"Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi müddətində korrupsiyaya qarşı mübarizə prioritet vəzifələrdən birini təşkil edib". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsində sədrliyinin başa çatması münasibətilə təşkil etdiyi mətbuat konfransında çıxışı zamanı deyib.XİN sözçüsünün sözlərinə görə, ötən gün ölkəmiz sədrliyi Belçikaya təhvil verib: "Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsində 6 aylıq sədrliyi müddətində Avropa Şurasının məqsədlərinin təşviq edilməsində əhəmiyyətli səylər göstərib. Avropa Şurasının gündəliyindəki aktual məsələləri və üzv dövlətlərin qarşılaşdığı davamlı çağırışları nəzərə almaq Azərbaycanın sədrliyinin prioritetləri olub. Sədrlik dövründə korrupsiyaya qarşı mübarizə prioritet vəzifələrdən birini təşkil edib. İyunun 30-dan iyulun 1-dək Bakıda korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq standartlar və milli təcrübələr üzrə konfrans təşkil edilməklə Avropa Şurasının səylərinə töhfə verilib.Vurğulanıb ki, Bakı Avropa Şurası idman nazirlərinin sentyabr ayında İsveçrənin Makolin şəhərində keçirilən 13-cü konfransında "İdman yarışlarının manipulyasiyasına dair Avropa Konvensiyası"nın imzalanmasından məmnunluq duyur. Bu Konvensiya artmaqda olan korrupsiya fenomeninə qarşı mübarizədə əsas vasitə olacaq. Biz bu sənədin 2015-ci ildə Bakı şəhərində keçirilməsi nəzərdə tutulan Avropa Oyunlarından öncə qüvvəyə minməsi məqsədilə tezliklə ratifikasiyası üçün tələb olunan sayın əldə olunacağına inanırıq".
sia.az