On ildən artıqdır ki, Azərbaycan dünyanın dinamik inkişaf edən ölkələri arasında yerini qoruyub saxlaya bilib. Bütün müsbət iqtisadi göstəricilər 2015-ci il dövlət büdcəsi zərfi sənədlərinə də öz təsirini göstərib.
Bu sözləri Milli Məclisin sədri Oqtay Əsədov noyabrın 18-də parlamentin iclasında "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Sədr bildirib ki, 2015-ci ilin dövlət büdcəsinin layihəsi Azərbaycanda real inkişaf səviyyəsi, dünyada gedən siyasi-iqtisadi proseslərin təsiri, baş verə biləcək mənfi təzahürlər nəzərə alınmaqla hazırlanıb.
Oqtay Əsədov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ölkəmizdə təşəkkül tapmış makroiqtisadi sabitliyi daha da möhkəmləndirib. Büdcə zərfinə daxil olan 2015-ci il və sonrakı üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri, 2015-ci ildə büdcə vergi siyasətinin və 2015-2018-ci illər üçün dövlət investisiya proqramlarının əsas istiqamətləri və digər sənədlər vaxtında Milli Məclisə təqdim olunub. Sədr deyib: "Cari ilin 9 ayına əsasən bütövlükdə ölkə iqtisadiyyatında 2,5 faiz artım əldə olunub. Makroiqtisadi proqnozlara görə 2014-cü ildə ölkədə ümumi daxili məhsul istehsalının 59 milyard manat olacağı gözlənilir. Bu, əvvəlki illə müqayisədə 3,6 faiz artım deməkdir".
yap.org.az