İlham Əliyev: "Azərbaycanın ərazi bütövlüyünə əsaslanaraq həllinə nail olmaq üçün ürəkdən çalışmalıyıq"
Bu günlərdə Bakıda gənclər siyasəti üzrə birinci qlobal forumun açılışında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan prezidenti Serj Sarkisyana kəskin və tutarlı cavab verərək Ermənistandakı diktatorluğun, kriminal rejimin beynəlxalq, regional təhlükəsizliyə və sabitliyə ən böyük təhlükə olduğunu bildirib. Ölkə Prezidenti İlham Əliyev xüsusi olaraq təhlükəsizlik məsələlərində yalnız gənc nəslə güvəndiyini də söylədi: "Azərbaycan müstəqillik baxımından gənc ölkədir, yalnız 23 ildir ki, müstəqildir. Eyni zamanda, əhali də çox gənc, dinamik və fəaldır. Gənc nəslimizi iqtisadi və siyasi həyatımızın hər bir sahəsinə qoşmaq məqsədilə apardığımız fəal dövlət siyasəti hazırda yaxşı bəhrə verir. Təhlükəsizlik məsələlərinə gəldikdə, biz, həmçinin yalnız gənc nəslə güvənirik. Sərhədlərimizi qoruyan, hazırda erməni təcavüzkarları ilə üzbəüz səngərdə dayanan gənc azərbaycanlılar Vətənini qoruyur".
Azərbaycan Prezidenti, həmçinin erməni təcavüzü zamanı əziyyət çəkmiş insanlarımızın əksər hissəsinin gənc nəslin nümayəndələri olduğunu vurğuladı. Eyni zamanda, dövlət başçısı azərbaycanlıların Dağlıq Qarabağda etnik təmizləmə siyasətinə məruz qalmasını xüsusi olaran söylədi: "Bu, regional təhlükəsizliyə ən böyük təhdiddir. Əfsuslar olsun ki, ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlində Azərbaycan Ermənistanın silahlı təcavüzü, etnik təmizləmə siyasəti və tarixi torpaqlarımızı işğal etməsi ilə üzləşdi. Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir, əsrlər boyu azərbaycanlılar bu bölgədə yaşayıblar. Ermənistanın dəstəklədiyi təcavüzkar separatizm bu vəziyyəti yaratdı".
Prezident İlham Əliyev bütün beynəlxalq təşkilatların Azərbaycanın mövqeyini dəstəklədiyini vurğulayaraq bildirdi ki, münaqişənin həllinin beynəlxalq hüquq normalarına və Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanması üçün daha səylə işləmək lazımdır.
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq təşkilatların qərar və qətnamələrinə əsaslanmalı, xüsusilə BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməlidir" sözlərini deyən dövlət başçısı analoji qərarların Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə dəstəkləyən ATƏT, Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən qəbul edildiyini dedi: "Bu gün Ermənistandakı diktatorluq, kriminal rejim beynəlxalq və regional təhlükəsizliyə və sabitliyə ən böyük təhlükədir. Bütün beynəlxalq təşkilatlar mövqeyimizi dəstəkləyir. BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bu qətnamələr kağız üzərində qalır və iyirmi ildən çoxdur ki, icra olunmur. ATƏT eyni qərarları qəbul edib. Avropa Parlamenti, Avropa Şurasının Parlament Assamblyeası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digərləri belə qərarlar qəbul ediblər. Onlar mövqeyimizi və Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir. Dünyanın bütün ölkələri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Lakin münaqişə hələ ki, praktiki baxımdan həll olunmayıb. Onun həlli beynəlxalq təşkilatların, xüsusən də BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinə əsaslanmalıdır. Çünki BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir. Görürük ki, bəzi hallarda onlar bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə onlar iyirmi ildən çoxdur kağız üzərində qalır".
Dövlət başçısı əmin olduğunu bildirib ki, Azərbaycan vətəndaşları Dağlıq Qarabağda və işğal olunmuş ərazilərdəki doğma yurdlarına qayıdacaqlar: "Biz daha güclü, daha təsirli olmalıyıq və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə, Azərbaycanın ərazi bütövlüyünə əsaslanaraq həllinə nail olmaq üçün ürəkdən çalışmalıyıq. Əminəm ki, o gün gələcək və biz öz doğma torpaqlarımıza - Dağlıq Qarabağa, eləcə də işğal olunmuş digər ərazilərə qayıdacağıq. Beynəlxalq ictimaiyyət nəinki bu məsələ ilə əlaqədar, ümumiyyətlə, bizi qəti surətdə dəstəkləyir. Bunun bariz nümunəsi Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi oldu. Biz iki il - 2012-2013-cü illər ərzində Təhlükəsizlik Şurasının üzvü olduq. Biz beynəlxalq ictimaiyyətin tam əksəriyyətinin dəstəyi ilə seçildik, 155 ölkə Azərbaycanın lehinə səs verdi. Bu, bizim üçün xüsusilə vacib idi. Çünki o vaxt cəmi iyirmi il öncə müstəqillik qazanmış Azərbaycan beynəlxalq birliyin mühüm üzvünə çevrildi və biz 155 ölkənin bu cür güclü dəstəyinə nail olduq. Bu, yalnız bizim fəal diplomatiyamızın və beynəlxalq səviyyədə səylərimizin sayəsində deyil, o cümlədən Azərbaycanın artıq etibarlı tərəfdaş, müstəqil xarici siyasət yürüdən, regional və beynəlxalq problemlərə gəldikdə, öz mövqeyi ilə seçilən ölkə kimi tanınması nəticəsində mümkün oldu. Biz öz mövqeyimizi təkcə ifadə etmirik, onu müdafiə edirik və mövqeyimizin bu və ya digər səbəblərə, tarixi hadisələrə və regionumuz haqqında biliklərimizə əsaslandığını sübut edirik. Bu baxımdan hesab edirik ki, biz bu siyasətə görə etibarlı tərəfdaş olmuşuq. Biz müstəqilliyimizin son iyirmi ildən artıq müddətində dünyanın bu qədər ölkəsinin dəstəyini qazandıq. Bu, həmçinin böyük məsuliyyətdir".
R.KAMALQIZI