"Azərbaycanın hər bir sülh təşəbbüsünə müsbət yanaşması və münaqişənin həllinə diqqət yetirməsi yaxşı haldır. Lakin beynəlxalq ictimaiyyət və təşkilatlar Ermənistana qarşı ciddi təzyiqlər, eləcə də müvafiq sanksiyalar və beynəlxalq hüquq tətbiq olunmayana qədər işğalçı ölkə mövcud status-kvonu dəyişmək üçün hər hansı bir addım atmayacaq". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə baş tutan görüşünü şərh edərkən deyib.Onun sözlərinə görə, bu səbəbdən Ermənistan həmişə öz iyrənc oyunlarına davam edərək beynəlxalq ictimaiyyəti aldadacaq: "Hər kəsə məlumdur ki, mövcud vəziyyət 20 ildən çoxdur davam edir. Ən böyük problem ondan ibarətdir ki, qonşusunun ərazisini işğal etmiş dövlətə qarşı müvafiq siyasi və iqtisadi sanksiyalar tətbiq olunmur və Ermənistan sülhə məcbur edilmir. Belə olduğu təqdirdə, prezidentlərin keçirdikləri ənənəvi görüşlər nəticəsiz qalacaq". Görüşdə böyük sülh sazişi ilə bağlı hər hansı bir addım atılmaması məsələsinə toxunan millət vəkili A. Mollazadə deyib ki, bununla bir daha sübuta yetirildi ki, Ermənistan növbəti dəfə beynəlxalq ictimaiyyəti aldada bildi.
sia.az