PDF Oxu

Siyasət

  • 25

Xəzər regionu dövlətləri dünyadakı digər sahilyanı ölkələrlə müqayisədə ən səmimi, dost və etibarlı tərəfdaşdırlar

Xəzər regionu dövlətləri dünyadakı digər sahilyanı ölkələrlə müqayisədə ən səmimi, dost və etibarlı tərəfdaşdırlar

Prezident İlham Əliyev: "Bizim həm ikitərəfli, həm də çoxtərəfli formatda tərəfdaşlığımız Xəzərdə təhlükəsizliyin rəhnidir"

Məlum olduğu kimi, sentyabrın 29-da Rusiya Federasiyasının Həştərxan şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammiti keçirilib.

Sammit çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin, İran prezidenti Həsən Ruhani, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə hökumətlərarası beştərəfli sazişlər imzalanıb. Xəzəryanı dövlətlərin müvafiq nazirlikləri tərəfindən Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlıq sazişi, Xəzər dənizində fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında saziş, Xəzər dənizinin su bioloji resurslarının qorunması və onlardan rasional istifadə olunması haqqında saziş imzalanıb. Sonra Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin, İran prezidenti Həsən Ruhani, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan prezidentlərinin Bəyanatını imzalayıblar.

Qeyd edək ki, Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi istiqamətində aparılan danışıqlar da son illər daha intensiv xarakter alıb və respublikamızın bu istiqamətdə səylərini gücləndirməsi öz mühüm nəticələrini göstərib. Azərbaycan, Rusiya və Qazaxıstanla Xəzərin sektorlara bölünməsinə dair sazişi gerçəkləşdirməklə dənizin hüquqi statusu ilə bağlı bütün tərəflərin iştirakını nəzərdə tutan yekun sənədin imzalanmasına əsaslı zəmin yaradıb.

Amma dənizin statusunun həllinə dair ən pozitiv addımlar və sona çatmaq üçün əlverişli mühit təxminən Bakıda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü Zirvə Görüşü olub. Bu tədbir dənizin statusunun müəyyən olunmasında mühüm və həlledici rol oynayıb, tərəflər demək olar ki, yekun sazişə imza atmağın ən son mərhələsinə qədəm qoyublar. Öz siyasi-iqtisadi məzmunu ilə mühüm əhəmiyyət kəsb edən həmin sammit bölgədə sülhün, təhlükəsizliyin möhkəmlənməsi, birgə əməkdaşlığın genişlənməsi və qarşılıqlı əlaqələrin dərinləşməsi üçün dərin əsaslar yaradıb.

Xatırladaq ki, Zirvə Görüşündə Xəzəryanı 5 ölkənin dövlət başçıları tərəfindən imzalanan Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlığa dair saziş və Birgə Bəyannamə mahiyyət etibarilə siyasi məna daşısa da, həmin sənədlər əməkdaşlığın bir çox sferalar üzrə gücləndirilməsini nəzərdə tutub. Yəni burada birgə təbii resurslardan istifadə, mineral ehtiyatların hasilatında qarşılıqlı təcrübənin tətbiq olunması, tranzit dəhlizlərinin imkanlarının səfərbər olunmasının gücləndirilməsi, ekoloji layihələrin həyata keçirilməsi və digər sahələr üzrə intensiv əlaqələrin möhkəmləndirilməsini nəzərdə tutan elementlər öz əksini tapıb. Göründüyü kimi, sahilyanı ölkələr arasında çoxkomponentli əməkdaşlıq üçün çox zəngin baza var və Bakı Zirvə Görüşü bu bazanı daha da möhkəmləndirib.

Lakin hüquqi status o demək deyil ki, Xəzər müxtəlif sərhələr və hüdudlar çərçivəsində digərləri üçün qapalı və məhdudiyyətli kommunikasiya-humanitar dəhliz rolunu oynayacaq. Bu, əsla belə deyil. Xəzər dənizi ölkələri ayırmır, əksinə birləşdirir. Bütün bu fikirlər bir daha bu reallığı ortaya qoyur: Xəzər regionu dövlətləri dünyadakı digər sahilyanı ölkələrlə müqayisədə ən səmimi, dost və etibarlı tərəfdaşdırlar, onlar arasında uzunmüddətli, davamlı və faydalı birgə güclü əməkdaşlıq təmasları mövcuddur.

Azərbaycan Prezidenti İlham Əliyev həmişə bəyan edib ki, Xəzər dənizi bütün tərəflər üçün açıq və geniş əməkdaşlıq dənizidir. Dövlət başçısının vurğuladığı kimi sahilyanı ölkələr əsrlər boyu yaxın qonşuluq şəraitində yaşayıb və onlar arasında sıx dostluq, mehriban münasibətlər mövcuddur. Sentyabrın 29-da Həştərxanda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammiti çərçivəsində çıxış edən Prezident İlham Əliyev deyib ki, bizim həm ikitərəfli, həm də çoxtərəfli formatda tərəfdaşlığımız Xəzərdə təhlükəsizliyin rəhnidir: "Xəzər üzrə qonşularımızın öz aralarında mehriban tərəfdaşlar olmaları da Azərbaycanda bizə çox xoşdur. Biz beynəlxalq təşkilatlarda həmişə bir-birimizi dəstəkləyir, fəal qarşılıqlı əlaqə saxlayırıq. Fikrimcə, bu müsbət meyillər davam etdirilməlidir və hökmən davam etdiriləcəkdir. Ona görə ki, biz bu regionda yaşayırıq. Xəzər bizim ümumi sərvətimizdir. Biz onu qoruyuruq, onu daha yaxşı qorumalıyıq və konkret işlərimizlə, o cümlədən infrastruktur layihələri ilə, investisiyalarla ölkələrimiz üçün yeni imkanlar yaratmalıyıq. Bizim ölkələrin üstünlüyü təkcə öz aramızda dostluq etməyimiz və bir-birimizə səmimi münasibət bəsləməyimiz deyil, həm də iqtisadi baxımdan özünü təmin edən dövlətlər olmağımızdır. Bizim ölkələrdə ciddi maliyyə problemləri yoxdur. Biz infrastruktura çox böyük investisiyalar qoya bilərik və bunu edirik".

Ümumiyyətlə, Azərbaycan bütün dövrlərdə öz qonşuları ilə qarşılıqlı faydalı dostluq münasibətləri qurub və bu gün sahilyanı dövlətlərlə iqtisadi-siyasi əlaqələr ən yüksək səviyyəyə çatıb. Respublikamız bu istiqamətdə hər il yeni-yeni təşəbbüslərlə çıxış edir və bu təşəbbüslərin reallaşmasına nail olur. Bütün bu atılan addımlar sahilyanı ölkələr arasında siyasi, iqtisadi, sosial, humanitar, ekoloji, mədəni əlaqələri dərinləşdirməklə yanaşı, digər region dövlətləri üçün xüsusi örnək ola biləcək müsbət tendensiyanı formalaşdırır.

Azərbaycan Xəzərin hüquqi status ilə bağlı intensiv danışıqları artıqmaqla yanaşı, özünün milli dəniz strategiyasını da hazırlayıb. Məlum olduğu kimi Azərbaycan hazırda regionda neft və qaz hasil edən mühüm ölkəyə çevrilib. Xəzər dənizinin Azərbaycana mənsub hissəsində neft və qazın hasilatı və enerji resurslarının nəqli dəniz sektorunda effektiv təhlükəsizlik sisteminin yaradılmasını tələb edir. Ölkənin milli maraqlarına təhdidlərin qarşısının alınması yalnız insan həyatını qoruyan, infrastruktur vasitələrini mühafizə edən, terror aktı və ya silahlı təcavüzdən irəli gələn ziyanı minimuma endirməyə və onların fəsadlarını qısa müddət ərzində aradan qaldırmağa yönəldilən birgə səylərlə təmin edilə bilər. Bu, dənizdə təhlükəsizliyi təmin etmək məqsədilə cəlb olunmuş aidiyyəti dövlət və qeyri-dövlət qurumlarının struktur vahidlərindən və onların tam potensialından səmərəli istifadəni, təhdidlərə qarşı vahid dövlət yanaşmasının işlənib hazırlanmasını, habelə bütün qurumlararası proqramların birləşdirilməsini və əlaqələndirilməsini tələb edir.

Buna görə də, regiondakı mövcud iqtisadi-siyasi-geosiyasi və digər faktorlar ölkəmizin dəniz təhlükəsizliyinin təmin olunması və xüsusilə dənizdə enerji infrastrukturunun mühafizəsini zəruri edir. Azərbaycan dövləti hesab edir ki, Xəzər dənizinin Azərbaycana mənsub hissəsindən və oradakı sərvətlərdən dövlətin istifadə imkanları, dənizdə respublikamızın əleyhinə yönəlmiş hər hansı diskriminasiya aktının qarşısının alınması, təbii sərvətlərdən istifadəyə və onların tədqiqinə aid olan beynəlxalq hüquqi problemlərin əlverişli şəkildə tənzimlənməsi, dənizdə effektiv nəqliyyat şəbəkəsinin yaradılması, bu şəbəkəyə nəzarət və onun təhlükəsizliyinin təmin olunması üçün dəniz təhlükəsizliyi strategiyası olduqca vacibdir.

Dəniz təhlükəsizliyi strategiyasının məqsəd və prinsipləri dənizdə təhdidlərə qarşı zəruri və effektiv tədbirlərin həyata keçirilməsi məqsədilə müvafiq qurumların vəzifə və məsuliyyətlərini müəyyən edir. Strategiya ölkəmizin dənizdəki milli təhlükəsizlik aspektlərini, Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və milli maraqlarının hər bir təhdid və təhlükədən müdafiəsi məsələlərini özündə ehtiva edir.

Dəniz təhlükəsizliyi strategiyası Xəzərin hüquqi statusunun həll olunması fonunda Azərbaycanın milli-strateji maraqlarının mühüm fundamental hissəsi sayıla bilər. Bu strategiya milli maraqların təmin olunması ilə yanaşı, Xəzərdə geniş əməkdaşlıq platformasının möhkəmlənməsini də ehtiva edir. Bir sözlə, bütün hallarda Xəzərin hüquqi statusu həll olunsa belə, Xəzərin əsrlərdən bəri dostluq və əməkdaşlıq dənizi olaraq qalacaq.

"Səs" Analitik Qrupu

Digər xəbərlər