İNAMA SÖYKƏNƏN UĞURLU SİYASƏT
NURLANA ƏLİYEVA: "Yeni Azərbaycan Partiyasının yürütdüyü uğurlu siyasət Azərbaycan qadınının cəmiyyətdəki layiqli yerini təmin etmişdir"
-Nurlana xanım, noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümü tamam olur. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası dedikdə ilk olaraq Sizdə hansı assosiasiyalar yaranır?
- Mən ilk öncə, bu münasibətlə hər bir Yeni Azərbaycan Partiyası təmsilçisini ürəkdən təbrik etmək istərdim. Sualınıza cavab olaraq isə, antik yunan filosofu və mütəfəkkiri Aristotelin "Politika" əsərində yazdığı bir fikrini qeyd edərdim. Aristotel yazırdı ki, inam uğuru təmin edən mühüm vasitə kimi siyasətin ayrılmaz hissəsidir. Həqiqətən də fərqli ictimai-iqtisadi formasiyalarda cəmiyyətin dəstəyinə iddia edən hər bir siyasi qüvvənin ciddi-cəhdlə can atdığı yeganə meyar məhz ictimai inam olmuşdur. Nə zamansa dünyanın ən böyük dövlətlərini güclü ordusu ilə diz çökdürmüş böyük fatehlər də, inqilab və çevriliş dalğaları üzərində hakimiyyəti ələ keçirmiş anarxist qüvvələr də, nəhayət, hansısa mütərəqqi ideya və proqramlarla cəlbedici görünməyə çalışan realist siyasətçilər də müəyyən mənada xalqın, toplumun inamına ehtiyac duymuşlar. Yeni dünya nizamının diktə etdiyi alternativsiz inkişaf magistralına çevrilmiş demokratiya da məhz çoxluğun etimadı və inamı üzərində formalaşır. Məhz həlledici çoxluğun inamını qazanmış siyasi partiya və ya lider demokratik seçkilərdə öz layiqli qələbəsini təmin edir. Yaşadığı zaman və məkanın xarakterindən asılı olmayaraq, qərinələr boyu əxz etdiyi milli-mənəvi dəyərlərini, mental xüsusiyyətlərini qoruyub saxlayan Azərbaycan xalqı gələcək taleyini daim inandığı, etimad bəslədiyi siyasi qüvvəyə etibar etmək istəmişdir. Məhz bu inam, milli özünüdərk və özünütəsdiq istəyinin təcəssümü olaraq XX əsrin sonlarına doğru milli dövlətçiliyini bərpa edən xalqımız müstəqilliyinin ilk illərində yenidən mənəvi sarsıntılara məruz qalmış, üzləşdiyi böhran və faciələr fonunda gələcək barədə nikbin düşünə bilməmişdir.
Bu gün 1991-1993-cü illərini o böhranlı, ağrılı-acılı, faciəli günlərini qəlbində vətən, millət sevgisi olan hər bir azərbaycanlı böyük təəssüf, dərin kədər hissi ilə xatırlayır. Hakimiyyəti ələ keçirərək inanılmaz bir hərisliklə ölkənin sərvətlərini çapıb-talayan, iqtisadi-siyasi və mənəvi böhranın qarşısını almaqda aciz olan məlum qüvvələr xalqın inamından sui-istifadə etməklə, əslində, özlərini uçuruma yuvarladılar. Bir daha təsdiqləndi ki, xalqın inam və etimadına söykənməyən, onun iradəsini, istəyini nəzərə almayan hər hansı siyasi qüvvə Azərbaycan cəmiyyətində uzun müddət duruş gətirə bilməz. Əksəriyyət yaxşı başa düşürdü ki, məhz Ulu Öndərimiz Heydər Əliyev kimi müdrik strateq və siyasət ustadının rəhbərliyi altında formalaşan siyasi partiya xalqın inamını doğrultmaq, respublikanı üzləşdiyi böyük faciələrdən hifz etmək iqtidarında ola bilər. Dövlət və cəmiyyət həyatında müəyyən rol oynayan, demokratik, hüquqi, sivil, dünyəvi dövlətçiliyin təməl prinsiplərindən, əsas atributlarından sayılan siyasi partiyalar, adətən, zərurətdən və milli tələbatdan yaranırlar. Bu mənada, müstəqilliyə yenicə qovuşmuş Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçən Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurətdən, o illərdə mövcud olmuş ideoloji-siyasi durumun doğurduğu milli tələbatdan irəli gəlmişdir. Azərbaycanın taleyini düşünən insanlar həmin dövrdə ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış edərək xalqın sınanmış Lideri Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. 1992-ci il noyabrın 21-də cəmiyyətin sosial sifarişi, istəyi kimi siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası cəmi 7 ay sonra - 1993-cü ilin iyununda xalqın tələbi ilə iqtidara gələrkən, əslində, tarixi məsuliyyəti öz üzərinə götürmüşdür.
- Burada da ifadə edə bilərikmi ki, məhz xalqın öz Liderinə sonsuz inamı partiyanın yaranmasında və sonrakı illərdə əldə edilən uğurlarda öz sözünü deyib?
- Təbii! Xalqın Heydər Əliyev fenomeninə olan sarsılmaz inamı və bu inama olan yüksək ehtiramı sarsılmaz vəhdət yaradaraq qısa zamanda YAP-ın siyasi gücünün əsaslarından birinə çevrilmiş, onun gələcək uğurlarını təmin etmişdir. Ulu Öndərimizin qətiyyətli addımları nəticəsində respublikamız üzləşdiyi bir çox faciələri geridə qoyaraq yeni inkişaf mərhələsinə adlamış, cəmiyyət həyatının ən müxtəlif sferalarında davamlı tərəqqi və intibahın əsası qoyulmuşdur. YAP yarandığı gündən Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, sıralarında respublikamızda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiya kimi fəaliyyət göstərmişdir. Qısa zamanda zəngin həyat yolu keçmiş YAP, ideyalarının xalqa daha cəlbedici və yaxın olması ilə ölkənin siyasi taleyində mühüm rol oynamaq qüdrətini tam təsdiqləmişdir. YAP-ın ideya məfkurəsini təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri partiyanın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olmaqla bərabər, Azərbaycanın siyasi gələcəyini, inkişaf prioritetlərini də şərtləndirmişdir.
-Nurlana xanım, YAP yarandıqdan sonra bu siyasi təşkilatda fəaliyyət göstərən qadınların rolunu necə qiymətləndirərdiniz?
- Ulu Öndərimizin yeritdiyi siyasət hər bir fərdin maraq və mənafeyini özündə ehtiva etdiyindən, qısa zamanda cəmiyyətin ən müxtəlif zümrələrinin, xüsusən də həssas təbəqə olan qadınların YAP-a sürətli axını başlamış, onların ictimai-siyasi həyatda fəallığı əhəmiyyətli dərəcədə artmışdır. Ulu Öndərimizin rəhbərliyi altında mülki cəmiyyət quruculuğu istiqamətində həyata keçirilən məqsədyönlü addımlar nəticəsində respublikamızda gender problemlərinin həllinə geniş imkanlar açılmış, qadınların üzləşdikləri iqtisadi, sosial və mənəvi sarsıntılar geridə qalmışdır. Mürəkkəb və keşməkeşli həyat yolu keçmiş, tarixin sınaqlarından alnıaçıq - üzüağ çıxmış Azərbaycan qadını son illərdə müstəqil respublikamızda bərqərar olmuş demokratik cəmiyyətin fəal üzvü kimi çıxış etmək imkanı əldə etmişdir. Azərbaycanı çiçəklənən, inkişaf edən, fıravan və qüdrətli bir dövlətə çevirmək yolunda qadınlarımız hər zaman əllərindən gələni əsirgəmirlər. Ulu Öndərimiz Heydər Əliyev Azərbaycan qadınına böyük hörmətlə yanaşmış, onun cəmiyyətdə layiqli yerini tutmasına çalışmış, bu zərif zümrənin YAP həyatında da fəal iştirakını təmin etmişdir. Qadınların hər zaman aparıcı qüvvə olduğunu bildirən Ümummilli Liderimiz onların ailə həyatındakı rolunu da olduqca yüksək dəyərləndirmişdir: "Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyi, Azərbaycan xalqının milli xüsusiyyətlərinə sadiqliyi ilə tanınmışdır. Qadın ailə saxlayan bir insandır. Ona görə də bütün qadınlar bizim cəmiyyətdə çox əhəmiyyətli rol oynayırlar. Mən bunları deyərək qadınların bizim üçün nə qədər əziz olduğunu bir daha bəyan etmək istəyirəm".
Xüsusi vurğulamaq lazımdır ki, müstəqil Azərbaycan Respublikasının Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrmda qəbul edilmiş ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiqləməklə, demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratmışdır. 1995-ci ildən başlayaraq Azərbaycanda qadın problemləri institusional səciyyə daşımağa başlamış, elə həmin il müstəqil Azərbaycan dövləti BMT-nin "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması" haqqında Konvensiyasına qoşulmuşdur. 1998-ci ilin 14 yanvarında isə Ulu Öndərimiz Heydər Əliyev Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması barədə Fərman imzalamış, bu qurum geniş səlahiyyətlərlə təmin edilmiş, həmin il, eyni zamanda müstəqil Azərbaycan Respublikasında qadınların ilk qurultayı keçirilmişdir. Azərbaycan qadınları həmin qurultayla cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirak etmək, fəallıqlarını artırmaq istəklərini bir daha nümayiş etdirdilər. Ulu Öndərimiz Heydər Əliyev 2000-ci il martın 3-də "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" Fərman imzalamışdır. Eyni zamanda, Nazirlər Kabinetinə respublikada gedən iqtisadi islahatlar çərçivəsində həyata keçirilən işlərdə Gender siyasəti tələblərini rəhbər tutmaqla, qadınlar üçün kişilərlə bərabər imkanların yaradılmasını təmin etmək tapşırığı verilmişdir. Son illərdə qadınların dövlət qurumlarında və ümumiyyətlə ictimai-siyasi həyatda təmsil olunmaq imkanlarının əhəmiyyətli dərəcədə genişlənməsi də məhz Ulu Öndərimizin əsasını qoyduğu liberal gender siyasəti nəticəsində mümkün olmuşdur.
- Azərbaycanda qadının sosial statusunun yaxşılaşdırılması istiqamətində görülən işlər haqqında hansı fikirləri qeyd edərdiniz?
- Həmişə sülhün, əmin-amanlığın carçısı olmuş Azərbaycan qadınları respublikada baş verən mürəkkəb ictimai-siyasi proseslərin gedişində onların üzərinə düşən vəzifələrin öhdəsindən ləyaqətlə gəlmiş, daim milli dövlətçilik mövqeyindən çıxış etmişlər. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində doğma torpaqların bir qisminin işğal altına düşdüyü indiki dövrdə gəncləri Vətənə sədaqət, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi uğrunda əzmkarlıq və qətiyyət göstərmək ruhunda tərbiyə etmək, onları xalqa, cəmiyyətə layiqli bir övlad kimi yetişdirmək işində Azərbaycan qadını öz üzərinə düşən ağır yükü şərəflə çəkir. Bu baxımdan, YAP Qadınlar Şurasının əzmkar fəaliyyəti də xüsusi vurğulanmalıdır. Partiyanın Qadınlar Şurası fəaliyyət göstərdiyi müddətdə qadınların partiya daxilində monolit qüvvə kimi təmərküzləşməsini, ictimai-siyasi proseslərdə fəal və səmərəli iştirakını uğurla təmin etmişdir. Bu gün sayı 650 mini ötən YAP üzvlərinin əhəmiyyətli kəsimini də məhz qadınlar təşkil edir. Azərbaycan qadını bu gün cəmiyyətin bərabərhüquqlu üzvü kimi öz hüquqlarını qorumağa qadirdir. Onların problemlərini həll etməyə və ya onları bölüşməyə müraciət etmək üçün müxtəlif qadın təşkilatları mövcuddur. Müasir ictimai-siyasi həyatımızı qadınsız təsəvvür etmək çətindir. Dünyanın hər yerində qadınların bərabərlik və sülh uğrunda hərəkatı geniş vüsət almışdır. Daim inkişafda olan tərəqqipərvər Azərbaycan qadınları da bu hərəkatlara qoşulur, millətimizin haqq səsini beynəlxalq tribunalardan səsləndirirlər. Bütün bunlarla yanaşı, Azərbaycan qadını bu gün demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləməklə sivil dəyərləri əxz edən Azərbaycan cəmiyyətinin həyatına birinci xanım ənənələrini də gətirmişdir. Əslində, nə vaxtsa çağdaş dünyanın bizim dövlətçilik irsimizdən mənimsədiyi, tarixin hansı əyyamında isə unutduğumuz bu ənənələrin müstəqil Azərbaycan dövlətində yenidən bərpası faktı isə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfıri, Milli Məclisin deputatı, Yeni Azrbaycan Partiyasının Sədr müavini Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Azərbaycanın milli dövlətçilik tarixində bu ənənəni elə bir şəxs formalaşdırır ki, o, dünyaya göz açıb tərbiyə aldığı ailə, bütün ömrü boyu əhatə olunduğu mühit, üz tutduğu dəyərlər etibarilə əsl Azərbaycan qadınının simvolu sayıla bilər. Mehriban xanım Əliyeva akademik Arif Paşayevin və tanınmış şərqşünas-alim mərhum Aida xanım İmanquliyevanın ailəsində dünyaya göz açmışdır. Mehriban xanım XX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli simalarından olan, uşaqlıq, gənclik illərindən sevə-sevə oxuduğumuz, əsərləri ilə həyat yollarında bizlərə müəllimlik etmiş Mir Cəlal Paşayevin və milli mətbuatımızın patriarxı, minlərlə Azərbaycan jurnalistinin müəllimi, ustadı olan qüdrətli qələm sahibi Nəsir İmanquliyevin ocağından nur almışdır. Onun həyat müəllimləri isə, özünün də qeyd etdiyi kimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Azərbaycan qadınının şərəf mücəssəməsi olan Zərifə xanım Əliyeva olmuşdur. Azərbaycanda "birinci xanım" institutunun geniş mənada məhz 2003-cü ilin oktyabrından sonra formalaşması və bunun Mehriban xanım Əliyevanın adı ilə bağlı olması faktını xüsusi vurğulamalıyıq.
Bu gün YAP Siyasi Şurasının üzvü Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti həm də Azərbaycan qadınının üzləşdiyi problemlərin, çətinliklərin aradan qaldırılmasına, onların cəmiyyətdə öz layiqli yerlərini tutmasına yönəlmişdir. Bu fəaliyyət qadınlarımız tərəfindən böyük rəğbətlə, ehtiramla qarşılanır, onların YAP-a, ölkə iqtidarına, Prezident İlham Əliyevə inamını daha da artırır.
Son olaraq, qeyd etmək istərdim ki, cəmiyyətin geniş təbəqələrində böyük nüfuza malik olan Yeni Azərbaycan Partiyası öz ətrafında bütün sosial qrupların ən fəal nümayəndələrini birləşdirir. Bu baxımdan, YAP Qadınlar Şurasının partiya fəaliyyətinin həyata keçirilməsində özünəməxsus yeri və rolu vardır. Qadınlar Şurası öz fəaliyyətini Yeni Azərbaycan Partiyasının Nizamnamə və Proqramı əsasında qurmuş, cəmiyyətimizdə mühüm demoqrafık qrup olan qadınların fəal siyasətə cəlb olunması istiqamətində ardıcıl və məqsədyönlü iş aparmışdır. Bu baxımdan, bir daha qeyd etmək istərdim ki, artıq 22 illiyini qeyd etdiyimiz Yeni Azərbaycan Partiyasının bütün illərdəki fəaliyyəti dövründə qadınlarımızın rolları, çəkdikləri zəhmətləri kifayət qədərdir və çox sevindirici haldır ki, Azərbaycan qadını partiyamızın fəaliyyətində öz sözünü demişdir. Mən bir daha fürsətdən istifadə edərək, partiyadaşlarımı siyasi təşkilatımızın yaranmasının 22-ci ildönümü münasibəti ilə təbrik edir, uğurlar, uğurlar və yenə də uğurlar arzulayıram!
NURLANA ƏLİYEVA, YAP Qadınlar Şurasının sədri, filologiya elmləri doktoru, professor