"Azərbaycana qarşı atılan addımlar barədə bir saat yox, günlərlə danışmaq olar. Məsələn, 5 gün əvvəl Azərbaycanın işğal altındakı ərazisində hərbi təlim keçirildi". SİA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Bakıda keçirilən beynəlxalq konfransda deyib.N. Məmmədov bildirib ki, hərbi təlimlər Azərbaycana qarşı təxribat idi: "Bir ay əvvəl Rusiyanın Ukrayna sərhədindən 150 km uzaqda hərbi təlim keçirdi. Qərbdə bu təlimin məqsədi, kimə təhdid yaratması ilə bağlı həyəcanlı bəyanatlar səsləndi, müzakirələr aparıldı. Bəs niyə Azərbaycanın işğal olunmuş ərazisində aparılan təlimlərlə bağlı belə münasibət ortaya qoyulmadı? Azərbaycan həmin ərazilərdə 1994-cü ildən uçuşlara qadağa qoyub, bunu yada salan yoxdur. Niyə beynəlxalq QHT-lər münasibət ortaya qoymadı? Hətta bu gün də Qərb mediasında baş verən hadisə təhrif olunmuş formada çatdırılır. Bütün bunları ona görə deyirəm ki, bura əməkdaşlıq üçün yığışmışıq. Bu cür proseslər dünyada gərgin vəziyyəti yaradan əsas səbəblərdir. Niyə Azərbaycanın ərazisində separatçı qurum, yaxud Ermənistan təlim keçirməlidir? Biz Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Qərbdən ədalətli mövqe istədik. ATƏT-in Minsk qrupunun həmsədrləri niyə uğurlu addım ata bilmirlər? Çünki ATƏT-in Minsk qrupunun həmsədrləri də beynəlxalq hüququ kənara qoyublar. Onlar BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi barədə də heç vaxt danışmırlar. Azərbaycanın Dağlıq Qarabağ ərazisi, ətrafdakı 7 rayon işğal olunub, yüz minlərlə insan əsas hüquqlarından məhrum olub. Niyə beynəlxalq QHT-lər bunu demir? Postsovet məkanında yaranan dövlətlərə baxın, o dövlətlərin hamısı Qərbə inteqrasiya olunmaq istəyirdi. Ancaq indi o dövlətlər deyir ki, Qərbdən isti münasibət görmürlər. Dünyada ədalət olmasa, beynəlxalq hüquqdan danışmaq olmaz. Belə məsələlər bu gün Azərbaycanı çox narahat edir. ATƏT-in Minsk qrupunun fəaliyyəti belə davam edərsə, biz bəlkə öz iradəmizlə bunu etməyə çalışaq? Bu, bizim hüququmuzdur. Hərbi təlimlər Azərbaycana qarşı təxribat idi. Ermənistanın hərbi helikopteri Ağdam rayonunda bir neçə dəfə əsgərlərimizin üstündən uçub, hətta əsgərlər imkan tapıb, onu videoya da çəkiblər".
sia.az