"Ekspertlər, xüsusilə bir sıra müxalifət sözçüləri Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların təsirinin Azərbaycandan yan keçməyəcəyi proqnozu verməklə ictimaiyyət arasında bədbin düşüncələr və ruh düşkünlüyü yaratmağa çalışırlar". Bunu SİA-ya politoloq Vasif Əfəndiyev deyib.
Politoloqun sözlərinə görə, dünya bazarında neftin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsirli zərbə vuracağını iddia edənlər unutmasınlar ki, 37 milyard 265 milyon dollar miqdarında olan neft fondunun vəsaitlərinin cəmi 1.1 faizi rus rublu ilə investisiyaya yönləndirilib. Rublun qiymətdən düşməsi prosesində neft fonduna dəyə biləcək ziyanın miqdarı çox az olduğundan xüsusi narahatçılığa ehtiyac yoxdur. Yaxın prespektivdə Azərbaycan Avropaya qaz ixracatını təsirli dərəcədə artırmaq niyyətindədir. Bu isə yetərli dərəcədə Neft Fondunun investisiya gəlirlərinin aylar üzrə artmasına gətirib çıxaracaq. ABŞ-ın Rusiya ilə münasibətləri olan ölkələrə, o sıradan Azərbaycana qarşı da sanksiya tətbiq edəcəyini ehtimal edənlər böyük yanılışlıqlara yol verirlər. İlk növbədə unutmaq lazım deyil ki, Böyük Neft Sazişi imzalanarkən Qərb dövlətlərinin üzərinə götürdüyü ən başlıca öhdəlik Azərbaycan neftinin təhlükəsizliyi məsələsidir. Xəzər dənizinin sektorlara bölünməsində ölkəmizə olunan beynəlxalq dəstəyin və neft istehsalının təhlükəsizliyinin təminatının da məhz Qərb dövlətlərinin üzərində olması da faktdır. Bu səbəblərdən də Azərbaycana qarşı hər hansı sanksiya tətbiq edəcəyi ehtimalını irəli sürənlər qərəzli və haqsız olduqları sübut olunacaq. Bu da Azərbaycanın uğurlu xarici siyasətinin nəticə etibarı ilə göstəricisi hesab oluna bilər. Son zamanlar Qərb dövlətlərinin Azərbaycana artan xətlə olan marağı imzlanan böyük iqtisadi layihələr, təşkil olunan beynəlxalq tədbirlər, seminarlar, mədəni əlaqələrin inkişafı və sanballı idman yarışlarının keçirilməsində əksini tapıb. Azərbaycanın NATO və ABŞ ilə beynəlxalq terrorizmə qarşı birgə mübarizə tədbirlərində iştirakı onun etibarlı tərəfdaş olmasının göstəricisidir".
V. Əfəndiyev bildirib ki, son zamanlar dini radikalizmdən qaynaqlanan terror təşkilatlarının aktiv hərəkətə keçməsi bir çox ölkələrdə problemlər yaratsa da, Azərbaycan hakimiyyətinin bu məsələyə nə qədər diqqətli və həssas olduğu bəlli oldu: "Dinin sağlamlaşdırılması istiqamətində aparılan profilaktik tədbirlər və izahat işləri Azərbaycanın bütün sosial təbəqələri, din xadimləri, inanclı hissələri tərəfindən xüsusi razılıqla qarşılandı".
sia.az