PDF Oxu

Siyasət

  • 20

Bu gün Azərbaycanın gənc nəsli yeni, müasir və müstəqil ölkənin qurulmasında fəal iştirak edir

Bu gün Azərbaycanın gənc nəsli yeni, müasir və müstəqil ölkənin qurulmasında fəal iştirak edir

Prezident İlham Əliyev: "Azərbaycanda gənclərlə bağlı iki Dövlət Proqramı qəbul edilib və uğurla həyata keçirilib"

Gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni və humantiar həyatında mühüm rola malik potensial qüvvə kimi mühüm yer tutur. Güclü aktiv və avanqard qüvvə kimi gənclər ölkə həyatının bütün sahələrində öncül yer tutmaqla yüksək indikatorlara çatmağa zəmin yaradan zəngin bazadır. Gənclər Azərbaycanın gələcəyidir, inkişafın və modernləşmənin operativ ön cəbhəsidir. Gənclər yeni potensialdır, gücdür, yeniləşmə, müasirləşmə, inkişaf, tərəqqi və modernləşmə strategiyasının təməl sütünları deməkdir. Ulu Öndər Heydər Əliyev həmişə gənclərə güvənərək onlara böyük etimad göstərib. Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyev sağlam düşüncəli gənc nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edirdi. Bu məqsədlə müstəqil Azərbaycanda gənclər siyasətini həyata keçirmək üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı. Nazirlik yaradıldıqdan sonra gənc nəslin mənəvi tərbiyəsi və fiziki inkişafı, hüquqlarının müdafiəsi, onların beynəlxalq qurumlarda iştirakı və gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi istiqamətində zəruri tədbirlər görüldü, bir sıra dövlət proqramları hazırlandı.

1996-cı il fevralın 2-də Azərbaycan Respublikası gənclərinin Birinci Forumunun keçirilməsi ölkədə müstəsna əhəmiyyətə malik bir hadisə idi. Ulu Öndər Heydər Əliyevin şəxsən iştirak etdiyi forum ölkəmizin qarşısında duran vəzifələrin reallaşmasında gənclərin fəal iştirak etməyə hazır olduğunu göstərdi və gənclərlə işin ciddi şəkildə canlanmasına səbəb oldu. 1997-ci il fevralın 1-də ilk forumun ildönümü münasibətilə fəal gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev, fevralın 2-sini Azərbaycan Gənclər Günü elan etdi. Həmin vaxtdan etibarən ənənəvi olaraq, hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Bir sözlə, Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Əlbəttə, milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı Ulu Öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir.

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir dövrdə gənclər siyasəti yeni mərhələyə qədəm qoyub. Bu gün Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf təbii ki, gənclər üçün yeni imkanlar açır. Azərbaycanın maliyyə-iqtisadi potensialı artdıqca bütün sahələrin inkişafına kapital qoyulur və bu, çox müsbət nəticələr verir. Təbii ki, gənc nəsil bu prosesdən kənarda qalmayıb və yüksək intellektli, vətənpərvər gəncliyin yetişməsi üçün çox əhəmiyyətli layihələr həyata keçirilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar və sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar.

Bu mənada, oktyabrın 29-da Bakıda keçirilən Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, gənclər siyasətilə bağlı olduqca mükəmməl qanunvericilik bazası mövcuddur: "Gənclər siyasəti ilə bağlı qanun var. Azərbaycanda gənclərlə bağlı iki Dövlət Proqramı qəbul edilib və uğurla həyata keçirilib. Bu yaxınlarda biz Gənclər Fondunu yaratmışıq. Dövlət büdcəsindən bu fonda ayrılan vəsaitlər gənclərə özlərini cəmiyyətdə təqdim etməyə şərait yaradır. Onlar mədəniyyət, təhsil və sosial sahələrə, eləcə də siyasi islahatlara aid olan layihələr üzərində işləyirlər. Başqa sözlə desək, bu fond gənc nəslə öz istedadını müəyyən etməyə, özünü cəmiyyətə təqdim etməyə və beləliklə, ölkəmizin inkişafına töhfə verməyə yardım edir.

Təhsil və savadlılıq məsələlərinə toxundum. Həmçinin bildirmək istəyirəm ki, təhsil də hökumətimiz üçün əsas prioritetlərdən biridir. Çünki biz tamamilə əminik ki, yalnız təhsilli, müxtəlif sahələrdə biliklərə malik insanlar həm ölkənin, həm özlərinin inkişafına kömək edə bilərlər. Əgər dünyada inkişaf etmiş ölkələrin keçdiyi yola və əldə etdiyi nailiyyətlərə nəzər yetirsək, görərik ki, uğurlu inkişafın əsas vasitələri enerji sərvətləri, mineral ehtiyatlar, neft və qaz yox, məhz təhsil, elm və texnoloji yeniliklərdir. Yalnız təhsil, bilik və texnologiya bütün bəşəriyyətin aparıcı qüvvəsidir. Bütövlükdə bəşəriyyət innovasiyalardan, müasir texnologiyalardan faydalanır. Buna görə də təhsil Azərbaycanda prioritetlərdən biridir. Hesab edirik ki, beynəlxalq təhsil mərkəzləri ilə sıx əməkdaşlıq edərək biz daha böyük nailiyyətlər qazana bilərik. Bu səbəbdən uzun illər ərzində hökumətimiz gənc nəsillərimiz üçün dünyanın aparıcı universitetlərində təhsil proqramlarını maliyyələşdirir. Bu il təqribən 40 milyon avroya yaxın vəsait gənclərimizin xaricdə təhsili üçün sərf edilib. Eyni zamanda, biz Azərbaycanda təhsilin səviyyəsini artırmaq üçün bu sahəyə böyük sərmayələr yatırırıq və universitetlərimizlə dünyanın aparıcı təhsil ocaqları arasında beynəlxalq əlaqələri daha da artırmağa çalışırıq.

Biz bu siyasətin faydasını görürük. Bu gün Azərbaycanın gənc nəsli yeni, müasir və müstəqil ölkənin qurulmasında fəal iştirak edir. Hökumətimiz üçün prioritetlərdən biri də idmandır. Həmçinin bizim burada da yaxşı nailiyyətlərimiz var. İdmançılarımız Azərbaycanı beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, eləcə də Olimpiya Oyunlarında layiqincə təmsil edirlər. Sonuncu Olimpiya Oyunları bizim üçün tarixi əhəmiyyətə malikdir. Çünki 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycan əvvəlki illərlə müqayisədə ən yüksək nəticəni əldə etdi. Azərbaycan demək olar ki, 200 ölkə arasında 30-cu oldu. Gənclər arasında Olimpiya Oyunları da Azərbaycan üçün əlamətdar oldu. Yığmamız təxminən 200 ölkə arasında 10-cu oldu. Bu, onu göstərir ki, Olimpiya hərəkatının inkişafı, müasir idman qurğularının yaradılması siyasəti nəticə verir. Eyni zamanda, idman cəmiyyətimizin həyatının ayrılmaz hissəsinə çevrilib. Gənc nəslin idman fəaliyyətinə qoşulması və həvəsləndirilməsi məqsədini daşıyan dövlət proqramları nəinki ölkənin beynəlxalq yarışlarda nüfuzu, o cümlədən gənclərə uğurlu yolun göstərilməsi baxımından vacibdir. Eyni zamanda, fiziki sağlamlıq gənclərə bütün həyatları boyu yardımçı olur. Bunun sayəsində gənclər pis vərdişlərdən, alkoqoldan, siqaret çəkməkdən və narkotik maddələrdən uzaq olurlar. Buna görə siyasətimizin sosial sahəsi vacibdir. Həmçinin fərəhlənirik ki, Azərbaycan Avropa və dünya çempionatlarını qəbul edən ölkəyə çevrilib. Gələn il Azərbaycanda ilk Avropa Oyunlarını keçirəcəyik. Bu, bizim üçün tarixi hadisə olacaq. Panamerika, Asiya, Afrika Oyunlarından fərqli olaraq, Avropa Oyunları əvvəllər heç zaman keçirilməyib. Bu tədbir ilk dəfə burada keçiriləcək. Bu Oyunlara 6 mindən çox atlet qatılacaq. Bu idman tədbirini Yay Olimpiya Oyunları səviyyəsində keçirməyi planlaşdırırıq".

"Səs" Analitik Qrupu

Digər xəbərlər