YAP Səbail rayon təşkilatı bələdiyyə seçkilərinə mütəşəkkil surətdə hazırlaşır
Muxtar Nağıyev: "Məqsədimiz əvvəlki seçkilərdən fərqli olaraq qarşıdakı növbəti bələdiyyə seçkilərində əldə etdiyimiz nəticələrimiz daha yüksək və uğurlu olsun"
Bələdiyyə seçkilərinə rəsmi start veriləndən sonra Yeni Azərbaycan Partiyası Azərbaycanda keçiriləcək növbəti bələdiyyə seçkilərinə rəsmi şəkildə start verib. Artıq namizədlərin irəli sürülməsi prosesi gedir. Bu məqamda qeyd edək ki, bu vaxta qədər Azərbaycanda keçirilən bütün seçkilərdə inamlı qələbə qazanan Yeni Azərbaycan Partiyası (YAP) dekabrın 23-də keçiriləcək növbəti bələdiyyə seçkilərinə də yüksək səviyyədə hazırlaşır. Xüsusilə də partiyanın yerli strukturlarında seçki qərargahlarının yaradılması və bu qərargahların aktiv fəaliyyəti seçkilərin keçirilməsinə müsbət təsir göstərir.Bu baxımdan YAP-ın Səbail rayon təşkilatının sədrinin müavini, rayon Seçki Qərargahının sədri Muxtar Nağıyev bələdiyyə seçkilərinə fəal şəkildə hazırlaşdıqlarını bildirib. Qəzetimizə açıqlamasında M.Nağıyevin sözlərinə görə, hələ aprel ayında 11 nəfərdən ibarət yaradılan qərargahda rayonun əhatəsində olan seçki dairələrində görüləcək işlərlə bağlı təkliflər və tövsiyələr müzakirə olunmuş, müvafiq tədbirlər planı hazırlanmışdır: "Rayon ərazisində 3 bələdiyyə fəaliyyət göstərir. Həmin bələdiyyələrdə YAP-ı 41 fəal təmsil edir. Bu il isə həmin yerlərə 74 partiya üzvünün namizədliyi qeydə alınacaq. Qeyd edim ki, Səbail bələdiyyəsinə 17, Badamdar bələdiyyəsinə 15, Bibiheybət bələdiyyəsinə isə 9 nəfər üzv seçilməlidir. Namizədlər ilk təşkilatlar tərəfindən irəli sürülmüş, İdarə Heyətində nəzərdən keçirilmişdir. Demokratik respublika olan Azərbaycanda bütün seçkilər şəffaf, ədalətli, obyektiv şəraitdə keçirilir. Daha layiqlilərin yerli özünüidarəetmə orqanlarında təmsil olunmaları üçün bir yerə ən azından iki namizədin irəli sürüliməsi demokratiyanın tələblərindən irəli gələn aşkarlıq olmaqla seçiciyə öz istəyini bildirmək imkanı da yaradır".M.Nağıyev YAP-ın böyük seçki təcrübəsi olduğunu bildirərək vurğulayıb ki, hər siyasi kampaniyada olduğu kimi, qarşıdakı bələdiyyə seçkilərində də Səbail rayonu yüksək nəticələr əldə edəcək: "İnanırıq ki, 110 ilk partiya təşkilatında 23857 nəfər partiya üzvünün birləşdiyi təşkilat əvvəlki seçkilərdən fərqli olaraq qarşıdakı növbəti bələdiyyə seçkilərində də nəticələrimiz daha yüksək və uğurlu olacaq".
RƏFİQƏ KAMALQIZI