"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində mövcud olan problemlər ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsinin hər birində güclü təsirə malik erməni icmalarının fəaliyyət göstərməsi ilə bağlıdır". Bunu SİA-ya Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib.Millət vəkili sözlərinə görə, bu gün Rusiya Ermənistanın hərbi, siyasi müttəfiqi və demək olar ki, Ermənistanın sahibidir: "Bunlarla yanaşı Ermənistanın arxasında duran əsas ölkələr Rusiya və İrandır. İran Ermənistanın iqtisadi, Rusiya isə hərbi tərəfdaşıdır. Ona görə də biz çalışmalıyıq ki, ABŞ-da Azərbaycan və türk icması bu ölkənin siyasətinə təsir göstərmək imkanlarına malik olsun".A.Mollazadə qeyd edib ki, konqresə keçirilən son seçkilərdə azərbaycanlıların dostlarının sayı artıb: "ABŞ-ın milli maraqları ilk növbədə Azərbaycana dəstəkdən ibarət olmalıdır. Bu barədə ABŞ prezidenti Barak Obamanın və bir sıra konqresmenlərin məktub və müraciətləri də mövcuddur. Onlar anlayırlar ki, çox çətin bir bölgədə məhz Azərbaycan ABŞ-ın tərəfdaşıdır. Ona görə də ABŞ-ın Azərbaycana hərtərəfli dəstəyi lazımdır".Millət vəkili hesab edir ki, dünyanın ən nüfuzlu dövləti olan ABŞ haqq-ədaləti, beynəlxalq hüquq normalarını müdafiə etməlidir: "ABŞ erməni icmasının maraqlarını deyil, strateji maraqlarını müdafiə edirsə, bu dəstək Azərbaycan verilməlidir. Bu dəstək verilərsə, münaqişə tezliklə həllini tapacaq".
sia.az