İlham Əliyev: "Bu Bayraq Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir"
17 noyabr 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 9-nun ölkədə "Dövlət Bayrağı Günü" elan edilməsi barədə imzaladığı Sərəncamda deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan indiki dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib. Həmin fakt nəzərə alınaraq, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunub. Eyni zamanda, Azərbaycan Milli Məclisinin dekabrın 4-də keçirilən iclasında Əmək Məcəlləsinə əlavə və dəyişikliklər edilməsinə dair qanun layihəsinin qəbul edilməsi ilə 9 noyabr tarixi qeyri-iş günlərinin siyahısına daxil edilib.
Eyni zamanda, Dövlət Bayrağı Meydanının yaradılması barədə Sərəncam Prezident İlham Əliyev tərəfindən 2007-ci il noyabrın 17-də imzalanıb. Dövlət Bayrağı Meydanının təməli isə 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. 20000 kv.m ərazisi olan meydanda ucaldılmış dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır. Ginnes Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.
Dövlət Bayrağı - milli bayraq müqəddəs dövlətçilik atributlarındandır
Dövlət Bayrağı - milli bayraq müqəddəs dövlətçilik atributlarından sayılır. Çünki Dövlət Bayrağı Azərbaycan Respublikasının milli müstəqilliyini, milli azadlığını, milli dövlətçiliyini əks etdirir. Milli bayraq millətimizin, xalqımızın azadlıq və istiqlal ideallarının, milli varlığının, bəşər sivilizasiyasında özünəməxsus qədim və çağdaş mədəniyyətə sahib olduğunun təcəssümüdür. Dövlət bayrağımız Azərbaycanımızın ərazi bütövlüyü və toxunulmazlığının, dünya azərbaycanlılarının mənəvi-siyasi və mədəni birliyinin, vahidliyinin, bölünməzliyinin simvoludur. Bu bayraq millətimizin, dövlətimizin şərəf və ləyaqətinin, müqəddəslik və əbədiliyinin, sarsılmazlıq və yenilməzliyinin rəmzidir. Dövlət bayrağının məhz sadaladığımız müqəddəslik parametrlərinə görədir ki, Azərbaycan xalqını təmsil edən Prezidentin andiçmə mərasimində O, ilk olaraq DÖVLƏT BAYRAĞI önündə diz çöküb onu öpür, sonra isə ölkə Konstitusiyasına və müqəddəs "Qurani-Şərif"-ə əl basaraq aşağıdakı məzmunda and içir. Bu, o deməkdir ki, ölkə Prezidenti millətimizin, xalqımızın, dövlətimizin müstəqillik və azadlığının, şərəf və ləyaqətinin, ərazi bütövlüyü və milli birliyinin simvolu olan DÖVLƏT BAYRAĞI - üçrəngli milli bayrağımıza təzim etməklə, əslində Azərbaycan dövlətinə, onun xalqına, bütün vətəndaşlarına və dünya azərbaycanlılarına hörmət və ehtiramını ifadə etmiş olur. Heç təsadüfi deyildir ki, hərbi andiçmə mərasimləri də dövlət bayrağı önündə həyata keçirilir... Bütün bunlar onu göstərir ki, Azərbaycanın dövlət müstəqilliyinin müqəddəs simvolu olan DÖVLƏT BAYRAĞINA HÖRMƏT və EHTİRAM, milli bayrağa MİLLƏT SEVGİSİ və VƏTƏNDAŞ SAYĞISI hər bir azərbaycanlının, hər bir Azərbaycan vətəndaşının, hər bir uşağın, məktəblinin, şagirdin, tələbənin həyat idealı, milli fəxarəti məramına, Vətən qayğısına, millət duyğusuna çevrilməlidir. Bu mənada, Ulu Öndərimiz HEYDƏR ƏLİYEVİN aşağıdakı müdrik kəlamı hamıda dövlət bayrağına yeni münasibətin formalaşdırılmasının aydın proqramını verir: "Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir ... Bu, bizim müstəqil dövlətimizin rəmzidir".
Dövlət bayrağı meydanı - xalqımızın milli qürur meydanı
Xalqımız bu gün həqiqətən hədsiz qürur hissi keçirir ki, dünyanın ən uca bayrağı hazırda məhz Bakının Dövlət Bayrağı Meydanında ucalan Azərbaycan bayrağıdır. 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində çıxış edən ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirmişdir ki, 1990-cı il noyabrın 17-də ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Azərbaycanda dövlət bayrağı kimi qaldırıldı: "Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda Dövlət Bayrağı kimi təsdiq edildi".
"Bu gün Azərbaycan möhkəm əsaslar üzərində uğurla inkişaf edir. Ölkə daxilində gedən bütün proseslər müsbət istiqamətdə inkişaf edir" fikrini deyən dövlət başçısı vurğulayıb ki, bu Bayraq Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir. Beləliklə də, bu qənaətə gəlmək mümkündür ki, üçrəngli bayrağımızın müqəddəsliyi, həm də Vətənimiz Azərbaycanın əbədiliyi və müqəddəsliyidir. Çünki bu BAYRAQLARIN BAYRAĞI - AZƏRBAYCAN BAYRAĞIDIR!
RƏFİQƏ KAMALQIZI