Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi qərargahında Azərbaycan Respublikasının Baş nazirinin müavini, YAP-ın Sədr müavini, icra katibi Əli Əhmədov Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsi sədrinin müavini Mao Biao ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə YAP-ın Sədr müavini, icra katibi Əli Əhmədov qonaqları salamlayaraq qeyd edib ki, Azəbaycan ilə Çin Xalq Respublikası arasında isti münasibətlər mövcuddur. Əli Əhmədov bundan sonra da bu əlaqələrin daha da gücləndirilməsinin vacibiyini vurğulayıb. Əli Əhmədov bu səfərin YAP ilə ÇKP arasında əməkdaşlığın inkişafına töhvə verəcəyini bildirib. Əli Əhmədov qeyd edib ki, hər iki partiya arasında əlaqələr yüksək səviyyədədir. O, Yeni Azərbaycan Partiyasının fəaliyyətində beynəlxalq əlaqələrin inkişafının əsas istiqamətlərdən biri olduğunu deyib: "Bu baxımdan, Çin Kommunist Partiyası ilə əməkdaşlığa böyük əhəmiyyət veririk. Hər iki partiyanın nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, keçirilən görüşlər və müzakirələr əlaqələrimizi daha da möhkəmləndirir. Siyasi partiyaların əlaqələri ölkələr arasında münasibətlərin inkişafına da müsbət təsirini göstərir. Düşünürəm ki, səfər bu baxımdan xüsusi əhəmiyyət kəsb edir".Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsi sədrinin müavini Mao Biao Azərbaycana səfərə gəldiyindən şad olduğunu qeyd edərək bildirib ki, ötən illər ərzində Azərbycanda mühüm irəliləyişlər baş verib. Çin ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyən Mao Biao bu əlaqələrin daha da inkişaf etdiyini qeyd edib. Qonaq Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın inkişafının yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.Görüşdə ikitərəfli münasibətlərin inkişafına dair geniş fikir mübadiləsi aparılıb.Görüşdə YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da iştirak edib.
sia.az