"ATƏT-in Minsk qrupunun ABŞ-lı həmsədri Ceyms Uorlikin Azərbaycan və Ermənistan arasında düşmənçilik yox, əməkdaşlığın vacibliyi ilə bağlı fikri özü-özlüyündə pozitiv fikir olsa da, onun həyata keçirilməsi üçün münbit şərait olmalıdır". Bunu SİA-ya YAP-ın Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, politoloq Elman Nəsirov deyib.Politoloq bildirib ki, Ceyms Uorlik ilk növbədə Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlaması məsələsinə diqqəti cəlb etməli və ölkəsinin buna nail olmasına çalışmalıdır: "Məgər Azərbaycan Ermənistanla əbədi konfrontasiya vəziyyətini dəstəkləyir? Xeyr. Ancaq, Azərbaycanın konkret mövqeyi bundan ibarətdir ki, mövcud status-kvo dəyişməlidir. Yəni, əvvəlcə Azərbaycanın işğal olunmuş yeddi rayonu geri qaytarılmalı, qaçqın və məcburi köçkünlərimiz öz yurd-yuvalarına qayıtmalı, ərazilərimiz minalardan təmizlənməli, sülhməramlı qüvvələr yerləşdirilməli və komunikasiyalar bərpa edilməlidir. Yenilənmiş Madrid Prinsiplərinin qayəsini də bu məsələlər təşkil edir. Yalnız bundan sonra Dağlıq Qarabağın statusu ilə bağlı məsələlər gündəmə gətirilə bilər. Azərbaycan torpaqlarının işğalına son qoyulduqdan sonra yeni situasiya yaranır. Yeni şəraitdən çıxış edərək Azərbaycan-Ermənistan münasibətləri formalaşmağa başlayır. Bu formalaşma prosesində istisna deyil ki, əməkdaşlıq mühiti yaranacaq. Müəyyən mənada təmaslar da ola bilər. Azərbaycanın təşəbbüskar olduğu layihələrdə Ermənistanın iştirakı məsələsinə də baxıla bilər. Ermənistan işğala son qoyduqdan sonra əməkdaşlıq mühitinin formalaşması üçün şərait yarana bilər. Bunun olmayacağı təqdirdə Ceyms Uorlikin fikirlərinin heç bir xüsusi çəkisi olmur. Yəni Ceyms Uorlik ilk növbədə işğala son qoyulması məsələsinə diqqəti cəlb etməli və ölkəsinin buna nail olmasına çalışmalıdır. İşğala son qoyulduqdan sonra onun fikirləri kifayət qədər aktual səslənə bilər. Bu məsələlər həllini tapmadan əməkdaşlıqdan danışmağın heç bir real əsası yoxdur".E. Nəsirovun sözlərinə görə, bir çox hallarda Ceyms Uorlikin yanaşmalarının Azərbaycan cəmiyyətində birmənalı qarşılanmamasının günahkarı onun özüdür: "Bəzən onun bəyanatlarından belə nəticə çıxır ki, münaqişənin həllində Qondarma "Dağlıq Qarabağ Respublikası", erməni icması da tərəf kimi iştirak etməlidir. Sonradan onun fikirlərinin səhv başa düşüldüyün və ya tərcümənin yanlış edildiyini bildirsə də, bir çox hallarda onun bəyanatları iki mənalı, real vəziyyətə adekvat olmur və danışıqların ümumi ruhuna uyğun gəlmir. Hesab edirəm ki, diplomatlar fikir söyləyərkən onun reallaşma əmsalını da hesablamalıdırlar. Ola bilər ki, Ceyms Uorlik əməkdaşlığın olmasında çox maraqlıdır. Sadəcə əməkdaşlığa maneə olan məsələlərdən danışmaq lazımdır. O və ölkəsi çalışmalıdır ki, əməkdaşlığa maneə olan faktorları aradan qaldırsınlar. Əməkdaşlığa maneə olan halların aradan qaldırılmasına nail olsa, onun fikirləri həqiqi mənada öz təsdiqini tapa bilər".
sia.az