"Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycan xalqının mənəvi istəyinin reallaşması idi". Bunu SİA-ya açıqlamasında YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.
YAP Gənclər Birliyinin sədri bildirib ki, hələ, o zaman ölkəmizin çətin dönəmində səriştəsiz hakimiyyətin daxili və xarici səhvləri xalqımızın özünə inam hissini sarsıtmışdı: "Yenicə müstəqillik əldə etmiş Azərbaycan böhran vəziyyətində idi. Məhz belə bir zamanda xalqın həqiqi bir liderə ehtiyyacı var idi. O lider ki uzun illər ərzində dövlət idarəçiliyini bütün tərəflərini mənimsəmiş və bunu praktik fəaliyyətində tətbiq etmişdi. O şəxs Ulu Öndər Heydər Əliyev idi".
S.Orucov qeyd edib ki, 1992-ci ilin noyabr ayında Ümumilli Lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası qısa bir zaman kəsiyində gördüyü işlər sayəsində xalqımızın etimadını qazanaraq, ən mütərəqqi Azərbaycan ziyalılarını ətrafına toplamağı bacardı: "Partiyamız tez bir zamanda ölkəmizin rayonlarında öz qərargahlarını yaradaraq bölgə əhalisinin taleyüklü problemlərinin həllində əsas rol oynamağa başladı. Artıq, Azərbaycan vətəndaşları Yeni Azərbaycan Partiyasına ümid mənbəyi kimi baxırdılar. Partiya liderinin vətənpərvərliyi, təəssübkeşliyi, məntiqi mühakimə aparmaq bacarığı, qayğıkeşliyi nəticə etibarilə xalqımızın öz liderinin ətrafında sıx birləşməyi təmin etdi. Azərbaycan xalqı gerçək liderin hansı xüsusiyyətlərə malik olmalı olduğunu anladı və xalqımızın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətin layiqli rəhbəri olaraq, ölkəmizin uğur formulunun əsasını qoydu. Bu gün də bu uğurlu siyasət ölkə prezidenti Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən davam etdirilərək, xalqımızın inamını qazanmaqda davam edir. Biz, ölkə gənclərinin mütləq intellektual potensialını ətrafına toplayan YAP GB olaraq, hər zaman ölkə prezidentinin daxili və xarici siyasətini dəstəkləyir və bundan sonra da bu siyasətin uzun müddət yaşaması üçün bacardığımızı etməyə hazırıq".
sia.az