Oğuz rayonunda bələdiyyə seçkilərinə yüksək səviyyədə hazırlıq işləri gedir
Yeni Azərbaycan Partiyasının Oğuz rayon təşkilatı bələdiyyə seçkiləri ilə bağlı fəaliyyətini uğurla davam etdirir. Partiyanın rayon təşkilatının sədri Saleh Məhərrəmov qəzetimizə verdiyi məlumatına görə, bələdiyyə seçkiləri ilə əlaqədar rayon üzrə 11 nəfərdən ibarət Seçki Qərargahı yaradılmış, əhatəli fəaliyyət proqramı hazırlanıb. Belə ki, rayonda 117 saylı Oğuz-Qəbələ DSK və 37 Məntəqə Seçki Komissiyası fəaliyyət göstərir. Məntəqələrin yerləşdiyi binalar və otaqlar , seçki məntəqələrinə aparan yolların kənarları təmir olunub. Bütün seçki məntəqələri lazımi texniki avadanlıq və invertarlarla təmin olunaraq bələdiyyə seçkisinin keçirilməsi üçün tam hazır vəziyyətə gətirilib.
YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov bildirib ki, Oğuz rayonu üzrə 15 seçki məntəqəsi yaradılıb: "Bələdiyyə seçkilərinə YAP rayon təşkilatı tərəfindən 137 namizədin irəli sürülməsi nəzərdə tutulur. YAP Mərkəzi Aparatı tərəfindən verilən bütün tapşırıq və göstərişlər vaxtında həyata keçirilir. Yeni Azərbaycan Partiyası ölkəmizdə seçki keçirilməsində böyük təcrübəyə malikdir.
YAP-ın sosial bazası genişdir və bu siyasi təşkilat ölkədə böyük nüfuza malikdir. Rayon təşkilatının sədri onu da vurğulayıb ki, YAP bu seçkilərdə də qələbə qazanmaq gücündədir: "Bütün bunlar deməyə əsas verir ki, Yeni Azərbaycan Partiyası qarşıdakı bələdiyyə seçkilərində də qalib olacaq".
Qobustan rayonunda bələdiyyə seçkilərinə ciddi hazırlıq görülür
Füzuli Gülaliyev: "Bu dəfə də YAP Qobustan rayon təşkilatı ən yüksək göstəricilərlə seçkini başa vuracaq"
"Bu ilin sonunda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları tərəfindən uğurla davam etdirilir. Belə ki, YAP bu seçkilərdə də tam gücü ilə iştirak etməyi qarşıya məqsəd qoyub. Bələdiyyə seçkiləri ilə bağlı keçirilən ümumrespublika müşavirəsində partiyanın İcra Katibliyi tərəfindən verilən tövsiyə və tapşırıqlar tam məsuliyyətlə yerinə yetirilməkdədir. Eyni zamanda, yerlərdə partiyanın rayon təşkilatları tərəfindən seçkilərlə bağlı intensiv işlər aparılır". Bu fikri Yeni Azərbaycan Partiyasının Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev "Səs" qəzetinə verdiyi açıqlamasında bildirib. F.Gülaliyev onu da bildirib ki, rayon təşkilatında seçkilərə hazırlıqla bağlı Seçki Qərargahı, o cümlədən, təbliğat-təşviqat qrupu yaradılıb və hazırda onlar işlərini yüksək keyfiyyətlə həyata keçirməkdədir: "Biz qarşımıza məqsəd qoymuşuq ki, YAP 2014-cü ildə keçiriləcək bələdiyyə seçkilərində ən azı ötən bələdiyyə seçkilərindəki nəticələri təkrarlamalı, daha uğurlu nəticə ortaya qoymağa çalışmalıdır".
F.Gülaliyev onu da vurğulayıb ki, ötən seçkilərdə olduğu kimi, bu seçkilərdə də qadınlara və gənclərə geniş imkanlar veriləcək: "YAP Qobustan rayon təşkilatında 2171 nəfər partiya üzvündən qadınların sayı 614 nəfər, gənclərin sayı 835 nəfərdən ibarətdir. Onu da vurğulayım ki, seçki kampaniyasına start verildiyi gündən seçkilərə giddi hazırlıq işləri aparılır. Rayon təşkilatının Seçki Qərargahı Təqvim Planına uyğun olaraq fəaliyyət göstərir. Rayonda 16 bələdiyyə üzrə seçki keçiriləcəkdir. 142 bələdiyyə üzvü seçilməlidir. YAP Qobustan rayon təşkilatı tərəfindən 142 nəfərin namizədliyi müəyyənləşdirilmişdir. Eyni zamanda, qərargah üzvlərinin iştirakı ilə ən fəal nümayəndələrin namizədliyinin irəli sürülməsi üçün treninqlər keçirilib. Qısa vaxt ərzində namizədlərin qeydiyyata alınması ilə bağlı bütün sənədləşmə işlərinin qaydaya salınması işləri aparılır. İnanırıq ki, bu dəfə də YAP Qobustan rayon təşkilatı ən yüksək göstəricilərlə seçkini başa vuracaq"
RƏFİQƏ HÜSEYNOVA