"Özümə qarşı nə təhqir, nə də sərt bəyanat gözləmirəm. Belə qərar verilsə də, mənim Müsavat Partiyasından istefa vermək fikrim yoxdur". Bu fikirləri SİA-ya Müsavat Partiyası Divanının keçmiş üzvü Tural Abbaslı təşkilat daxilində baş verən istefalara münasibət bildirərkən deyib.Müsavatçı funksioner istefa verənlərin bu addımlarını doğru hesab etmədiyini deyib: "İstefa verməyi də düzgün addım hesab etmirəm. Çünki partiyada qalıb mühiti yaxşılaşdırmaq uğrunda mübarizə aparılmalıdır. İstefa verməklə meydanı bəyənmədiyimiz siyasətçilərə təhvil vermiş olarıq. Bu baxımdan, mən istefa vermərəm əksinə partiyada qarşılaşdığım neqativ hallarla Nizamnamə çərçivəsində mübarizə aparmaq fikrindəyəm".Tural Abbaslı noyabrın 23-də Müsavatın ümumrespublika müşavirəsində iştirak edəcəyini və orada iradlarını bildirəcəyini deyib: "Müşavirədə razı və ya narazı qruplar deyil, hər bir partiya üzvü iştirak edə bilər: "Partiyanın üzvü olduğumuz üçün iştirakımız vacibdir. Çox güman ki, çıxış üçün şərait yaradılarsa, mən də çıxış edib partiyada baş verən son proseslərlə bağlı fikirlərimi səsləndirəcəm".Qeyd edək ki, Tural Abbaslı da partiyada baş verən proseslərə iradını bildirib. Lakin istefa verənlərdən fərqli olaraq, o partiyada qalaraq, növbədənkənar qurultayın keçirilməsi istiqamətində mübarizə aparacağını bildirib.
sia.az