Britaniyanın nüfuzlu "Mirror" qəzetində Azərbaycanın son illərdəki sürətli inkişafından bəhs edən geniş məqalə dərc olunub.
Səyyah yazıçı Kris Qranetin müəllifi olduğu yazıda, Azərbaycanın hər tərəfli inkişafı, beynəlxalq aləmdə tanınması, nüfuzu, zəngin tarixi və mədəni irsi təhlil edilib.
Ölkəmizi ziyarət edən müəllif, məqaləsində Azərbaycanda gözlədiyindən daha artıq gözəlliklər ilə qarşılaşdığını bildirib.
Məqalənin əvvəlində Azərbaycanın strateji əhəmiyyəti və yerləşdiyi coğrafi mövqe haqqında məlumat verilir. Ölkəmizin artıq beynəlxaq aləmdə tanındığı, "Eurovision", "Formula 1" kimi bir çox beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etdiyi bildirilir. Həmçinin, 2015-ci ildə dunyada ilk dəfə olaraq "Avropa oyunları"na və 2016-cı ildə isə "Formula 1 Avropa Qran-pri" yarışına ev sahibliyi edəcəyi vurğulanır.
Müəllif, paytaxt Bakının möhtəşəm memarlıq abidələrindən də bəhs edir, tarixi müzeyləri və qoruqları haqqında məlumat verir. "Məşəl"in Azərbaycanın milli rəmzi olduğu, ölkənin tarixi və mədəni irsi əsasında "Odlar Yurdu" adlandırıldığı vurğulanır.
Bakıda dəyişməyən tək yerin "İçərişəhər" olduğu və bu Tarix Memarlıq Qoruğunun paytaxtın rəmzi olduğu diqqətə çatdırılır.
Azərbaycan əhalisinin etnik mənşəyi haqqında da məlumat verən müəllif, azərbaycanlıların türk və müsəlman olduqlarını diqqətə çatdırıb, mövcud tolerantlığı yüksək qiymətləndirib.
Dünya şöhrətli memar Zaha Hadidin layihə müəllifi olduğu Heydər Əliyev Mərkəzinin dünyanın nadir memarlıq incilərindən olduğu vurğulanıb.
Müəllif yazır: "Bakı yaxın gələcəkdə bütün dünyanın yaxından tanıdığı və heyran qaldığı şəhər olacaqdır".
Məqalədə müəllif Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunur və doğma torpaqlarımızın ermənilər tərəfindən işğal edildiyini bildirir.
Yazının sonunda Britaniyadan ölkəmizi ziyarət etmək istəyənlər üçün səyahət məlumatları yerləşdirlib.
Məqalə Azərbaycanın tarixini, incəsənətini və gözəlliyini əks etdirən fotolarla bəzədilib.
AzərTAc