"Hesab edirəm ki, İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfərində ikitərəfli münasibətlər üstünlük təşkil edəcək". Bunu SİA-ya politoloq Qabil Hüseynli İran prezidenti Həsən Ruhaninin Azərbaycana gözlənilən səfərinə və burada müzakirə olunacaq məsələlərə münasibət bildirərkən deyib.Politoloqun sözlərinə görə, İran tərəfi çalışır ki, rəsmi Bakı da onun kimi viza rejimini aradan qaldırsın və yaxud sadələşdirsin: "Bununla belə, İran Şimal-Cənub dəmir yolu layihəsinin həyata keçirilməsini istəyir. Təbii ki, bunun üçün də Azərbaycanın Astara rayonu ilə İran arasında körpü tikilməsi məsələsi var. Heç şübhəsiz ki, bu məsələlər də gündəmə gələ bilər. Həmçinin İran ticarət əlaqələrini genişləndirmək və öz ölkəsindən Azərbaycana mal göndərilməsini çoxaltmaq istəyir. İran Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində vasitəçi olmaq istəyir. Yəqin ki, onun bu fikri həmin səfər çərçivəsində müzakirə olunacaq".Qeyd edək ki, İran prezidenti Həsən Ruhani gələn həftə Azərbaycana səfər edəcək. Bu barədə İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Mahmud Vaizi bildirib. Onun sözlərinə görə, Ruhaninin Azərbaycana səfəri çərçivəsində 10 sənədin imzalanması gözlənilir.
sia.az