komitələrin işçiləri binalarda, eləcə də həyətlərdə vətəndaşlarla görüşərək onlara hesabat verirlər. Axı bunun nəyi pisdir?".S. Novruzov həmçinin qeyd edib ki, hazırda bələdiyyələrin statusu ilə bağlı heç bir problem yoxdur: "Bu gün bələdiyyələrin fəaliyyət istiqamətləri ilə bağlı kifayət qədər səlahiyyətləri mövcuddur. İcra başçılarının bələdiyyələrin işlərinə müdaxilə edilməsi ilə bağllı səsləndirilən fikirlər də tamamilə yalnışdır. Bilməyənlərə bir daha xatırlatmaq istəyirəm ki, bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Hər bir siyasi partiya bələdiyyə seçkilərinə namizəd irəli sürməlidir. Hazırda Azərbaycanda 1607 bələdiyyə var. 1535 nəfər namizədliyini irəli sürməlidir"."Bu gün bəziləri deyir ki, guya Yeni Azərbaycan Partiyasında bələdiyyələrə namizədlərin irəli sürülməsi üçün qırğın gedir. Hətta deyiblər ki, namizəd olmaq istəyənləri hədələyirik ki, bizim qərarımızdan kənar seçkilərə qatılsalar, onları partiyadan uzaqlaşdıracağıq. Bu kimi fikirlər səsləndirməklə yalnız bələdiyyələrin işini cılızlaşdırmaq, onun statusuna xələl gətirmək istəyi güdürlər. Fikir versəniz görərik ki, siyasi partiyalar üçün ən vacib seçkilərdən biri, məzh bələdiyyə seçkiləridir. Çünki parlament və prezident seçkilərinə yalnız özləri və yaxın ətraflarının namizədlərini irəli sürürlər. Amma bələdiyyə seçkilərində sırf vətəndaşların problemlərini yaxından həll edən şəxslərin namizədliyi irəli sürülür. Bu gün Azərbaycanda bələdiyyələrin kifayət qədər fəaliyyəti var və bu, getdikcə daha da təkmilləşir"- deyə, millət vəkili məsələ ilə bağlı fikirlərinə əlavə edib.
sia.az