İlham Əliyev: "Azərbaycanda çox güclü sənaye potensialı yaradılacaq"
"Son on il ərzində Azərbaycan kimi iqtisadi sahədə sürətlə inkişaf edən ikinci ölkə olmayıb. Bu, böyük tarixi nailiyyətimizdir. Ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilir, iqtisadi potensialımız artır, iqtisadiyyat üç dəfədən çox artıb. Ölkədə böyük sosial layihələr, sosial proqramlar icra edilir, iqtisadi islahatlar, eyni zamanda, sosial məsələlərin həllində də bizə kömək göstərir". Bu fikirlər ölkə Prezidenti İlham Əliyevə məxsusdur.
Ölkə Prezidenti İlham Əliyev qeyd edib ki, iqtisadi potensialın artırılması üçün daha da gözəl imkanlar var: "Çünki biz artıq iqtisadiyyatımızı şaxələndirə bilmişik. Keçən il qeyri-neft sektorumuz təxminən 10 faiz, bu ilin iki ayında təxminən 9 faiz artıb. Yəni bu, onu göstərir ki, iqtisadiyyatla bağlı qarşıda duran əsas vəzifələr uğurla icra edilir. Gələcək illərdə bu sahədə islahatlar davam etdiriləcək. Azərbaycanda çox güclü sənaye potensialı yaradılacaq. Bundan sonra Azərbaycan iqtisadiyyatı qeyri-neft sektoru hesabına inkişaf edəcək. Artıq biz bunu görürük və bölgələrdə aparılan işlər, sənayenin, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyi məsələləri ilə bağlı olan təşəbbüslər öz səmərəsini verməkdədir".
Onu da vurğulamaq lazımdır ki, 2014-cü ilin "Sənaye ili" elan edilməsində başlıca məqsəd ölkəmizin iqtisadi təhlükəsizliyini təmin etmək, xarici dövlətlərdən asılılığını minimuma endirmək, habelə idxalı azaltmaq, istehsal etdiyimiz məhsulların rəqabətə davamlılığını artırmaq və ixracatı çoxaltmaqdan ibarətdir. Eyni zamanda, xammal və yarımfabrikat ixracatı mümkün qədər azaldılmalı, hazır məhsul istehsalına üstünlük verilməlidir. Məlumdur ki, adətən sənayesi zəif olan ölkələr xammal ixracatına üstünlük verirlər.
Ölkə Prezidenti Cənab İlham Əliyev cari ildə qarşıda duran vacib vəzifələrdən danışarkən demişdir: "Bu il ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha da böyük diqqət yetiriləcəkdir. Texnoparklar, yeni sənaye müəssisələri, ixrac yönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması - bütün bu işlər ölkəmizin gələcək inkişafını təmin edəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını müəyyən edəcəkdir".
Son 10 ildə ölkədə sənayenin inkişafı yeni mərhələdə
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasətin nəticəsi olaraq son 10 ildə ölkədə sənayenin inkişafı yeni mərhələyə qədəm qoymuşdur. Belə ki, Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, son 10 ildə sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artmışdır. Davos Forumunun son açıqlamasına əsasən rəqabət qabiliyyətliliyinə görə ölkəmiz dünyada 39-cu yerdədir. Azərbaycanın ilk kosmik peyki - "Azərspace-1" "İKT ili" elan edilən 2013-cü ildə fəzaya qaldırıldı ki, bu da xalqımızın və dövlətimizin böyük tarixi nailiyyəti kimi dəyərləndirilir. Eyni zamanda, ötən ildə Azərbaycanın neft-qaz potensialının inkişafı və möhkəmləndirilməsi üçün bir sıra tarixi sazişlər bağlanmışdır. 2012-ci ildə TANAP layihəsi ilə bağlı saziş imzalandı, 2013-cü ilin iyun ayında Trans-Adriatik boru xətti əsas marşrut kimi seçildi, artıq Azərbaycan qazının 2018-ci ildən sonra Avropada təçhizi üzrə zəruri qərarlar verilib və müqavilələr imzalanıb. Bu da çox önəmli bir hadisədir. Nəhayət, ötən ilin sonunda - dekabrın 17-də Bakıda "Şahdəniz-2" investisiya sazişi bağlanmışdır ki, bu layihə respublikamız üçün böyük tarixi nailiyyətdir.
İqtisadiyyatın əsas hərəkətverici qüvvələri
Bu gün Azərbaycan dövlətinin sənaye texnoparklarının yaradılması ilə bağlı həyata keçirdiyi tədbirlər mühüm əhəmiyyət daşıyır. Məlumat üçün bildirək ki, texnoparklar dünya iqtisadiyyatında innovasiyalı iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi hesab edilir. Milli iqtisadiyyatın yeni sahələrinin formalaşmasında və rəqabətqabiliyyətli olmasında texnoparkların böyük rolu var. Qeyd edək ki, texnoparkların yaradılmasının təşəbbüskarları dövlətin iştirakı ilə yerli hökumət orqanları olur. Texnopark strukturlarının yaradılmasına lazım olan vəsaitin 75 faizdən çoxunu dövlət verir. Hazırda Azərbaycanda da bu iqtisadi siyasət uğurla həyata keçirilir. Sumqayıt Texnoparkı, Kimya- Texnologiya Parkı, Balaxanı Sənaye Texnoparkı, Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması sənaye sahələrinin inkişafının əsas istiqamətlərini təşkil edir. Sumqayıt, Gəncə, Mingəçevir və digər şəhərlər sənayeləşmənin mərkəzi regionları kimi sürətlə inkişaf edir.
2014-cü ili "Sənaye ili" elan edən Cənab İlham Əliyev bildirib ki, bu il ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha böyük diqqət verilməlidir: "Texnoparklar yeni sənaye müəssisələri, ixracyönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması-bütün bu işlər ölkəmizin gələcək inkişafını təmin edəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını müəyyən edəcəkdir". Göründüyü kimi, bütün bunlar Prezident İlham Əliyevin müəyyən etdiyi mühüm vəzifələrin uğurlu icrasını, müasir, innovativ, rəqabətqabiliyyətli və ixracyönümlü sənayenin formalaşmasını təmin edəcəkdir.
R.KAMALQIZI