"Ermənistanın Müdafiə Nazirliyi "Mİ-24" tipli hərbi helikopterin Azərbaycan ordusu tərəfindən vurulması ilə bağlı məlumat yaydı və özünü ilk addımda rüsvay etdi". Bunu SİA-ya millət vəkili Zahid Oruc təmas xəttini pozan Ermənistana məxsus "Mİ-24" tipli hərbi helikopterin Azərbaycan ordusu tərəfindən vurulması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.Deputatın sözlərinə görə, işğalçı ölkə iddia edir ki, guya həmin helikopter dinc məqsədlə, heç bir təxribat törətməyən və təlim-məşq xarakterli helikopter olub: "Belə olan təqdirdə sual olunur. Məgər, bu hərbi helikopter təmas xəttində mülki karnaval şou yaradırdı ki, haradan uçuş etdiyini bilmirdi? İkincisi, orada Azərbaycan hərbiçilərinin bu addımı atması və sərrast zərbə ilə "Mİ-24" tipli hərbi helikopteri zərərsizləşdirməsi düşmənlərimizin təmas xəttini pozması anında reallaşıb. Heç kimə sirr deyil ki, onlar erməni vətəndaşlarıdır və Dağlıq Qarabağda yaşayan insanlar deyillər. Bu fonda Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti müraciət edir ki, helikopterin qalıqları və həlak olan insanların ərazidən çıxarılmasına imkan tanınsın. Əgər həqiqətən də bu hadisə Xankəndinin daha fərqi bir hissəsində reallaşsa idi, işğalçı ölkə düşünərdi ki, uzaq məsafəni qət edən Azərbaycanın raket qurğuları erməni obyektlərinə hücum edib. DQ-nin muxtar vilayət ərazisi 4,38 min kv kilometrdir. Bunun da 12 min kv km-dən artığı da Azərbaycanın işğal olunmuş 7 rayonudur. Helikopterin kiçik bir ərazini keçib üzərimizə gəlməsinin və 1994-cü ildən bu yana hökm sürən qeyri-rəsmi razılaşmaları aşaraq gerçək təhdid və hədə yaratmasının səbəbi nə idi? Həmin helikopterin içrərisində olanları aşağı düşürüb soruşmalıydıq ki, nə məqsədlə gəlmisiniz? Niyyətlərini öyrənəndən sonramı cəzalandırmalıydıq?"Z. Oruc hesab edir ki, beynəlxalq təşkilatlardan bu hadisəyə reaksiya verənlər əslində heç də Azərbaycanı günahlandırmayıblar və qəti şəkildə bizə qarşı ittiham mövqeyi yoxdur. Qoy, ATƏT-in Minsk qrupunun təmsilçiləri gəlib İlkin Muradovun "Mİ-24" tipli hərbi helikopteri vurduğu səngərdə hərbçi formasında dayansınlar, üzərlərindən diplomatik immunitetləri götürülsün və təhlükəsizliyi də qorunmasın. Bəs görək o zaman onlar hansı addım atacaqlar? Onlar nəinki bir tanka, topa, eləcə də göydə uçan istənilən obyektə zərbə endirərlər ki, özlərini qorusunlar".
sia.az