"Fraksiya yaratmaqla bağlı təklif irəli sürmüşük"
"Bizim mütəxəssislər MNTK-dan gələn cavabı araşdırırlar və ilkin rəyimizi noyabrın 8-də Müsavat Partiyasının mərkəzi qəragahında keçirəcəyimiz görüşdə təqdim edəcəyik". Sözügedən fikirləri SİA-ya Müsavat başqanlığına namizəd olmuş Qubad İbadoğlu bir müddət öncə partiyanın müvafiq orqanı tərəfindən şikayətinə verilən rəyə münasibət bildirərkən deyib.Qubad İbadoğlu eyni zamanda qeyd edib ki, onun nümayəndələri toplantıda iştirak edib: "Bizim nümayəndəmiz toplantıda iştirak edirdi. Məhz ondan sonra bizim MNTK-nın işinə şübhələrimiz daha da artdı. Eyni zamanda bizim gözləntilərimiz doğru çıxdı. Kifayət qədər əsası olmayan açıqlama və izahatlar var ki, bunu da konkret maddələr üzrə mövqeyimizi ifadə edən sənədlə göstərəcəyik. Həmçinin müəyyən təkliflər irəli sürərək, onları müzakirəyə çıxaracağıq".Müsavat funksioneri eyni zamanda yaradılması ehtimal olan fraksiya barədə də fikir bildirib. Qubad İbadoğlu bununla bağlı qeyd edib ki, artıq təklif irəli sürülüb və bu istiqamətdə fəaliyyət mövcuddur: "Fraksiyanı yaratmaqla bağlı təklif irəli sürmüşük. Bununla bağlı yekun mövqeyimizi bildirəcəyik".Qubad İbadoğlu Müsavat Partiyasının keçiriləcək mətbuat konfransına dəvət almadığını da deyib: "Əslində heç ora getmək fikrində də deyiləm. Bu barədə sosial şəbəkədən məlumat almışam".
sia.az