PDF Oxu

Siyasət

  • 25

Fransa mətbuatı Dağlıq Qarabağ münaqişəsindən yazdı

Fransa mətbuatı Dağlıq Qarabağ münaqişəsindən yazdı

Fransanın nüfuzlu "www.bvoltaire.fr" internet saytında "Ermənistan Azərbaycana qarşı: bəs Fransa nə edir?" sərlövhəli məqalə dərc olunub. SİA-nın xəbərinə görə, məqalədə dünyada dondurulmuş mövcud münaqişələr arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin daha təhlükəli olduğu, münaqişənin dondurulduğu vaxtdan on illər keçməsinə baxmayaraq iki ölkə arasında gərginliyin həllini tapmadığı, Azərbaycanın əzəl ərazisi Dağlıq Qarabağın Ermənistanla sərhəddə yerləşdiyi diqqətə çatdırılır. Eyni zamanda, bildirilir ki, Fransa həmsədr dövlət kimi məsələ ilə daha çox məşğul olsa da bir irəliləyiş əldə edilməyib. Müəllif xatırladır ki, çar Rusiyasının apardığı siyasət nəticəsində XlX əsrin əvvəllərində Türkiyə və İrandan yüz minlərlə erməni köçürülərək Azərbaycanın müxtəlif regionlarında, o cümlədən Dağlıq Qarabağda yerləşdirilib. Məhz bu köçürülmə nəticəsində bölgədə ermənilərin sayı artmış və keçən əsrin sonlarında Dağlıq Qarabağ erməniləri öz müqəddəratlarını təyin etmək kimi mənasız fikrə düşüblər. SSRİ-nin süqutundan sonra Ermənistan bölgədə yaşayan ermənilərin hüquqlarını "müdafiə etmək" bəhanəsi ilə Azərbaycana qarşı elan olunmamış müharibə aparmağa başlayıb. Həmçinin məqalədə, beynəlxalq vasitəçilik sayəsində 1994-cü ildə hər iki ölkə arasında atəşkəs barədə razılıq əldə edildiyi, müharibə zamanı minlərlə insanın həlak olduğu, bir milyondan artıq azərbaycanlının doğma torpaqlarından didərgin salınaraq öz doğma vətənlərində qaçqın və məcburi köçkün həyatı yaşadıqları barədə fransız oxucularına ətraflı məlumat verilib. Bununla yanaşı, məqalədə, Ermənistanın işğal etdiyi əraziləri Azərbaycana qaytarmaqdan boyun qaçırdığı, 1992-ci ildə münaqişənin sülh yolu ilə həllinə cavabdeh üç ölkənin - Fransa, Rusiya və Amerikanın həmsədrliyi ilə ATƏT-in Minsk qrupunun yaradıldığı qeyd olunub. Fransanın Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərinin dəfələrlə təşəbbüskarı olduğu xüsusi vurğulanan məqalədə, bu görüşlərin çoxunun nəticəsiz qaldığı, Ermənistanın heç bir beynəlxalq təşkilat və ölkə tərəfindən tanınmayan oyuncaq "Dağlıq Qarabağ Respublikası" prezidentinin də danışıqlara cəlb edilməsi istiqamətində səylərinin boşa çıxdığı, Azərbaycanın Ermənistanın qeyri-qanuni yolla ərazilərinin işğalına heç vəchlə razı olmayacağı, torpaqlarını azad etmək üçün digər imkanlardan istifadə edəcəyi və həmsədr ölkələr qarşısında bunu dəflərlə bildirdiyi diqqətə çatdırılıb. Oktyabr ayının sonlarında Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə görüşlərinin keçirildiyi məqalədə bir daha qeyd edilir, bu görüşün nəticələri münaqişənin sülh yolu ilə həlli istiqamətində müsbət dəyərləndirilib. Bildirilib ki, Fransanın rolu ilə baş tutan bu görüş münaqişənin konstruktiv danışıqlar yolu həllində ilkin addımlardır.(AzərTAc)

sia.az

Digər xəbərlər