Prezident İlham Əliyev Macarıstanda işgüzar səfərdə olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Macarıstana işgüzar səfərə gəlib. Budapeştin Ferents List Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Macarıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban birgə şam ediblər.
Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Macarıstanın Baş naziri Viktor Orbanın geniş tərkibdə görüşü olub. Macarıstanın Baş naziri Azərbaycan Prezidentini parlament binasının önündə qarşılayıb. Sonra rəsmi foto çəkdirilib. Macarıstan hökumətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Baş nazir Viktor Orbana təqdim olunub. Geniş tərkibdə görüşdə çıxış edən Macarıstanın Baş naziri Viktor Orban Prezident İlham Əliyevin səfərinin əhəmiyyətini yüksək qiymətləndirib, ölkənin parlamentində və ümumiyyətlə siyasi həyatında Azərbaycana böyük marağın olduğunu vurğulayıb. "Bizim hər birimiz ölkənizdə əldə olunan tərəqqini böyük heyranlıqla izləyirik", - deyən Baş nazir Viktor Orban Azərbaycanın iqtisadi tərəqqisinin, o cümlədən qeyri-neft sektorunun uğurlu inkişafının Macarıstanda maraqla izlənildiyini diqqətə çatdırıb.
Macarıstanın Baş naziri onunla Prezident İlham Əliyev arasında dostluq münasibətlərinin ikitərəfli əməkdaşlığımızın inkişafında rolunu vurğulayıb, əlaqələrimizin daha da genişlənməsi üçün yaxşı potensialın olduğunu qeyd edib. Sonra Prezident İlham Əliyev çıxış edib. Azərbaycan Prezidenti bildirib ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər uğurla inkişaf edir və əlaqələrimiz qarşılıqlı etimada söykənir. Ölkələrimiz arasında güclü siyasi əlaqələrin olduğunu deyən Prezident İlham Əliyev iqtisadi sahədə də münasibətlərin uğurla inkişaf etdiyini, ticarət dövriyyəsinin artdığını və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin mövcudluğunu vurğulayıb. İmzalanacaq sənədlərin əhəmiyyətindən danışan dövlətimizin başçısı onların ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün yaxşı hüquqi baza yaratdığını bildirib. Söhbət zamanı əlaqələrimizin yeni imkanlarının nəzərdən keçirilməsinin önəmi vurğulanıb, birgə hökumətlərarası komissiyanın fəaliyyətinin bu baxımdan əhəmiyyəti qeyd edilib. Azərbaycan ilə Macarıstan arasında enerji, təhsil, humanitar, əczaçılıq, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığın perspektivlərinin müəyyən edilməsinin vacibliyi diqqətə çatdırılıb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həmçinin Avropa İttifaqı çərçivəsində əməkdaşlıq, regional və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyevin və Baş nazir Viktor Orbanın geniş tərkibdə görüşündən sonra Azərbaycan-Macarıstan sənədləri imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban "Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə"ni imzaladılar. Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və Macarıstanın iqtisadi tənzimləmələr üzrə dövlət katibi Bela Qlatfelder "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Macarıstanın Milli İqtisadiyyat Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş"i imzaladılar. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Budapeşt şəhərinin meri İştvan Tarloş "Bakı Şəhər İcra Hakimiyyəti (Azərbaycan Respublikası) ilə Budapeşt Şəhər Meriyası (Macarıstan) arasında dostluq və əməkdaşlıq haqqında Protokol"u imzaladılar.
Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Macarıstanın qida məhsullarına nəzarət üzrə dövlət naziri Robert Şiqo "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında heyvan sağlamlığı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu imzaladılar. Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Macarıstanın milli inkişaf naziri Miklos Şestak "Azərbaycan Respublikasının Hökuməti ilə Macarıstan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"i imzaladılar. Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov və Macarıstanın milli inkişaf naziri Miklos Şestak "Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Macarıstanın Milli İnkişaf Nazirliyi arasında Azərbaycan Respublikasında Regional Məlumat Mərkəzinin yaradılması və innovativ texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq haqqında Saziş"i imzaladılar. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında idman və gənclər sahələrində əməkdaşlıq haqqında Saziş"i imzaladılar. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto "Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə İş Proqramı"nı imzaladılar.
Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Macarıstanın Baş naziri Viktor Orban və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata birgə bəyanatlarla çıxış ediblər. Macarıstanın Baş naziri Viktor Orban:
"Gördüyünüz kimi, biz bir sıra mühüm strateji sənədləri imzaladıq. Aydındır ki, bu sazişlər həm Macarıstanın, həm də Azərbaycanın maraqlarına xidmət edir. Eyni zamanda, imzalanmış bu sənədlər Avropa İttifaqının da maraqlarına uyğundur. Çünki 1996-cı ildən etibarən Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq sazişləri imzalanmışdır. Daha sonra bu sazişlər bir neçə dövlət tərəfindən ikitərəfli əsasda yenilənmişdir. Bunların sayəsində Azərbaycan ilə çox uğurlu əməkdaşlıq həyata keçirilir. Çox şadam ki, Macarıstan da həmin Avropa İttifaqı dövlətlərinin sırasındadır və ölkələrimiz arasında uğurlu əməkdaşlıq davam edir.
Biz Azərbaycanı çox dəyərli bir tərəfdaş kimi qiymətləndiririk. Çünki Azərbaycan Avropa və Asiya arasında böyük bir körpüdür.
Azərbaycan enerji resurslarından səmərəli istifadə yolu ilə iqtisadiyyatının digər sahələrini də uğurla inkişaf etdirərək dünya liderinə çevrilmiş bir ölkədir. Burada Azərbaycanı ona görə vurğulamaq istərdim ki, ölkənin Prezidenti böyük işlər görüb. Eyni zamanda, cənab Prezidentin mərhum atası da dövlətçiliyin gücləndirilməsində böyük işlər görüb. Azərbaycana səfər edən hər bir insan bunun şahidi olur. Onun xatirəsinə böyük və dərin ehtiramımız vardır.
Cənab Prezident, ölkələrimiz arasında imzalanmış sənədlər iqtisadi inkişaf baxımından çox gözəl şərait yaradır. Bu gün mən onu qeyd edə bilərəm ki, bu il Macarıstanda iqtisadi artımı üç faiz təşkil edir. Təbii ki, Azərbaycan dövlətinin başçısının yanında bu rəqəmlərlə öyünmək bir az çətindir. Biz belə bir razılığa gəldik ki, hər iki ölkə dinamik şəkildə inkişaf edir və qarşılıqlı tələbatı nəzərə alaraq müxtəlif sahələri daha da inkişaf etdirə biləcəyik. Ticarət dövriyyəsi artmaqdadır. Amma qeyd etmək istərdim ki, potensialımız daha böyükdür. Bu gün imzaladığımız sənəd bizdə böyük ümid doğurur ki, gələcək illərdə də əməkdaşlığımıza çox güclü bir təkan veriləcəkdir. Bizim xüsusi əhəmiyyət verdiyimiz sahələrdən biri enerjidir. Bu, hazırda dünya siyasətinin prioritet məsələlərindən biridir. Bu sahədə bir çox müzakirələr aparılır, amma zənnimcə, konkret işlər görən ölkələr azdır. Bu sahədə Azərbaycan nümunə ola bilər.
Mən cənab Prezidentə bir daha dedim ki, ölkə üçün bizim prioritetimiz enerjinin qiymətini ABŞ səviyyəsinə çatdırmaqdan ibarətdir. Bunun üçün isə bizim tərəfdaşlara ehtiyacımız var və burada Azərbaycan müstəsna rol oynaya bilər. Bu, bizim strateji maraqlarımıza uyğundur. Bu, təkcə Macarıstan üçün deyil, Avropa İttifaqı üçün çox vacibdir ki, Azərbaycan qazı Avropaya nəql edilsin. Hazırda imzalanan sazişlər nəticəsində Azərbaycan qazı Cənubi Avropaya nəql ediləcəkdir. Növbəti illərdə isə müvafiq infrastruktur yaradılmalıdır ki, Azərbaycan qazı Mərkəzi Avropaya yol tapsın. Bunun üçün qonşu dövlətlər öz aralarında əlaqələndirici kəmərlər inşa etməlidirlər. Bu sahədə Avropa İttifaqı olduqca az iş görüb. Amma biz nümunəvi ölkə olmalıyıq və qonşu ölkələrdən qaz ala biləcəyimizi nümayiş etdirməliyik. Bunun üçün isə biz bütün imkanlardan və fürsətlərdən istifadə edəcəyik.
Diqqətinizə çatdırmaq istərdim ki, bu regionda heç də bütün dövlətlər bizim kimi düşünmür. Bizim bir neçə qonşumuz var ki, hələ də bu sahədə müvafiq şərait və imkanlar yarada bilməyib. Bunu etmədən biz Azərbaycan qazını Macarıstana nəql edə bilməyəcəyik. Ona görə də bu fürsətdən istifadə edərək qonşu dövlətlərə səslənirəm və Avropa İttifaqındakı tərəfdaşlarımızı dəvət edirəm ki, vahid enerji bazarının yaradılması üçün zəruri addımlar atsınlar." Azərbaycan Prezidenti İlham Əliyev: "Dünən və bu gün keçirdiyimiz görüşlər, apardığımız fikir mübadiləsi bir daha onu göstərir ki, əlaqələrimiz, doğrudan da strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. Eyni zamanda, bir daha qeyd etmək istəyirəm ki, Budapeştdə olmaq həmişə böyük sevincdir. Çünki Budapeşt dünyanın ən gözəl şəhərlərindən biridir. Sizin rəhbərliyinizlə və Budapeşt sakinlərinin istəyi ilə şəhər, tarixi keçmişiniz qorunur, bütün tarixi binalar bərpa edilir və bu, haqlı olaraq Sizə, ölkənizə, xalqınıza bizim etimadımızı, inamımızı və hörmətimizi artırır.
O ki qaldı bizim ikitərəfli münasibətlərimizə, biz bu əlaqələrin inkişafına böyük nikbinliklə baxırıq. Əminəm ki, gələcəkdə bu əlaqələr daha da sürətlə inkişaf edəcək. Bu gün imzalanan sazişlər də əslində bizim niyyətimizi göstərir. Onu göstərir ki, bizim əlaqələrimiz çoxşaxəlidir, müxtəlif sahələri - iqtisadi, siyasi, humanitar sahələri əhatə edir. Əlbəttə ki, bu sazişlərin arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə xüsusi yer tutur. Çünki bu, müfəssəl bir sənəddir, bizim gələcək illərdə birgə icra ediləcək layihələrimizin uğurla nəticələnəcəyini təmin edəcəkdir. Deyə bilərəm ki, strateji tərəfdaşlıq haqqında Bəyannamə gələcəkdə Avropa İttifaqı ilə Azərbaycan arasında mümkün olan sazişlər üçün də gözəl zəmindir. Çünki bu sənəddə əməkdaşlığımızın bütün istiqamətləri öz əksini tapıb. Əlbəttə, bu səviyyəyə çatmaq üçün siyasi əlaqələr prioritet xarakter daşıyır. Bu əlaqələr çox müsbətdir, gözəldir.
O ki qaldı enerji məsələlərinə, burada bizim əməkdaşlığımız üçün çox gözəl imkanlar var. Azərbaycan Avropa üçün yeni enerji mənbələrinin təmin edilməsində öz rolunu oynayır. Azərbaycan "Cənub" qaz dəhlizinin təşəbbüskarıdır. Şadam ki, "Cənub" qaz dəhlizi artıq icra edilir. İki ay bundan əvvəl Bakıda təntənəli mərasim keçirilmişdir və biz artıq yeni qaz kəmərinin tikintisinə başlayırıq. Əslində bu, Avropanın enerji xəritəsinə yeni əlavələr edəcək. Əslində bu, enerji xəritəsi dəyişdiriləcək və Azərbaycanın çox zəngin qaz resursları Avropa bazarına nəql ediləcəkdir. Bizim "Cənub" qaz dəhlizi ilə bağlı konkret iş qrafikimiz var. Əminəm ki, Azərbaycan qazı Avropaya vaxtında - 2018-2019-cu illərdə nəql ediləcəkdir. Burada əlbəttə, əlaqələndirmə işləri yüksək səviyyədə aparılmalıdır. Həm ikitərəfli formatda, eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan arasındakı məsələlər də öz həllini tapmalıdır. Çünki biz istəyirik ki, bu layihəni vaxtında icra edək. Çünki bu, həm bizə, həm də Avropaya lazımdır. Bu, Avropa üçün yeni, alternativ bir qaz mənbəyi olacaqdır. Bizim üçün isə Avropa bazarı ən əlverişli bazardır. Yəni, burada bizim maraqlarımız birləşir."
Noyabrın 11-də Budapeştdə Azərbaycan-Macarıstan biznes forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban biznes forumda iştirak ediblər.
Forumun aparıcısı, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ölkəmiz, onun yerləşdiyi coğrafi region barədə tədbir iştirakçılarına məlumat verdi, son illərdə Azərbaycanda həyata keçirilən iqtisadi inkişaf proseslərindən danışdı. O, son on ildə iqtisadi sahədə ölkəmizdə əldə olunan artım tempinin davam etdiyini və bunun da bir çox sahələrin inkişafına ciddi təkan verdiyini vurğuladı. Son illərdə Azərbaycan ilə Macarıstan arasında uğurlu siyasi-iqtisadi əməkdaşlığın yarandığını bildirən xarici işlər və ticarət naziri bu biznes forumun əhəmiyyətini vurğuladı, onun ikitərəfli əməkdaşlığa mühüm töhfə verəcəyini bildirdi. Biznes forumda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev səfər çərçivəsində imzalanan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin əhəmiyyətindən danışdı. "Azərbaycan və Macarıstan strateji tərəfdaşlardır və bu, Avropa İttifaqı çərçivəsində də əməkdaşlıq baxımından əhəmiyyətlidir", - deyən Prezident İlham Əliyev ölkələrimiz arasında iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyini, yüksək siyasi əlaqələrin biznes münasibətləri üçün də yaxşı şərait yaratdığını diqqətə çatdırdı. "Mən istəyirəm ki, macar iş adamları Azərbaycanda daha çox təmsil olunsunlar", - deyən dövlətimizin başçısı macar şirkətləri ilə əsasən enerji, kənd təsərrüfatı, kosmos sənayesi və digər sahələrdə uğurlu əməkdaşlıq qurulacağına ümidvar olduğunu bildirdi.
Prezident İlham Əliyev son illərdə ölkəmizdə gedən iqtisadi inkişaf prosesləri barədə forum iştirakçılarına məlumat verdi. Bildirdi ki, təkcə ötən il Azərbaycana 28 milyard dollar investisiya qoyulub. Bu da ölkəmizdə əlverişli investisiya mühitinin olmasından xəbər verir. Prezident İlham Əliyev macar şirkətlərini "Cənub" qaz dəhlizi kimi iri layihələr reallaşdıran Azərbaycan ilə sıx əməkdaşlıq qurmağa çağırdı.
Sonda dövlətimizin başçısı Macarıstanın yerləşdiyi regionda müstəqillik rəmzi olduğunu bildirdi və bu uğurlar münasibətilə təbriklərini çatdırdı. Macarıstanın Baş naziri Viktor Orban hazırda bütün bəşəriyyətin çətin dövr yaşadığını, dünyanın bir çox yerində münaqişələrin olduğunu vurğuladı, 2008-ci ildən hökm sürən iqtisadi böhranın Macarıstana təsirindən danışdı. Viktor Orban Azərbaycan ilə Macarıstan arasında biznes əlaqələrinə toxundu, ölkələrimizin əməkdaşlıq naminə birgə addımlamaqda qərarlı olduğunu bildirdi. Azərbaycanın dünyəvi dövlət olduğunu, həm ölkəmizdə, həm də Macarıstanda ənənəvi dəyərlərə böyük önəm verildiyini deyən Viktor Orban respublikamızın iqtisadi baxımdan böyük nailiyyətlər əldə etdiyini söylədi. "Azərbaycanın enerji resurslarından istifadə etməklə digər sahələrdə inkişafın təmin olunmasında böyük nailiyyətləri var", - deyən Viktor Orban imzalanan sazişlərin əhəmiyyətini vurğuladı. O, "Cənub" qaz dəhlizinin inşasının önəmini qeyd etdi, Azərbaycan qazının Avropaya çatdırılmasının böyük əhəmiyyət daşıdığını dedi. "Azərbaycan bizim üçün dost ölkədir", - deyən Macarıstanın Baş naziri Avropa İttifaqı və Avrozonanın gələcəyi ilə bağlı fikirlərini də bölüşdü.
Forum çərçivəsində Azərbaycan və Macarıstan şirkətləri arasında ümumi əməkdaşlıq, məlumat mübadiləsi, tədbirlərin təşkilində qarşılıqlı dəstək, yeni müəssisələrin yaradılması, daşınmaz əmlakın inkişafı və idarə edilməsi, Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən yeni və innovativ müəssisələrin inkişafına töhfə vermək məqsədilə investisiya imkanlarının yaradılmasına dəstəklə bağlı müxtəlif sənədlər imzalandı. İmzalanan sənədlərdə kənd təsərrüfatı, heyvandarlıq və ovçuluq, həmçinin nəqliyyat və su təchizatı ilə bağlı məsələlər də əksini tapdı. Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban birgə nahar ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri noyabrın 11-də başa çatıb. Budapeştin Ferents List Beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Macarıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.