Bələdiyyə seçkilərində YAP qadınlara və gənclərə meydan verir
2014-cü il dekabrın 23-də Azərbaycanda dördüncü dəfə bələdiyyə seçkiləri keçiriləcək. YAP-ın üzvləri 2009-cu ildə keçirilən seçkilərin nəticələrinə görə bələdiyyələrə seçilənlərin 60%-dən çoxunu təşkil edib. YAP-ın bələdiyyələrdə təmsil olunan nümayəndələri bütövlükdə Azərbaycan bələdiyyə sisteminin əsasını təşkil edir. Yeni Azərbaycan Partiyası digər partiyalardan fərqli olaraq bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinə xeyli vaxtdır hazırlaşır. Partiya artıq bu hazırlığın müəyyən mərhələlərini başa çatdırıb.
YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqla bağlı qəzetimizə məlumat verərək bildirdi ki, artıq bələdiyyə seçkiləri ilə əlaqədar hazırlığımızın böyük bir hissəsini başa çatdırmışıq: "İlk öncə qeyd edim ki, Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin keçirdiyi ümumrespublika müşavirəsində irəli sürülən tövsiyə və tapşırıqlarına əsasən partiyamızın bütün şəhər və rayon təşkilatları, o cümlədən Xaçmaz rayon təşkilatı da seçkilərlə əlaqədar hazırladığımız proqramın ayrı-ayrı maddələrini yerinə yetiririk. Qeyd edim ki, Xaçmaz rayon təşkilatının böyük seçki təcrübəsi var. Hazırda YAP Xaçmaz rayon təşkilatının 124 ilk ərazi təşkilatında 8288 nəfər partiya üzvü birləşib. Onlardan 3738 nəfəri qadın, 2981 nəfəri gənclərdir. 17 nəfərdən ibarət olan Seçki Qərargahı rayonda olan bütün namizədlərlə görüşlər keçirir, məsləhətlər verir. Rayon ərazisində 55 saylı Xaçmaz şəhər Seçki Dairəsi üzrə 43067 nəfər, 56 saylı Xaçmaz kənd Seçki Dairəsi üzrə 45342 nəfər seçici var. Artıq 38 bələdiyyə üzrə seçiləcək 360 nəfər yerə Yeni Azərbaycan Partiyası Seçki Məcəlləsinə uyğun olaraq hər bir yerə bir namizəd irəli sürulub. Bununla yanaşı digər məsələlərlə bağlı əvvəlcədən müəyyənləşdirdiyimiz proqramda nəzərdə tutduğumuz tədbirlər də zamanı çatdıqca icra edilir. Ümumiyyətlə, bütün bunlar onu deməyi sübut edir ki, əvvəlki seçkilərdə olduğu kimi, bu seçkiləri də qələbə ilə başa vuracağıq".
N.Ağayev, həmçinin onu da vurğulayıb ki, irəli sürülən namizədlər arasında gənclər və qadınlar daha çox üstünlük təşkil edir: "Diqqətiçəkən əsas məsələ ondadır ki, namizədlər arasında gənclər və qadınlar üstünlük təşkil edir. İnanırıq ki, bələdiyyə seçkilərində bizim namizədliyini irəli sürdüyümüz qadınların və gənclərin böyük bir hissəsi insanların dəstəyi nəticəsində bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaqlar".
Beləliklə, YAP Xaçmaz rayon təşkilatının Seçki Qərargahında bələdiyyə seçkiləri ilə əlaqədar görülən işlərə əsaslanaraq qarşıdakı bələdiyyə seçkilərinin də nəticələrinin uğurlu olacağını indidən tam təsdiqləyir.
Ü.ƏSGƏROV