Artıq Azərbaycan siyasi həyatında, milli siyasi iradəni təmsil edən aparıcı siyasi qüvvə olan və fəaliyyəti xalqımızın ali mənafeyinin ifadəsi kimi çıxış edən Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasından 22 il ötür! Bu gün kimsəyə sirr deyil ki, YAP ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan siyasi təşkilatdır. Ötən əsrin 1988-ci ildindən başlanan iqtisadi, siyasi, xüsusilə hakimiyyət böhranı, həmin illərdə Azərbaycanda rəhbərlikdə olan səriştəsiz, imperiya ağaları qarşısında əyilən, milli maraqlarımızdan xəbərsiz olan dairələrin gündən-günə güclənən erməni təcavüzünün qarşısını almaq, ordu yaratmaq, xalqı səfərbər etmək, Vətənin təhlükəsizliyini və əhalinin rifahını təmin etmək əvəzinə, öz hakimiyyətlərini qorumaq uğrunda mübarizə aparmaları ölkəmizdə vəziyyəti daha da gərginləşdirmişdi. Belə bir vəziyyətdə, ölkəni bürüyən total böhran AXC-Müsavat tandeminin bacarıqsızlığı və səriştəsizliyi səbəbindən daha da dərinləşmişdi. Məhz belə bir ərəfədə Azərbaycanın düçar ola biləcəyi daha böyük fəlakətlərin qarşısını almaq, uçurum qarşısında olan dövlətimizi xilas etmək məqsədilə xalqımızın milli maraqlar ətrafında birləşmiş sağlam qüvvələri, həmçinin, ziyalılar dahi şəxsiyyət Heydər Əliyevə müraciət etdilər. Beləliklə, 1992-ci il oktyabrın 24-də ziyalıların müraciətinə cavab məktubunda Ulu Öndər Heydər Əliyevin yaranmış vəziyyəti dərindən təhlil etməsi və çıxış yolunu göstərməsi noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis edilməsi zərurətini reallaşdırdı. Bu, bir həqiqətdir ki, yarandığı gündən YAP-ın Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiyamız bu 21 ildə öz məqsədlərinə uyğun fəaliyyət göstərib. Məhz buna görə də, ümumxalq partiyasına çevrilən, 650 mindən çox üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanaraq, qələbələr partiyası kimi çıxış edib. Eyni zamanda, ötən müddət ərzində YAP-ın keçirdiyi qurultaylarda (1999, 2001, 2005, 2008, 2013) qəbul etdiyi tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb. Bu da bir gerçəklikdir ki, hər zamanın özünəməxsus tələb və vəzifələri var. Ümummilli Liderimiz Heydər Əliyev də Azərbaycanın qarşısında duran vəzifələri dəqiq göstərərək, dövlətimizin söykəndiyi təməl prinsipləri müəyyən edib. Bu gün Azərbaycan məhz həmin prinsiplərə istinad edərək inkişaf edir. Ulu Öndərin müəyyən etdiyi təməl prinsiplərindən biri də hüquqi-siyasi varislikdir. Təsadüfi deyil ki, hələ Ümummilli Liderimizin rəhbərliyi ilə keçirilən muxtar respublika Ali Məclisinin sessiyalarında dövlət müstəqilliyinin bərpası ilə bağlı tarixi qərarlar qəbul olundu, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı müstəqillik rəmzi kimi Naxçıvan parlamentində qaldırıldı, Naxçıvan Muxtar Respublikasının adından "sovet sosialist" sözləri götürüldü, ali qanunverici və icra hakimiyyəti orqanlarının - Ali Məclisin və Nazirlər Kabinetinin adları dəyişdirildi, sovet qoşun hissələri Naxçıvandan çıxarıldı, onların bazasında müstəqilliyin vacib elementi olan ilk milli sərhəd dəstəsi və milli ordu hissələri yaradıldı. Ulu Öndər 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra bu proses davam etdirildi.
Təbii ki, varislik prinsipi, eyni zamanda, müstəqil dövlətimizin inkişafı üçün başlanan siyasətin davamlı olmasıdır. Məhz bu ali məqsədin reallaşması naminə Ümummilli Liderimiz Heydər Əliyev böyük çətinliklərlə qurduğu dövlətə rəhbərlik etmək üçün namizədini elan etdi: "O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham Əliyev bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımzın firavanlığı yolunda çox işlər görəcək. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Bu fikirlərin məntiqi nəticəsi Cənab İlham Əliyevin 2003-cü ilin 15 oktyabrında xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq ölkə Prezidenti seçilməsi oldu. Xalq liderinin sözünə güvənərək öz tarixi seçimini etdi. 2005-ci ilin mart ayında isə YAP-ın III Qurultayı keçirildi. Qurultayda təşkilati məsələlərə baxıldı və Azərbaycan Prezidenti, YAP Sədrinin birinci müavini Cənab İlham Əliyev partiyanın Sədri seçildi. Beləliklə, Cənab İlham Əliyevin YAP-ın Sədri seçilməsi ilə partiyanın həyatında yeni mərhələ başladı. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi naminə ardıcıl siyasət həyata keçirildi və bu prosesdə YAP daim ön sırada yer aldı. YAP üzvləri ölkəmizin daha da güclənməsi naminə partiyamızın Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ən fəal dəstəkçiləri olmaqla bu siyasətin uğurlarını xalq arasında geniş təbliğ etməkdədir. Onu da vurğulayaq ki, Cənab İlham Əliyevin YAP-ın Sədri seçilməsindən sonra kəmiyyət və keyfiyyət baxımından partiyada əhəmiyyətli dərəcədə dəyişikliklər müşahidə olunur. Faktlara diqqət yetirdikdə, ötən müddət ərzində Heydər Əliyev ideyalarına söykənən partiyamızın ilbəil gücləndiyinin bir daha şahidi olarıq. Belə ki, əgər YAP-ın 2001-ci ildə keçirilmiş II Qurultayı zamanı partiya üzvlərinin sayı 230 min nəfər idisə, III Qurultaya qədər bu göstərici 360 min nəfərə yüksəlmişdi. V Qurultaydan sonra isə, başqa sözlə, hazırda isə partiyamızın üzvlərinin sayı 650 mindən çoxdur!
YAP-ın 22 illik keçmişinə nəzər salarkən partiyanın 2013-cü il 7 iyun tarixində keçirilən və Azərbaycan siyasi tarixinin əlamətdar hadisəsi olan V Qurultayını ayrıca qeyd etmək lazımdır. Qurultay çərçivəsində qəbul edilən qərarlar partiyanın gücləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edib. Partiyanın V Qurultayında əsas diqqət mərkəzində olan məsələlər Prezident İlham Əliyevin yenidən partiyanın Sədri seçilməsi və yenidən 2013-cü il 9 oktyabr tarixində keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməsi idi. Bu qərarlar YAP-ın şoxminlik üzvü və bütövlükdə Azərbaycan xalqı tərəfindən gözlənilən qərar oldu. Seçkilərin nəticələri də qurultayın qərarının ümumxalq səviyyəsində dəstəkləndiyini təsdiq etdi.
Bununla yanaşı, V Qurultayda partiyanın strukturlarına yeni seçimlərin edilməsi təşkilati nöqteyi-nəzərdən xüsusi önəm daşımaqla bərabər, partiyanın fəaliyyətinin stimullaşdırılmasına və səmərəlilik səviyyəsinin artırılmasına əhəmiyyətli töhfələr verdi. Xüsusilə vurğulamaq gərəkdir ki, Azərbaycanın müstəqilliyinin ilk dövrlərindən etibarən milli mədəniyyətin qorunması sahəsində çoxşaxəli və genişmiqyaslı fəaliyyət göstərən ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın, idmanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə görə ölkəmizdə və beynəlxalq aləmdə təqdir olunan Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyasının Sədrinin müavini seçilməsi əlamətdar hadisə kimi səciyyələndirilməlidir. Sirr deyil ki, Mehriban xanım Əliyeva həm də millət vəkili kimi təqdirəlayiq fəaliyyəti ilə, Azərbaycanın müxtəlif ölkələrlə münasibətlərinin inkişafına töhfə verməklə ölkənin siyasi həyatında aktiv iştirak edir. Bu isə Mehriban xanım Əliyevanın milli maraqlar nöqteyi-nəzərindən xüsusi əhəmiyyət kəsb edən ictimai-siyasi proseslərin dinamikasına və müasir müstəqil Azərbaycanın inkişafına mühüm töhfələr verdiyini göstərir. Mehriban xanım Əliyevanın YAP Sədrinin müavini seçilməsi partiya və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, YAP-ın və dövlətimizin daha da gücləndirilməsi istiqamətində mötəbər hadisədir. Beləliklə, V Qurultayı xarakterizə edərkən, ilk növbədə, qeyd etmək lazımdır ki, YAP daxili struktur etibarilə yeni keyfiyyət əldə etdi, siyasi təşkilat olaraq daha da gücləndi, monolit siyasi güc kimi ölkənin siyasi sisteminə hakim olduğunu nümayiş etdirdi. Bütövlükdə, Yeni Azərbaycan Partiyasının V Qurultayı yuxarıda sadaladığımız əsas amilləri həll etməklə bərabər, Azərbaycan xalqının tarixinin gələcəyi ilə də bağlı, əslində qərar vermiş oldu.
Sirr deyil ki, Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda əldə edilmiş möhkəm ictimai-siyasi sabitliyi və sürətli iqtisadi inkişafı perspektiv tərəqqinin əsası kimi səciyyələndirir. Bu gün hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevi alternativsiz lider kimi dəyərləndirir. Məhz dünyanın mühüm sorğu mərkəzləri və nüfuzlu ekspertləri də öz qənaətlərində Prezident İlham Əliyevin qarşıdan gələn prezident seçkilərində alternativsiz namizəd olduğunu ifadə edirdilər. Tezliklə zaman göstərdi ki, xalqın seçimi bu dəfə də dəyişməzdir və verilən proqnozlar özünü doğrultdu. Məlum olduğu kimi, Prezident İlham Əliyev oktyabrın 9-da keçirilən prezident seçkilərində seçicilərin 84,59 faizinin dəstəyini qazanmaqla növbəti möhtəşəm qələbəyə imza atdı. Bu uğur, əslində, Azərbaycanın son 10 ildə keçdiyi yola, qazandığı uğurlara, daxili və xarici siyasət kursuna, bu kursu həyata keçirən Prezident İlham Əliyevin fəaliyyətinə verilən ən yüksək qiymətdir!
Bu gün YAP-ın müxtəlif ölkələrin siyasi partiyaları və demokratik təsisatları ilə qurduğu işgüzar və səmimi münasibətlər ardıcıl surətdə inkişaf edir. YAP-ın beynəlxalq əlaqələrində dost və qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın bir sıra aparıcı siyasi partiyaları və qurumları ilə münasibətləri prioritet istiqamət kimi əsas götürülüb. Yeni Azərbaycan Partiyası Türkiyə, Rusiya, Rumıniya, Ukrayna, Qazaxıstan, Kanada, Hindistan, Çin, Cənubi Koreya, Vyetnam, Pakistan, Tacikistan və digər ölkələrin aparıcı siyasi partiyaları ilə uzun müddətdir sıx və qarşılıqlı münasibətlərə malikdir, partiyalar arasında intensiv görüşlər keçirilir, fikir və təcrübə mübadilələri aparılır.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, YAP 51 ölkənin siyasi partiyalarının təmsil olunduğu "Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı" (İCAPP) Daimi Komitəsinin üzvüdür. YAP bu kimi nüfuzlu beynəlxalq qurumda təmsil olunmaqla Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm tribuna əldə edib. Əməkdaşlıq münasibətlərinin qurulduğu dövrdən etibarən, Yeni Azərbaycan Partiyasının nümayəndələri Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının keçirdiyi tədbirlərdə də yaxından və fəal iştirak edir, qurumun iclaslarında səmərəli müzakirələr apararaq, təklif və layihələr iləri sürürlər. Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının 23-26 sentyabr 2009-cu ildə Astanada keçirilən V Baş Assambleyasında Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov bu qurumun Daimi Komitəsinin üzvü seçilib. Onu da bildirmək yerinə düşər ki, İCAPP-a üzv olan partiylardan yalnız 18-i bu qurumun Daimi Komitəsində təmsil olunur. Bir sözlə, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin coğrafiyası getdikcə genişlənir. Bu əlaqələr, eyni zamanda, müstəqil Azərbaycan Respublikasının siyasi partiyalar səviyyəsində beynəlxalq təşkilatlarda təmsilçiliyinin yüksək nümunəsidir.
Onu da qeyd etmək lazımdır ki, üzvlərinin sayı 650 mini ötən Yeni Azərbaycan Partiyası dünyanın aparıcı ölkələrində uzun illər fəaliyyət göstərən bir çox güclü partiyaların sırasına cəmi 22 ildə qatıla bilib. Bu isə həm də onu göstərir ki, YAP həqiqətən demokratik və hüquqi dəyərləri özündə cəmləşdirmiş gənc partiya kimi daim inkişafda, möhkəmlənməkdə, demokratik dünyaya inteqrasiya etməkdədir.
ZƏRİFƏ QULİYEVA, YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi rayonu Ağbirçəklər Şurasının sədri