Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı bələdiyyə seçkiləri ilə əlaqədar regionlarda seminarlara start verib. Seçki Qəragahından SİA-ya verilən xəbərə görə,ilk seminar AVCİYA-nın Xaçmaz regional ofisində keçirilib. Seminarda Respublikanın şimal bölgəsi rayonlarının sakinləri iştirak ediblər. Tədbirdə AVCİYA Seçki Qərargahının sədri, t.e.f.d., dosent Məhərrəm Zülfüqarlı məruzə ilə çıxış edib. Məruzəçi Azərbaycanda 23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ərəfəsi mövcud ictimai-siyasi vəziyyət, bələdiyyə institutunun keçdiyi tarixi yol, bələdiyyələrin cəmiyyətdəki hazırkı durumu, bələdiyyələrin qanunvericilik bazası, yerli özünüidarə haqqında beynəlxalq təcrübə və digər məsələlər haqqında tədbir iştirakçılarına məlumat verib.Tədbirdə AVCİYA-nın Xaçmaz regional ofisinin rəhbəri Solmaz Rzayeva bələdiyyə seçkiləri ərəfəsi şimal bölgəsindəki mövcud vəziyyət barədə geniş məlumat verib.Tədbirin sonunda seminar iştirakçılarının müxtəlif suallarına cavab verilib, regionun sosial problemləri ilə bağlı fikir mübadiləsi aparılıb.Tədbirdə AVCİYA təmsilçisi Anar Şirinov və assosiasiyanın digər nümayəndələri iştirak edib.
sia.az