"YAP-ın yaranması Azərbaycan xalqının mənəvi istəyinin reallaşması idi. Hələ o zaman ölkəmizin çətin dönəmində səriştəsiz hakimiyyətin daxili və xarici səhvləri xalqımızın özünə inam hissini sarsıtmışdı. Məhz belə bir zamanda xalqın uzun illər ərzində dövlət idarəçiliyi anlamının bütün tərəflərini mənimsəmiş və bunu praktik fəaliyyətində tətbiq etmiş Liderə ehtiyacı var idi. Bu Lider, məhz Ulu Öndər Heydər Əliyev idi". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin (YAP GB) sədri Seymur Orucov partiyanın 22-ci ildönümü ilə bağlı fikirlərini şərh edərkən deyib.
Seymur Orucov bildirib ki, 1992-ci ilin noyabr ayında Ümumilli Lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası qısa bir zaman kəsiyində gördüyü işlər sayəsində xalqımızın etimadını qazanaraq, ən mütərəqqi Azərbaycan ziyalılarını ətrafına toplamağı bacardı: "Partiyamız tez bir zamanda ölkəmizin rayonlarında öz qərargahlarını yaradaraq, bölgə əhalisinin taleyüklü problemlərinin həllində əsas rol oynamağa başladı. Artıq, Azərbaycan vətəndaşları Yeni Azərbaycan Partiyasına ümid mənbəyi kimi baxırdılar. Partiya Liderinin vətənpərvərliyi, təəssübkeşliyi, məntiqi mühakimə aparma bacarığı, qayğıkeşliyinin nəticəsi kimi xalqımız Liderinin ətrafında sıx toplaşmağa başladı. Azərbaycan xalqı gerçək Liderin hansı xüsusiyyətlərə malik olmalı olduğunu anladı. Xalqımızın təkidli tələbi nəticəsində Ulu Öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətin layiqli rəhbəri olaraq, ölkəmizin uğur formulunun əsasını qoydu".
Seymur Orucov bildirib ki, bu gün də bu uğurlu siyasət ölkə prezidenti Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən davam etdirilərək, xalqımızın inamını qazanmaqda davam edir: "Biz, ölkə gənclərinin mütləq intellektual potensialını ətrafına toplayan YAP GB olaraq, hər zaman ölkə prezidentinin daxili və xarici siyasətini dəstəkləyir və bundan sonra da bu siyasətin uzun müddət yaşaması üçün bacardığımızı etməyə hazırıq".
sia.az