Ərəstun Oruclu: "Bu, dağıdıcı yoldur və ölkəni çökdürür"
"Aksiyalar mənim üçün maraqlı deyil. Açığı, aksiyalara qatılmağı zəruri saymıram". SİA xəbər verir ki, bu fikirləri "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu ənənəvi müxalifətin yenidən mitinqlər keçirmək istəyinə münasibət bildirərkən deyib. Mitinq, aksiya dönəminin artıq geridə qaldığını istisna etməyən Mərkəz rəhbəri həmçinin qeyd edib ki, bütün bunların yerinə müxalifət birinci mübarizə modelləri tapılmalıdır.
Təkliflərə gəlincə isə Ərəstun Oruclu hər hansı bir ictimai təklifinin olmadığını dilə gətirib: "Yeganə təklifim yalnız və yalnız özümün təmsil etdiyim və edəcəyim çevrəyə ola bilər. İctimai təkliflər vermək fikrindən çox uzağam".
Araşdırmalar Mərkəzinin sədri düşərgənin 2015-ci ildə keçiriləcək parlament seçkilərində uğur əldə edə bilməyəcəyini düşündüyünü deyib və bunun əsas səbəbini düşərgədaxili ziddiyyətlərdə gördüyünü vurğulayıb: "Müxalifət bu gün çox müxtəlifdir. Bəzən kimsə iddia edir ki, müxalifət odur, başqası deyir "yox, müxalifət mənəm". Bunun özü artıq pis tendensiyadır. Yaxud bu, müxalif ifadəsinin məzmununu anlamamaqdan, ya da müxalifəti, müxalif olmağı biznesə çevirmək, monopoliyaya almaq istəyindən irəli gəlir. Hər iki hal qüsurludur, onu anlamamaq da, anlayıb marağı üçün istifadə etmək də! Mənim fikrimcə, müxalif düşərgə bu gün Azərbaycanda səpələnmiş ayrı-ayrı qruplardan, fərdlərdən ibarətdir. Kim o düşərgəni səfərbər edib sanballı namizədlərlə parlament seçkilərinə gedə biləcəksə, istisna etmirəm ki, müəyyən uğur əldə oluna bilər. Amma koordinal uğurdan söhbət gedə bilməz. Bunun üçün heç vaxt da imkan vermir. Şəxsən mən istəməzdim ki, Azərbaycanda çox qısa müddətdə hər şey sürətlə dəyişsin. Çünki sonra illər lazım olacaq ki, bu dəyişmənin fəsadları aradan qaldırılsın. O da hələ mümkün olsa. Yəqin bildiniz, nəyi nəzərdə tuturam...".
Ərəstun Oruclu ənənəvi müxalifətin inqilab etmək cəhdlərinin də uğursuzluqla nəticələnəcəyini bildirib və bunu dağıdıcı yol kimi gördüyünü vurğulayıb: "Bu, dağıdıcı yoldur və ölkəni çökdürür. Zorakılıqla hakimiyyətə gələnlər zorakılıqla da davam edirlər. Onda nə mənası var?"
sia.az