İlham Əliyev: "Azərbaycanın hərtərəfli yüksəlişi elə olmalıdır ki, təkcə ölkəmizin paytaxtı yox, bütün şəhərlər, bütün rayonlar inkişaf etsin"
Azərbaycan iqtisadiyyatının dayanıqlı və davamlı inkişafını özündə təcəssüm etdirən milli sosial-iqtisadi modelin başlıca istiqamətləri ölkə iqtisadiyyatının dinamik inkişafı, dünya iqtisadiyyatına inteqrasiyası və Azərbaycan vətəndaşlarının rifahının yüksəldilməsidir. Bu modelin müvəffəqiyyətlə icra olunması nəticəsində Azərbaycanın genişmiqyaslı uğurları ardıcıl xarakter almış, ölkəmiz ərzaq və enerji təhlükəsizliyini təmin edərək öz siyasi və iqtisadi müstəqilliyinə nail olmuşdur.
Güclü dövlət, yüksək rifah
Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar siyasəti "Güclü dövlət, yüksək rifah" prinsipinə əsaslanır. Bu siyasətin başlıca istiqamətlərindən biri isə ölkənin regionlarının tarazlı inkişafıdır. Belə ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq olunan regionların davamlı iqtisadi inkişaf strategiyası ölkə Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıllıqla davam etdirilməklə bölgələrin sürətli inkişafına, ölkəmizdə liberal, ünvanlı və kompleks dövlət proqramlarına əsaslanan sosial-iqtisadi siyasətin uğurla həyata keçirilməsinə imkan yaratmışdır. Möhtərəm Prezidentin dediyi kimi: "Azərbaycanın hər bir yerində quruculuq-abadlıq işləri aparılır, regionların sosial-iqtisadi inkişafı proqramı icra edilir. Əlbəttə, bu proqram həm yeni iş yerlərinin açılmasına xidmət edir, eyni zamanda, bölgələrin sosial problemlərinin aradan qaldırılmasına kömək göstərir. Ölkəmiz məhz bu istiqamətdə inkişaf etməlidir. Güclü iqtisadiyyatla yanaşı, insanlara qayğı və diqqət də ən yüksək səviyyədə olmalıdır".
Gələn il aylıq yaşayış minimumu 131 manat olacaq
Əhalinin maddi rifah halının yaxşılaşdırılması dövlətimizin sosial siyasətinin prioritet istiqamətidir. Son 10 ildə ölkədə büdcə prosesinin (büdcənin tərtibi, təsdiqi, icrası və icrasına nəzarət) beynəlxalq standartlara uyğunlaşdırılması, onun şəffaflığı istiqamətində də mühüm addımlar atılmış, işlək qanunvericilik bazası yaradılmışdır. Xüsusilə də, son illər bu sahədə ardıcıl tədbirlərin həyata keçirilməsi nəticəsində maaşların, pensiya və müavinətlərin həcmi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Şübhəsiz ki, burada büdcə vəsaitlərinin ildən-ilə artması, işsizliyin səviyyəsinin getdikcə aşağı düşməsi mühüm rol oynayır. Faktlara diqqət yetirək: 2015-ci ildə dövlət büdcəsinin gəlirləri nominal ifadədə 19 mlrd. 438 mln. manat, xərcləri isə 21 mlrd. 100 mln. manat həcmində proqnozlaşdırılır.
2015-ci ilin dövlət və icmal büdcələrinin layihələrinə istinadən dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 32,5 faizi, xərcləri isə 35,2 faizi həcmində olacaq. Dövlət büdcəsinin 2015-ci il üçün proqnozlaşdırılan gəliri 2014-cü ilin proqnozu ilə müqayisədə 5,7 faiz çox, 2013-cü ilin faktiki göstəricisi ilə müqayisədə isə 0,3 faiz azdır. Xərclərə gəldikdə isə bu göstəricilər müvafiq olaraq 5,2 faiz və 10,2 faiz çoxdur. 2015-ci ilin dövlət və icmal büdcələrinin layihələrinə əsasən gələn ilin dövlət büdcəsində 1662 mln. manat kəsir proqnozlaşdırılır. 2015-ci ilin neft gəlirləri xam neftin 1 barreli üçün 90 ABŞ dolları ilə hesablanıb. 2015-ci ilin dövlət büdcəsində müdafiə xərcləri 1 mlrd. 778,5 mln. manat proqnozlaşdırılıb. Bu da 2014-cü ilin proqnozu ilə müqayisədə 8,6 faiz çoxdur. Belə ki, 2014-cü ilin proqnozunda müdafiə xərcləri 1 mlrd. 637,4 mln. manat təşkil edib. 2015-ci ilin dövlət büdcəsində sosial ipotekanın tətbiqinin genişləndirilməsi üçün İpoteka Fonduna 50 mln. manat vəsait nəzərdə tutulub. Bu da 2014-cü illə müqayisədə 10 mln. manat və yaxud 25 faiz çoxdur.
Sahibkarlığın inkişaf etdirilməsi, onlara güzəştli kreditlərin verilməsi üçün isə gələn ilin dövlət büdcəsində Sahibkarlığa Kömək Milli Fonduna 100 mln. manat vəsait nəzərdə tutulub. Büdcə kəsirinin örtülməsi qiymətli kağızların yerləşdirilməsi, özəlləşdirmədən daxilolmalar və sair vəsaitlər hesabına bağlanacaq. İcmal büdcəsinin gəlirləri 20 mlrd. 717 mln. manat, xərcləri 25 mlrd. 911 mln. manat proqnozlaşdırılır. Naxçıvan Muxtar Respublikasının gəlir və xərcləri bərabər həcmdə 367 mln. manat məbləğində proqnozlaşdırılır. Sosial yönümlü xərclərə 5 mlrd. 826 mln. manat nəzərdə tutulub. Gələn ilin dövlət büdcəsində təhsil xərcləri 3,5 faiz, səhiyyə xərcləri 7,2, müdafiə xərcləri 8,6 faiz artıb. Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi üçün dövlət büdcəsində 60 mln. manat vəsait nəzərdə tutulub. Xüsusilə, manatın son dövrdəki inflyasiyasını araşdırandan sonra aydın oldu ki, hazırkı 131 manat əhalinin alıcılıq qabiliyyətinə görə əvvəlki illərə nisbətən yüksək rəqəmdir.
Son illər pensiya sistemində də yeniləşməyə mühüm önəm verilir. 2006-cı ildən etibarən yeni üçpilləli pensiya sisteminin tətbiq olunmasına başlanmışdır. Bu prosesdən 2012-ci ilədək olan müddət ərzində Dövlət Sosial Müdafiə Fondunun xərcləri 4,4 dəfə artaraq 2,5 milyard manata çatmışdır. Fondun gəlirləri isə 4,1 dəfə artmışdır. Beləliklə, qeyd edilən dövr ərzində 2003-cü ilə nisbətən orta aylıq əmək pensiyalarının məbləğində 8 dəfəyədək artım baş vermişdir.
Beləliklə, bütün bu faktlar onu bir daha sübut edir ki, Azərbaycanın 2015-ci il üzrə dövlət büdcəsinin layihəsi ölkənin inkişaf strategiyasına uyğun hazırlanıb və əhalinin sosial-rifah halının yüksəldilməsinə əsaslanan faktordur.
RƏFİQƏ KAMALQIZI