Astan Şahverdiyev: "Əgər o dinləmələrdə Xədicə İsmayıl iştirak edəcəksə, artıq o tədbirin mahiyyəti bəllidir"
Noyabrın 19-da ABŞ Konqresində ATƏT üzvü olan ölkələrlə bağlı korrupsiyaya dair dinləmə keçiriləcək. Dinləməni Konqresin Helsinki Komissiyası təşkil edir. ABŞ Konqresinin binasında keçiriləcək dinləmənin mövzusu ATƏT məkanında korrupsiya ilə necə mübarizə aparılmasıdır. Dinləmələrdə iştirak etmək üçün Azərbaycandan da məruzəçilər olacaq. Maraqlı tərəfi odur ki, məruzəçilərdən biri Xədicə İsmayıldır.
Dinləmə barədə Helsinki Komissiyasının saytında məlumat yerləşdirilib. Lakin saytda yerləşdirilən məlumatlarda dinləmlərin hansı məqsədə xidmət etdiyi və bu dinləmələrin keçirilməsinini əsl təşəbbüskarları barədə heç bir informasiya yoxdur. Məsələnin başqa tərəfləri bir çox qaranlıq məqamlara aydınlıq gətirir. Məsələn, bu dinləmələr kimlərin təşəbbüsü ilə keçirilir və nə üçün yalnız ATƏT ölkələri, xüsusilə də, daha çox Azərbaycanla bağlı məsələlər daha çox müzakirə olunur? Nəzərə alsaq ki, Helsinki Komissiyasının sədri Kristofer Smitdir, o zaman bir çox sualların cavabı da bəlli olur. K.Smit hələ Azərbaycanda prezident seçkiləri keçiriləndə bir sıra anarxist QHT-lərin sorğularına dəstək vermişdir. Bu, həmin vaxt idi ki, Azərbaycan xalqı öz prezidentini seçdi və bu zaman erməni maliyyəsi ilə yaşayan şəxslər dövlətimizin bundan sonrakı inkişafını təxmin etdilər. Elə təxmin etdikləri kimi oldu: Azərbaycan daha qüdrətli dövlətə çevrildi, bütün anarxist addımların qarşısı alındı, ölkəmiz əsl tolerantlıq, demokratiya nümuanəsi oldu. Təbii ki, bu, çoxlarını qane etmir. K.Smit ölkəmiz haqqında hazırlanan qeyri-obyektiv sorğuların iştirakçısı və dəstəkçisi olub. Türklərə, müsəlmanlara qarşı xüsusi soyuqqanlı, kinli xarakteri ilə seçilir. O, bir müddət öncə Rusiya mətbuatında "Pulla işləyən Helsinki kralı" adı ilə gündəmi zəbt etmişdi. Heç şübhəsiz ki, dinləmələrə X.İsmayılın dəvət edilməsi tədbirin mahiyyətini də bəlli edir. Uzun illərdir ki, ABŞ-dan çirkli pullar alıb özünə hər cür şərait yaradan, Rusiyada, Ermənistandakı qanbir erməni qohumları ilə işbirliyində olan, daha çox qeyri-əxlaqi hərəkətləri ilə gündəmdən düşməyən, açıq şəkildə "mən bu dövlətin düşməniyəm, dağıtmasam, əl çəkməyəcəm" deyən birinin dinləmələrdə iştirak etməsi göstərir ki, bu müzakirələr də Azərbaycanın günbəgünün artan imicinə zərbə vurmaq cəhdindən başqa bir şey deyil.
Niyə məhz noyabrın 19-da? Çünki Ermənistanın təmas xəttimizə hücum edərkən zərərsizləşdirilən helikopteri ətrafında gedən söz-söhbət indi gündəmdədir. Ermənilər də məhz bu amildən istifadə edərək müxtəlif üsullarla Azərbaycana təzyiq etməyə çalışacaqlar.
ABŞ Konqresində keçiriləcək dinləmələrlə bağlı millət vəkili Astan Şahverdiyevin məsələyə münasibətini öyrəndik. Millət vəkili "SƏS" qəzetinə açıqlamasında bildirdi ki, Azərbaycandakı durumu haqlı-haqsız yerə tənqid etmək, ölkəmizdəki siyasi vəziyyətlə bağlı qərəzli tədbirlər keçirmək ABŞ üçün bir adət halını alıb: "Ona görə də burada təəccüblü heç nə yoxdur. Əgər o dinləmələrdə Xədicə İsmayıl iştirak edəcəksə, artıq o tədbirin mahiyyəti bəllidir. Orada heç bir obyektivlikdən, düzgünlükdən, vicdanlı müzakirələrdən söhbət gedə bilməz. Azərbaycan hazırda dünyada söz sahibidir, düşməni də yerində oturtmağı bacardıq. Bundan sonra da bizə qarşı olan bütün mənfi meyillərin qarşısı alınacaq. Təbii ki, indi belə bir dönəmdə, dünyanın Azərbaycana qibtə etdiyi bir vaxtda mahiyyəti bəlli olmayan tədbirlər keçirilirsə və bu tədbirlərdə təxribatçılar müzakirələr aparısa, deməli, söhbət yenə də qısqanclıqdan, düşmənçilikdən, xarici havadarlarının quluna çevrilməkdən gedir.
Samir