Xəbər verdiyimiz kimi, noyabrın 11-də Budapeştdə Azərbaycan-Macarıstan biznes forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban biznes forumda iştirak ediblər. Forumun aparıcısı, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ölkəmiz, onun yerləşdiyi coğrafi region barədə tədbir iştirakçılarına məlumat verdi, son illərdə Azərbaycanda həyata keçirilən iqtisadi inkişaf proseslərindən danışdı. O, son on ildə iqtisadi sahədə ölkəmizdə əldə olunan artım tempinin davam etdiyini və bunun da bir çox sahələrin inkişafına ciddi təkan verdiyini vurğuladı. Son illərdə Azərbaycan ilə Macarıstan arasında uğurlu siyasi-iqtisadi əməkdaşlığın yarandığını bildirən xarici işlər və ticarət naziri bu biznes forumun əhəmiyyətini vurğuladı, onun ikitərəfli əməkdaşlığa mühüm töhfə verəcəyini bildirdi. Azərbaycan Prezidenti İlham Əliyev biznes forumda çıxış edib. Prezident İlham Əliyev öz çıxışında qeyd edib ki, biznes forumu çərçivəsində imzalanan sazişlər də konkret xarakter daşıyır və onlar müxtəlif sahələri əhatə edir:
"Bu gün bizim aramızda strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Bu, tarixi bir sənəddir. İlk növbədə ona görə ki, Macarıstan-Azərbaycan əlaqələrinin gələcəyini müəyyən edir. Demək olar ki, bütün sahələr o Bəyannamədə əksini tapıb. Biz haqlı olaraq bir-birimizi strateji tərəfdaş adlandırırıq. Eyni zamanda, həmin sənədin mahiyyəti ondan ibarətdir ki, Avropa İttifaqının üzvü olan Macarıstan bu Bəyannaməni Azərbaycan ilə qəbul edib. Beləliklə, gələcəkdə mümkün olan Avropa İttifaqı-Azərbaycan əlaqələrini tənzimləyən sənəd üçün gözəl əsas vardır.
Mən bir məqamı xüsusi qeyd etmək istəyirəm. Çünki hər iki ölkənin biznes qurumlarının burada əyləşən nümayəndələri yaxşı bilirlər ki, biznes imkanlarının genişləndirilməsi və biznes qurumlarının rahatlığı üçün mütləq iki ölkə arasında çox səmimi münasibətlər olmalıdır. Biznes nümayəndələri özlərini məhz dost ölkələrdə rahat hiss edirlər, onların işi daha da uğurlu olur. Mən çox istəyirəm ki, Azərbaycanda Macarıstan şirkətlərinin sayı çoxalsın. Buna nail olmaq üçün son illər ərzində bir çox tədbirlər görülüb. Ticarət dövriyyəmiz qısa müddət ərzində böyük dərəcədə artıb. Artım üçün yeni imkanlar var."
Prezident İlham Əliyev bildirib ki, biznes forumu çərçivəsində imzalanan sazişlər də konkret xarakter daşıyır və onlar müxtəlif sahələri əhatə edir. Beləliklə, gələcəkdə Macarıstan şirkətlərinin Azərbaycandakı fəaliyyəti daha da təsirli olacaq:
"Biz istəyirik ki, bütün layihələrimizdə Macarıstan şirkətləri iştirak etsin. Layihələr isə çoxdur. Azərbaycanda çox böyük işlər görülür, investisiya qoyuluşu təmin edilir. Təkcə keçən il ölkə iqtisadiyyatına 28 milyard dollar sərmayə qoyulub. Onların 70 faizi daxili investisiyalardır. Daxili investisiyaların böyük əksəriyyəti dövlət xətti ilə qoyulan sərmayədir. Biz istəyirik ki, gözəl siyasi əlaqələrimiz möhkəm iqtisadi əlaqələrlə də tamamlansın. Buna nail olmaq üçün bütün imkanlar var. Macar şirkətləri hansı sahələrdə daha da uğurla fəaliyyət göstərə bilər?.
Hesab edirəm ki, energetika sahəsində.
Çünki gələcəkdə bu sahədə bizim aramızda çox sıx əməkdaşlıq olacaq. Azərbaycanın icra etdiyi "Cənub" qaz dəhlizi layihəsi həm bizim region, həm də Avropa üçün böyük imkanlar açır. Yeni kontraktlar icra ediləcək, inşaat sahəsində böyük işlər görüləcək. Bu layihə çərçivəsində ən azı 45 milyard dollar investisiya qoyuluşu gözlənilir. Macarıstan şirkətləri əlbəttə ki, bu layihələrdə iştirak etməlidirlər. Nəqliyyat sektorunda böyük imkanlar vardır. Energetika, kənd təsərrüfatı sahələrində Macarıstanın çox böyük təcrübəsi var. Biz də kənd təsərrüfatının inkişafına böyük önəm veririk. Çoxsaylı subsidiyalar verilir ki, biz özümüzü kənd təsərrüfatı məhsulları ilə tam şəkildə - 100 faiz təmin edək, daha idxaldan asılı olmayaq. Bu sahədə də artıq əməkdaşlıq edilir. Bunun gözəl nəticələri vardır.
Bu gün imzalanan sazişlər arasında informasiya-kommunikasiya sahəsini xüsusilə qeyd etmək istəyirəm. Azərbaycan bu sahəyə də investisiyalar qoyur. Artıq birinci Azərbaycan telekommunikasiya peyki - "Azərspace-1" orbitə çıxarılıbdır. Biz ikinci və üçüncü peyklərin orbitə buraxılması ilə bağlı işlər aparırıq, bu sahədə də imkanlar var. Yəni, bunlar perspektivli sahələrdir. Bu sahələrdəki infrastruktur layihələrinin icrasında Macarıstan şirkətləri çox fəal iştirak edə bilərlər. Bilirəm ki, su təsərrüfatının təkmilləşdirilməsi üçün indi Macarıstan şirkətləri Azərbaycanda bizimlə əməkdaşlıq edəcəklər. Həmçinin digər sahələrdə - kənd yollarının, magistral yolların, dəmir yollarının tikintisində də. Bütün bu sahələr bu gün Azərbaycanın qısamüddətli inkişaf proqramında öz əksini tapıb. Sadəcə olaraq bu layihələrə qoşulmaq lazımdır. Bir daha demək istəyirəm, çıxışımın əvvəlində səsləndirdiyim kimi, bu gün bizim aramızda olan əlaqələr o qədər yüksək səviyyədədir ki, həm Azərbaycan, həm Macarıstan investorları, şirkətlər özlərini rahat hiss edəcəklər."
Macarıstanın Baş naziri Viktor Orban hazırda bütün bəşəriyyətin çətin dövr yaşadığını, dünyanın bir çox yerində münaqişələrin olduğunu vurğuladı, 2008-ci ildən hökm sürən iqtisadi böhranın Macarıstana təsirindən danışdı. Viktor Orban Azərbaycan ilə Macarıstan arasında biznes əlaqələrinə toxundu, ölkələrimizin əməkdaşlıq naminə birgə addımlamaqda qərarlı olduğunu bildirdi. Azərbaycanın dünyəvi dövlət olduğunu, həm ölkəmizdə, həm də Macarıstanda ənənəvi dəyərlərə böyük önəm verildiyini deyən Viktor Orban respublikamızın iqtisadi baxımdan böyük nailiyyətlər əldə etdiyini söylədi. "Azərbaycanın enerji resurslarından istifadə etməklə digər sahələrdə inkişafın təmin olunmasında böyük nailiyyətləri var", - deyən Viktor Orban imzalanan sazişlərin əhəmiyyətini vurğuladı. O, "Cənub" qaz dəhlizinin inşasının önəmini qeyd etdi, Azərbaycan qazının Avropaya çatdırılmasının böyük əhəmiyyət daşıdığını dedi. "Azərbaycan bizim üçün dost ölkədir", - deyən Macarıstanın Baş naziri Avropa İttifaqı və Avrozonanın gələcəyi ilə bağlı fikirlərini də bölüşdü. Forum çərçivəsində Azərbaycan və Macarıstan şirkətləri arasında ümumi əməkdaşlıq, məlumat mübadiləsi, tədbirlərin təşkilində qarşılıqlı dəstək, yeni müəssisələrin yaradılması, daşınmaz əmlakın inkişafı və idarə edilməsi, Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən yeni və innovativ müəssisələrin inkişafına töhfə vermək məqsədilə investisiya imkanlarının yaradılmasına dəstəklə bağlı müxtəlif sənədlər imzalandı. İmzalanan sənədlərdə kənd təsərrüfatı, heyvandarlıq və ovçuluq, həmçinin nəqliyyat və su təchizatı ilə bağlı məsələlər də əksini tapdı.