PDF Oxu

Siyasət

  • 27

YAP Səbail rayon təşkilatı bələdiyyə üzvlüyünə namizədlərlə görüş keçirib

YAP Səbail rayon təşkilatı bələdiyyə üzvlüyünə namizədlərlə görüş keçirib

Bələdiyyə seçkilərinə rəsmi start veriləndən sonra Yeni Azərbaycan Partiyası (YAP) namizədlərin irəli sürülməsi prosesinə başlayıb. Artıq partiyanın yerli təşkilatları tərəfindən namizədliyi irəli sürülmüş şəxslər müvafiq dairə-seçki komissiyalarından imza vərəqələri götürüblər.

Dünən YAP Səbail rayon təşkilatında bələdiyyəyə namizədlərlə görüş keçirilib. İclas təlimat xarakterli olub. İclsda YAP İdarə Heyətinin üzvü, Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov, rayon təşkilatının sədrinin müavini, rayon təşkilatının Seçki Qərargahının sədri Muxtar Nağıyev və müəyyən edilmiş namizədlər iştirak edib. Z.Qaralov onu da bildirib ki, hazırda bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar YAP İcra Katibliyi tərəfindən irəli sürülmüş tövsiyə və tapşırıqlara əsasən öz işini qurur: "Sözsüz ki, məqsədimiz əvvəlki seçkilərdən fərqli olaraq qarşıdakı növbəti bələdiyyə seçkilərindəki nəticələrimiz daha yüksək və uğurlu olsun".

Partiyanın böyük seçki təcrübəsinin olduğunu xatırladan Z.Qaralovun sözlərinə görə, bu da təşkilatın bələdiyyə seçkilərində böyük uğur qazanmasını şərtləndirən amillərdən biridir. O, qeyd edib ki, Səbail bələdiyyəsinə 17, Badamdar bələdiyyəsinə 15, Bibiheybət bələdiyyəsinə isə 9 nəfər üzv seçilməlidir. Ümumilikdə, Səbail rayonunda 41 nəfər bələdiyyə üzvü seçilməlidir. Təşkilat sədri seçkilərdə qadınların və gənclərin namizədliyinə də üstünlük verildiyini deyib.

110 ilk təşkilatda 23857 mindən çox partiya üzvünün birləşdiyini deyən Z.Qaralov qeyd edib ki, bələdiyyə seçkilərində də YAP fəalları öz səylərini əsirgəməyəcəklər: "Bələdiyyə seçkiləri digər siyasi kampaniyalardan daha fərqlidir. Burada əsas amil yerlərdə insanlarla münasibətdə olan şəxslərin nüfuzu, şəxsi keyfiyyətləridir. Bələdiyyələrə seçilmiş şəxslər yerli əhali ilə sıx münasibətlər qurmalı, problemlərin aradan qaldırılmasında böyük rol oynamalıdırlar".

Z.Qaralov, həmçinin deyib ki, bələdiyyələr demokratik bir təsisat kimi vətəndaş cəmiyyətinin bir formasıdır. Azərbaycanın demokratiya yolunda irəliləyən bir dövlət olduğunu nəzərə alsaq, müstəqil özünüidarəetmə strukturunun - bələdiyyələrin fəaliyyəti mütləq vacibdir: "Ölkəmizdə bələdiyyələrin fəaliyyəti üçün münbit şərait var. Son dövrlərdə bələdiyyələrin fəaliyyətində daha çox canlanma müşahidə olunur. Bu, onunla əlaqədardır ki, bələdiyyə institutlarının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Bu gün bələdiyyələr ölkəmizin inkişafı prosesində, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdə, sosial layihələrin həyata keçirilməsində fəal iştirak edir. İnanırıq ki, hər bir siyasi kampaniyada olduğu kimi, bələdiyyə seçkilərində də Səbail rayonu yüksək nəticə göstərəcək.".

Rayon təşkilatının sədri, eyni zamanda bələdiyyə üzvlüyünə namizədlərə tövsiyyələrini də verib. YAP Səbail rayon təşkilat sədrinin müavini, rayon Seçki Qərargahının sədri Muxtar Nağıyev, rayon təşkilatının qadınlar şurasının sədri Təranə Kərimova çıxış edərək ölkəmizin sürətlə inkişaf etdiyini vurğulayıblar. Bildiriblər ki, bələdiyyələr bu inkişafa uyğun olaraq fəaliyyət göstərməlidir. Çıxış edənlər namizədləri seçkilərdə daha fəal olmağa səsləyiblər.

R.HÜSEYNOVA

Digər xəbərlər