İlham Əliyev: "Əlaqələrimizin təməlində tarixi tellər, ortaq mədəniyyət tarixi dayanır ki, bu da inkişafda olan bugünkü əlaqələrimizin rəmzidir"
Noyabrın 12-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin rəsmi qarşılanma mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhanini qarşılayıb. Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Həsən Ruhaniyə, İran nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub. Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Həsən Ruhani rəsmi foto çəkdiriblər. Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin təkbətək görüşü olub.
Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Bu səfərin ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığımızın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə edildi. Görüşdə ikitərəfli münasibətlərə, qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıldı. Rəsmi qarşılanma mərasimi başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Dövlət başçıları görüşdə çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyev:
"Hörmətli cənab Prezident, hörmətli qonaqlar.
Mən Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Cənab Prezident, mənə məlumat verildi ki, bu gün Sizin ad gününüzdür. Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirəm, Sizə cansağlığı, yeni-yeni uğurlar arzulayıram. Şadam ki, bu gün Siz bizimlə bərabər Azərbaycandasınız. Bu, Sizin prezident kimi Azərbaycana ilk rəsmi səfərinizdir. Əminəm ki, səfər çox uğurlu keçəcək və ikitərəfli əlaqələrimizə yeni təkan verəcəkdir. Mən də İrana öz rəsmi səfərimi məmnuniyyətlə xatırlayıram. Bu ilin aprel ayında gözəl ölkənizdə oldum, Sizinlə geniş fikir mübadiləsi apardıq, bu gün isə bu dialoq davam etdirilir.
Bizim əlaqələrimizin çox gözəl tarixi və gözəl gələcəyi var. İndi əlaqələrimiz yeni mərhələyə qədəm qoyub. Çox geniş gündəliyimiz var. Siyasi, iqtisadi, mədəni, humanitar məsələləri müzakirə edirik. Əlaqələrimizin təməlində tarixi tellər, ortaq mədəniyyət tarixi dayanır ki, bu da inkişafda olan bugünkü əlaqələrimizin rəmzidir. Mən əminəm ki, bu gün və sabah keçiriləcək danışıqlar, aparılacaq fikir mübadiləsi İran ilə Azərbaycan arasındakı əlaqələri daha da irəliyə aparacaq. Müzakirə ediləsi məsələlər çoxdur. Bütün məsələlər çox səmimi şəkildə müzakirə olunur. Bizim niyyətimiz də birdir ki, xalqlarımızı, ölkələrimizi bir-birinə daha da yaxın edək. Bu, bizim əsas məqsədimizdir və bu hədəfə doğru inamla irəliləyirik."
İran Prezidenti Həsən Ruhani:
"Çox təşəkkür edirəm cənab Prezident. Çox sevinirəm ki, nümayəndə heyəti ilə birlikdə bu gün aramızda ortaq dəyərlərin olduğu dost, qardaş və qonşu Azərbaycanda Sizin qonağınızıq. Biz bu səfəri əvvəlki görüşlərimizlə bərabər elə bir səviyyədə qiymətləndiririk ki, qarşılıqlı əlaqələrin genişlənməsi və möhkəmlənməsi üçün irəliyə atılan addım olsun. Biz Davosda, Tehranda, Həştərxanda və bu gün də Bakıda görüşürük, müzakirələr aparır və artıq bu, bizim dördüncü görüşümüzdür. Düşünürəm ki, biz dörd mərhələdə irəliyə doğru addımlar atmışıq. Şübhə yeri yoxdur ki, ölkələrimiz arasındakı əlaqələr iki xalqın mənafeyinə xidmət edəcək.
Ölkələrimiz arasındakı əlaqələrin genişlənməsi üçün mövcud olan imkanlardan yaxşı istifadə edə bilərik. Əvvəlki bütün danışıqlarda, məsul şəxslərin görüşlərində və əldə olunan razılaşmalarda biz iki ölkə arasında mövcud olan imkanların yalnız cüzi hissəsindən istifadə etmişik. Amma bununla yanaşı, iqtisadi, mədəni, sərhəd məsələlərində, Xəzər dənizindən istifadə, həmçinin siyasi, beynəlxalq məsələlərdə əməkdaşlıq üçün böyük potensial var. Şübhəsiz ki, bütün bu danışıqlar yaxın gələcəkdə növbəti əlaqələrin genişlənməsinə və möhkəmlənməsinə təsir göstərəcək."
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin təkbətək görüşü olub. Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Bu səfərin ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığımızın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik bildirildi. Görüşdə ikitərəfli münasibətlərə, qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıldı. Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin iştirakı ilə Azərbaycan-İran sənədlərinin imzalanması mərasimi olub. Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə İranın Enerji Nazirliyi arasında Anlaşma Memorandumunu İranın "Təvani" şirkəti direktorunun müavini Davud Mənzur və Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Akim Bədəlov imzaladılar.
Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi ilə İranın İqtisadi İşlər və Maliyyə Nazirliyi arasında iqtisadi və texniki əməkdaşlıq üzrə Anlaşma Memorandumunu İranın iqtisadi işlər və maliyyə naziri Əli Təyyimniyə və Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev imzaladılar. Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında poçt sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunu, həmçinin Azərbaycan və İran hökumətləri arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunu İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi və Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov imzaladılar. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhəd çaylarının nizamlanması və sahillərin mühafizəsi tədbirləri üzrə əməkdaşlıq haqqında Memorandumu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov imzaladılar.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani mətbuata birgə bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev öz bəyanatında qeyd edib ki, İran-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir. Bu görüşlərin gözəl nəticələri var: "Mən İran İslam Respublikasına rəsmi səfərimi məmnuniyyətlə xatırlayıram. Bu ilin aprel ayında qonşu ölkəyə səfər etmişəm. Sizinlə apardığım danışıqlar, keçirdiyimiz fikir mübadiləsi bir daha göstərir ki, bizim aramızda nə qədər səmimiyyət var, İran və Azərbaycan bir-birinə nə qədər yaxın və bağlıdırlar.
Sizin bugünkü səfəriniz bizim əlaqələrimizə yeni təkan verəcəkdir. Bu gün imzalanan sənədlər, aparılan fikir mübadiləsi, sabah keçiriləcək biznes forum əlbəttə ki, əlaqələrimizin inkişafına xidmət göstərəcəkdir.
Bizim əlaqələrimizin təməlində xalqlarımızın dostluğu, qardaşlığı dayanır. Əsrlər boyu bizim xalqlarımız bir-biri ilə sıx əlaqədə olmuşlar, bir yerdə yaşamış, yaratmışlar. Bu, möhkəm təməldir. Bu təməl üzərində ikitərəfli dövlətlərarası əlaqələr qurulur. Son aylar ərzində bu əlaqələr yeni pilləyə qalxmışdır. BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər təşkilatlarda biz həmişə bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik.
Azərbaycan üçün ən vacib problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də biz İranın dəstəyini həmişə hiss edirik. İranın mövqeyi beynəlxalq hüquqa və ədalətə söykənir. Bildiyiniz kimi, bu münaqişə uzun illərdir ki, öz həllini tapmır. Azərbaycanın tarixi, əzəli torpağı Dağlıq Qarabağ və yeddi ətraf rayonu erməni silahlı qüvvələrinin işğalı altındadır. Beynəlxalq hüquq normaları kobudcasına pozulur. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası - dünyanın ən ali orqanı dörd qətnamə qəbul etmişdir ki, o qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması tələb olunur. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymur. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb, tarixi abidələrimiz dağıdılıb. Əcdadlarımızın qəbirləri, məscidlərimiz erməni quldur dəstələri tərəfindən dağıdılıbdır.
ATƏT-in faktaraşdırıcı missiyaları işğal edilmiş torpaqlara iki dəfə səfər etmiş və öz məruzələrində bunu təsdiqləmişlər. Münaqişə nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün həyatı yaşayır. Torpaqlarımızın 20 faizi işğal altındadır. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənilər azərbaycanlılara qarşı Xocalı soyqırımını törətmişlər.
Prezident Həsən Ruhani: "Mən bu gün çox xoşhalam ki, Xəzər dənizinin sahilində yerləşən gözəl Bakı şəhərində öz qardaş xalqımın, azərbaycanlı qardaşlarımın yanındayam. Cənab Prezident İlham Əliyevin Tehrana səfəri ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi baxımından çox mühüm əhəmiyyət kəsb etdi. Bizim bu gün dostlarımızla keçdiyimiz yol ölkələrimiz arasındakı inkişaf yoludur. Bu səfər də həmin inkişaf yolunun təkmilləşdirilməsinə öz töhfəsini verəcək və bunu daha da sürətləndirəcəkdir.
Əgər desək ki, Azərbaycan və İran xalqları bir bədəndə bir ruhdur, səhv etmərik. Bu insanların yaşayışının əsas mühüm hissələrindən biri mədəniyyətdirsə, deyə bilərik ki, bu iki ölkə, bu iki xalq birdir, həm məzhəbi, həm dini birdir, müştərək tarixə, keçmiş tarixə malikdirlər və bir-birinin mədəniyyətinə bələddirlər, bir-birini çox yaxşı başa düşürlər. Həm yaşayış tərzimizdə, həm davranışımızda olan bu müştərəklik əlaqələrimizin, iki millətin əlaqələrinin inkişaf etdirilməsinə imkan yaradır və bundan istifadə etməliyik. Heç şübhəsiz ki, ölkələrimizin və xalqlarımızın əlaqələrinin yaxınlaşması, bizim əlaqələrimizin yaxınlaşması heç bir üçüncü ölkənin əleyhinə deyil. Biz əlaqələrimizi inkişaf etdirməklə öz mənafeyimizə, öz sabitliyimizə, öz təhlükəsizliyimizə, daha sürətli inkişafımıza çalışırıq. Ölkələrin inkişafı bir-birinin iqtisadi inkişafına öz töhfəsini vermiş olar.
Bu gün biz müfəssəl danışıqlar, müzakirələr apardıq. Həm geniş tərkibdə, həm də təkbətək görüşlərdə belə bir razılığa gəldik ki, əlaqələrimizi daha da inkişaf etdirək, bunu daha açıq, daha şəffaf şəkildə həyata keçirək.
Araz çayı gərək bizim birliyimizi daha da möhkəmləndirsin. Biz o Arazı qəbul edirik ki, iki dövləti, iki xalqı bir-birinə birləşdirir. Biz o Arazı qəbul edirik ki, bu, hər iki ölkənin inkişafının çiçəklənməsinə töhfə vermiş olur. Biz çalışmalıyıq ki, biznesmenlərimiz, iş adamlarımız bir-birinə daha yaxın olsunlar və bir-birinin imkanlarından, hər iki ölkənin imkanlarından istifadə edib faydalansınlar. Biz enerji, ticarət, sənaye sahələrində, həm bəndlərin, həm elektrik stansiyalarının tikilməsində və buraya yeni texnologiyaların gətirilməsində, elm və tədqiqat mərkəzlərində bir-birimizlə əlaqə yaratmalı və bir-birimizin inkişafına töhfəmizi verməliyik. Biz istəyirik ki, din, məzhəb və adət-ənənələrimizdən, - hansı ki, biz bu məsələlərdə birlik təşkil edirik, - daha da səmərəli istifadə edək."