"Bu gün Ermənistan tərəfi terrorizmi dövlət siyasəti səviyyəsinə qaldırıb". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli istefada olan erməni general, Qarabağ müharibəsi iştirakçısı Manvel Grigorianın müharibədən sonra evində azərbaycanlı əsir saxladığına dair dediyi fikirlərə münasibət bildirərkən deyib.Siyasi şərhçinin sözlərinə görə, erməni general Manvel Grigorian bu fikirləri ilə bütün beynəlxalq hüquq prinsiplərini tapdayıb: "Çox təəssüf ki, o, bunu bütün dünyanın gözü qarşısında edir. Hesab edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının da əsas səbəbi, məhz budur. Ermənistan tərəfi o qədər azğınlaşıb ki, hətta BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri də yerinə yetirmir və buna görə cəzasız qalıb. Hətta bu azmış kimi, rəsmi İrəvan BMT çərçivəsində Azərbaycana qarşı ittihamlar da səsləndirir. Erməni generalının bu ifadələri kökündən araşdırılmalıdır. Çünki bu, əsrlərlə bağlı məlum Cenevrə Konvensiyasının prinsiplərinə zidd addımdır".E. Nəsirli hesab edir ki, əgər buna qarşı tədbir görülməsə, Ermənistan tərəfi tam cəzasız olduğunun fərqinə varıb yenidən ağır cinayətlər törədə bilər. Bu mənada hesab edirəm ki, bu cür bəyanatlara, yanaşmalara Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu fikir verməlidir. ATƏT-in Minsk qrupunun 1992-ci ildən bu yana gördüyü iş nəticə etibarilə fəaliyyətsizlik kimi dəyərləndirilə bilər. Əgər ATƏT-in Minsk qrupu erməni generalının söylədiklərinə, beynəlxalq hüququn prinsiplərinə daban-dabana zidd olan hərəkətlərə reaksiya verməyəcəksə, hesab edirəm ki, bu halda onlar öz simalarını qorumaq üçün heç bir əlavə arqument gətirə bilməyəcəklər. Bu halda ən böyük məsuliyyət münaqişənin həlli ilə bağlı tərəflərin üzərinə düşür".
sia.az