"Azərbaycanda Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılması üçün 2010-cu ildən fəaliyyət göstəririk". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev deyib.Deputatın sözlərinə görə, komissiyanın yaradılması prosseduru AHİK, Hökumət və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası arasında imzalanan Baş Kollektiv Sazişin müddəalarında öz əksini tapıb: "Hesab edirəm ki, artıq bu məsələ öz həllini tapmaq üzrədir. Həmkarlar ittifaqlarının bütün üzvlərini bu koomissiyanın yaradılması işinə cəlb etmişik. Bunun üçün apardığımız sorğuların nəticəsi göstərib ki, bu komissiyanın yaradılması vacibdir. Hazırda Komissiyanın yaradılması istiqamətində bəzi fikir ayrılıqları var. Ancaq bu iş baş tutandan sonra bütün fikir ayrılıqlarını bir yerə toplayaraq, müzakirə edəcək və bununla bağlı ortaq məxrəcə gələcəyik".Konfederasiya sədri vurğulayıb ki, komissiyanın yaradılması ölkədə sosial ədalətin inkişafına təkan verəcək: "Biz gələcəkdə sosial islahatlar aparmaqla, narazı işçilərin problemlərinin həllinə dəstək olacaq və bununla onların mitinqlər keçirməsinə imkan verməyəcəyik. Azərbaycanda bir müddət əvvəl əməyin mühafizəsi ilə bağlı üçtərəfli komissiya yaradılandan sonra iş yerlərində bədbəxt hadisələrin sayı azalıb. Ümid edirəm ki, gələcəkdə sosial yönümlü qanunların qəbul edilməsinə zərurət yaransa, bu qanunlar müzakirə olunmaq üçün üçtərəfli komissiyalara göndəriləcək və bu qanunların qəbulu üçün komissiyaların rəyi nəzərə alınacaq".
sia.az