PDF Oxu

Siyasət

  • 14

Yeni Azərbaycan Partiyası xalq-iqtidar birliyinin ali təcəssümüdür!

Yeni Azərbaycan Partiyası xalq-iqtidar birliyinin ali təcəssümüdür!

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev: "Xalqımızın bütün təbəqələri, bütün yaş qrupları partiyamızda birləşir və ölkəmizin uğurlu inkişafı üçün öz fəaliyyətini göstərirlər"

Bu gün Azərbaycan xalqına, dövlətinə, Vətəninə sədaqətlə xidmət edən, bu müqəddəs məfhumu dəyərləndirən hər bir vətəndaş Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 22-ci ildönümünü böyük fərəh və qürur hissi ilə qeyd etməkdədir. Belə ki, bu partiyanın adı, fəaliyyəti həm də xalq-iqtidar birliyinin ali təcəssümü kimi ölkəmizin şanlı tarixinə qızıl hərflərlə yazılıb. Məhz bu baxımdan, YAP-ın yaranmasının 22-ci ildönümü xalqımız tərəfindən tükənməz coşqu ilə qeyd edilməkdədir. Eyni zamanda, partiyamızın ötən 22 ildə əldə etdiyi böyük nailiyyətlər həm də dövlətimizin inkişaf və tərəqqisində öz əksini tapıb.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyev partiyanın ötən ilin yayında keçirilən V Qurultayında da vurğulayıb ki, YAP ölkəmizin ictimai-siyasi həyatında həlledici rol oynayır və partiyanın qərarları və fəaliyyəti ölkəmizin uğurlu inkişafına güclü təsir göstərir. Belə ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsi olmaqla yanaşı, həm də Cənubi Qafqazın ən böyük partiyasıdır. Eyni zamanda YAP-ın sıralarında birləşən insanlar bütün təbəqələri əhatə etməkdədir. O cümlədən, partiyanın 650 mindən artıq üzvünün əksər çoxluğunu gənclər və qadınlar təşkil edir: "Yeni Azərbaycan Partiyası sözün əsl mənasında xalq partiyasıdır. Xalqımızın bütün təbəqələri, bütün yaş qrupları partiyamızda birləşir və ölkəmizin uğurlu inkişafı üçün öz fəaliyyətini göstərirlər".

"Heydər Əliyevin ətrafında birləşən insanlar, ilk növbədə, çox böyük cəsarət göstərmişlər"

İlham Əliyev Cənabları əldə edilən hər bir nailiyyətin tarixi əsaslarının olduğunu vurğulayıb və qeyd edib ki, YAP-ın yaranmasının özü bir tarixi hadisədir. Çünki bu partiyanın yaradıcısı Dahi Şəxsiyyət, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevdir: "1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisə idi. Çünki hamımız yaxşı xatırlayırıq ki, müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçmişdir. O vaxtkı iqtidar ölkəni uçuruma aparırdı. Səriştəsiz, bacarıqsız, biliksiz insanlar demək olar ki, Azərbaycanın dövlət müstəqilliyinə böyük zərbə vurmuşlar. Ona görə Heydər Əliyevin ətrafında birləşən insanlar, ilk növbədə, çox böyük cəsarət göstərmişlər. Çünki o vaxtkı iqtidar imkan vermədi ki, hətta partiyanın təsis qurultayı Bakıda keçirilsin. Digər tərəfdən, onlarda olan vətən sevgisi onların bu hərəkətlərini şərtləndirdi.

Heydər Əliyevin 1970-1980-ci illərdə də gördüyü işlər, Azərbaycanın inkişafına verdiyi töhfələr və Sovet İttifaqının dağılma ərəfəsindəki fəaliyyəti, cəsarətli addımlar, qanlı 20 Yanvar faciəsinin pislənməsi, Kommunist Partiyası sıralarının tərk edilməsi, Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi təsis edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi, Sovet İttifaqının saxlanmasına dair referendumun keçirilməməsi - bütün bu amillər əlbəttə ki, xalqda Heydər Əliyevə olan məhəbbəti birə on artırırdı. 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaradılması xalqda böyük ümidlər yaratdı ki, nəhayət, xoşagəlməz hallara son qoyulacaq, nəhayət, Azərbaycanda çox ciddi siyasi qüvvə yaranır, nəhayət, Azərbaycanda siyasi sistem yaranır. Çünki Yeni Azərbaycan Partiyasının yaradılması, eyni zamanda, müasir siyasi sistemin yaranması deməkdir".

"Ulu Öndər Heydər Əliyevin Azərbaycanda Prezident kimi fəaliyyəti də Yeni Azərbaycan Partiyasının güclü dəstəyi ilə tamamlanırdı"

Digər tərəfdən, Prezident İlham Əliyev daha bir əhəmiyyətli məqama toxunaraq tarixi faktı xatırladıb ki, YAP yarandığı zaman müxalifət partiyası kimi fəaliyyətə başlayıb və ölkədə sivil, demokratik prinsipləri ehtiva edən müxalifətçiliyin əsasını qoyub. Hansı ki, həmin dövrlərdə o zamankı ölkə rəhbərliyi heç bir demokratiya anlamı barədə məlumatlı deyildi: "Çünki o vaxta qədər ölkədə fəaliyyət göstərən müxtəlif siyasi qruplaşmalar siyasi mübarizəni faktiki olaraq çox primitiv səviyyədə aparmağa cəhd etmişlər. Siyasi sistem yox idi. Yeni Azərbaycan Partiyasının yaradılması siyasi sistemin yaradılması deməkdir. Yeni Azərbaycan Partiyasının müxalifət partiyası kimi yaradılması, eyni zamanda, müxalifət necə fəaliyyət göstərməlidir, onu da çox açıq-aydın ortaya qoymuşdur. Yeni Azərbaycan Partiyası o vaxtkı antimilli xəyanətkar iqtidara müxalifətdə idi. Yeni Azərbaycan Partiyasının əsas amalı dövlətçilik, müstəqillik, inkişaf, təhlükəsizlik idi. Partiyamız iqtidara gələndən sonra bu ideyalar, bu amillər Azərbaycanda reallığa çevrilmişdir. Təsadüfi deyildir ki, partiyanın yaranmasından bir il keçməmiş Azərbaycan xalqı öz sözünü demişdir, antimilli qüvvələrin hakimiyyətdən getməsinə nail olmuşdur və Ulu Öndər Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etmişdir".

Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyev hazırda iqtidar tərəfindən yürüdülən siyasi xəttin Heydər Əliyev və Yeni Azərbaycan Partiyasının siyasi xətti olduğunu da vurğulayaraq, bu mühüm faktoru belə əsaslandırıb ki, bu xəttin təməlini Ulu Öndər Heydər Əliyev qoyub: "Partiyamızın tarixi müstəqillik tarixi ilə də, demək olar ki, üst-üstə düşür. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda Prezident kimi fəaliyyəti də Yeni Azərbaycan Partiyasının güclü dəstəyi ilə tamamlanırdı. Heydər Əliyev və Yeni Azərbaycan Partiyası bizim siyasi xəttimizdir. Heydər Əliyev Yeni Azərbaycan Partiyasının, müstəqil Azərbaycan dövlətinin qurucusudur".

"Yeni Azərbaycan Partiyasının əsas ideoloji dayaqları müstəqillikdir, azərbaycançılıqdır, müasirlikdir, inkişafdır, sosial rifahdır, iqtisadi və siyasi islahatlardır"

Məhz 1993-cü ildən başlayaraq ölkədə bütün xoşagəlməz hallara son qoyuldu, sabitlik yarandı, vətəndaş müharibəsi dayandırıldı, inkişaf, sabitlik, quruculuq, dövlətçilik dövrü başlandı. Bu baxımdan da Cənab İlham Əliyev özəlliklə xatırladıb ki, Yeni Azərbaycan Partiyasının əsas ideoloji dayaqları müstəqillikdir, azərbaycançılıqdır, müasirlikdir, inkişafdır, sosial rifahdır, iqtisadi və siyasi islahatlardır: "Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan on il ərzində böyük və şərəfli yol keçmişdir. 1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi yadda qaldı, tarixdə qaldı. Bu illər ərzində dövlətçiliyin əsasları qoyuldu. Azərbaycan dünya birliyinə özünü təqdim edə bilmişdir. Beynəlxalq əlaqələrimiz inkişaf etmişdir. Dünya xəritəsində Azərbaycan özünə layiq yerini tuta bilmişdir".

Ulu Öndərin rəhbərliyi ilə on il ərzində Azərbaycanın sözün əsl mənasında uğurlu yol keçdiyini deyən İlham Əliyev eyni müstəvidə YAP-ın da getdiyini bildirib: "Eyni zamanda, Yeni Azərbaycan Partiyası da öz fəaliyyətini həm ölkə daxilində, həm beynəlxalq müstəvidə genişləndirə bilmişdir. Bu gün bizim beynəlxalq əlaqələrimiz də çoxşaxəlidir. Müxtəlif partiyalarla, müxtəlif qitələrdə fəaliyyət göstərən partiyalarla biz uğurlu əməkdaşlıq edirik. Bundan sonra da bu əməkdaşlığı davam etdirəcəyik".

"İnkişafın təmin edilməsində Yeni Azərbaycan Partiyasının çox böyük rolu vardır"

O da sirr deyil ki, YAP-ın inkişaf və tərəqqi yolundakı fəaliyyəti 2003-cü ildən sonra da uğurla davam etməkdədir. Belə ki, Azərbaycan dövlətinin qazandığı hər bir uğurun arxasında xalq-iqtidar vəhdətini tamamlayan YAP amili dayanıb. Prezident İlham Əliyev YAP-ın V Qurultayında vurğulayıb: "2003-cü ildən sonra Azərbaycanın uğurlu inkişafı davam etmişdir. Bu inkişafın təmin edilməsində bir daha demək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının çox böyük rolu vardır. Çünki 2003-cü il bir sınaq ili idi. Həm dövlətçiliyimizin əsaslarının nə qədər güclü olduğunu elə bil ki, tarix sınayırdı, eyni zamanda, Yeni Azərbaycan Partiyasının öz liderinə, dövlətçiliyə nə qədər sadiq olduğunu tarix sınaqdan keçirirdi. Bütün bu sınaqlardan bizim partiyamız üzüağ çıxdı. Bütün bu sınaqlardan biz daha da güclənmiş şəkildə çıxa bildik.

2003-cü ildə demək olar ki, Azərbaycanın gələcək uğurlu inkişafı müəyyən edilirdi: ya inkişaf yolu ilə gedəcəyik, ya da yenə tənəzzülə uğrayacağıq. Yenə də mənfur qüvvələr Azərbaycanın iqtidarını zəbt edəcəkdilər, necə ki, 1992-ci ilin may ayında onu zəbt etmişdilər. Yəni bu iki istiqamət arasında seçim, necə deyərlər, ortada idi. Yeni Azərbaycan Partiyasının mütəşəkkil fəaliyyəti, öz liderinə sədaqəti, Azərbaycan xalqının bu siyasətə verdiyi dəstək hesabına Azərbaycan inkişaf yolunu seçdi və son on il ərzində bu inkişaf yolu ilə uğurla irəliyə gedir".

Cənab İlham Əliyev həmin inkişafın dayanmadan getdiyini və ardıcıllıqla reallaşdırıldığını qeyd edərək bildirib ki, Azərbaycanın tərəqqisi beynəlxalq aləmdə də tanınır, ölkəmizin, dövlətimizin əldə etdiyi hər bir nailiyyətə həsəd aparılır: "Bu inkişaf artıq bütün mötəbər beynəlxalq təşkilatlar tərəfindən qeyd edilir, qiymətləndirilir. Azərbaycanın təcrübəsi artıq ən müsbət təcrübə kimi öyrənilir. Sirr deyildir ki, bizim keçdiyimiz yol inkişafda olan, yaxud da ki, çətinliklər içində yaşayan bəzi ölkələr üçün bir işıq yoludur, bir istiqamətdir. Bu, öz növbəsində, bizim üzərimizə daha da böyük məsuliyyət qoyur".

"Yeni Azərbaycan Partiyası siyasi sistemimizin ən əsas sütunudur və ən böyük təsirə malik olan partiyadır"

YAP Sədrinin daha bir önəmli tezisi isə partiyanın mövcud siyasi sistemdə sütun rolunu oynaması fikirləridir. Sitat: "Yeni Azərbaycan Partiyası siyasi sistemimizin ən əsas sütunudur və ən böyük təsirə malik olan partiyadır. Ölkəmizdə siyasi islahatların dərinləşməsində də Yeni Azərbaycan Partiyasının xüsusi rolu və məsuliyyəti vardır. Biz on il ərzində iqtisadi islahatların aparılması ilə dünyanın ən sürətli iqtisadi inkişafına nail ola bilmişik. İkinci belə ölkə tapılmaz ki, on il ərzində iqtisadiyyat üç dəfədən çox artsın və bütün başqa statistik göstəricilər də ən yüksək səviyyədə olsun. Hər bir ölkə üçün bu, nümunə ola bilər".

"Görülən bütün bu işlər əlbəttə ki, Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki nüfuzunu da artırır"-deyə vurğulayan İlham Əliyev Cənabları, həmçinin daha bir əsaslı mövcudluğu önə çəkərək qeyd edib ki, Yeni Azərbaycan Partiyasının siyasi səhnədə ciddi rəqibi yoxdur. Çünki qeyri-sivil yollarla mübarizə aparan, bu yolla hakimiyyətə yiyələnəcəklərini düşünən siyasi "güclər" antimilli dairələr heç zaman YAP reallığı qarşısında uğur əldə edə bilməzlər: "Bu, reallıqdır. Ona görə yox ki, biz kiməsə problem yaradırıq, yaxud da hansısa xüsusi imtiyazlara malikik. Hər bir siyasi qüvvə hansı çərçivədə fəaliyyət göstərirsə, biz də eyni çərçivədə fəaliyyət göstəririk. Sadəcə ona görə ki, görülən işlər, islahatlar, insanların yaşayış səviyyəsinin qalxması, beynəlxalq mövqelərimizin möhkəmləndirilməsi bizə olan inamı daha da artırır. Ancaq əlbəttə ki, siyasi mübarizə aparılır və aparılmalıdır. Mən bir daha demək istəyirəm ki, Yeni Azərbaycan Partiyası siyasi davranış qaydalarını da müəyyən etmişdir və çox şadam ki, siyasi fəaliyyətlə məşğul olan əksər siyasi partiyalar bu sivil siyasi davranış qaydalarına əməl edirlər. Amma elələri vardır ki, onlar islah oluna bilməz. Bu, onlara şamil edilə bilməz. Bu, antimilli qüvvələrdir. Vaxtilə iqtidarda olmuş və bu gün də iqtidar arzusu ilə heç bir əsası olmadan yaşayan antimilli xəyanətkar, satqın qruplaşmalardır ki, onlar öz fəaliyyətlərini tamamilə başqa istiqamətdə görürlər. Onların siyasi fəaliyyəti, - əgər buna siyasi fəaliyyət demək mümkündürsə, - tamamilə başqa istiqamətdə gedir. Onların siyasi mübarizə üsulu söz deyil, fikir deyil, "Molotov kokteyli"dir. Onların dayaqları xalq deyil, xalqın iradəsi deyil, xaricdən verilən qrantlardır, pullardır. Onların söz azadlığı donos yazmaqdır, Azərbaycanı ləkələməkdir, beynəlxalq təşkilatlara uydurmalar, iftiralar göndərməkdir, yaymaqdır. Onların davranış qaydaları ermənilərlə birləşib Azərbaycanı ləkələmək və Azərbaycan haqqında mənfi rəy formalaşdırmaqdır. Əlbəttə, belə qruplaşmaların Azərbaycanın siyasi həyatında yeri yoxdur və ola da bilməz. Son 20 ilin tarixi bunu bir daha təsdiq edir ki, Azərbaycanın gələcəyini, müstəqilliyini düşünməyən qüvvəyə Azərbaycanın siyasi səhnəsində yer yoxdur. Biz müstəqil dövlət qurmuşuq. Ulu Öndər canı hesabına müstəqil dövlət qurmuşdur. Biz müstəqilliyi qoruyuruq, saxlayırıq. Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir. Müstəqillik sadəcə olaraq dövlət atributlarına malik olmaq deyildir. Müstəqillik müstəqil siyasət aparmaq, öz maraqlarını müdafiə etmək, öz milli maraqlarını hər şeydən üstün tutmaqdır. Bu gün Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən sözün əsl mənasında müstəqil dövlətdir. Biz bu müstəqilliyi möhkəmləndirməliyik".

Beləliklə, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin irəli sürdüyü əhəmiyyətli tezisləri xatırlayarkən, bir daha belə qənaətə gəlmək mümkündür ki, şanlı tariximizə yazılaraq 22 ili geridə qoyan, bu gün də ölkənin əldə etdiyi hər bir uğurunda, nailiyyətində imzası olan Yeni Azərbaycan Partiyasının müstəsna xidmətləri var, bundan sonra da olacaq! Və təbii ki, YAP xalq-iqtidar birliyinin ali təcəssümü kimi bundan sonrakı onilliklərdə də Azərbaycanın tərəqqisində öz qətiyyətli sözünü deyəcək!

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər