"1994-cü ildən tərəflər arasında atəşkəsin olmasına dair sənədlər olsa da, Ermənistan tərəfi faktiki olaraq buna əməl etmir. Düşmən ordusu hər gün mövqelərimizi atəşə tutur". Bu fikirləri SİA-ya Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Elman Məmmədov son günlər işğalçı Ermənistanın və separatçı "DQR" rejiminin cəbhə xəttindəki təmas xəttində mövqelərimizi intensiv atəşə məruz qoymasına münasibət bildirərkən deyib.Elman Məmmədovun fikrincə, bu təxribatları törədən düşmən tərəfinin əməllərinə beynəlxalq təşkilatlar, xüsusilə də ATƏT-in Minsk qrupu susur: "Məsələyə obyektiv yanaşılmadığının göstəricisi də onlara qarşı heç bir sanksiyanın tədbiq olunmamağıdır. ATƏT-in Minsk Qrupu sözügedən prosesə hər zaman öz mənafeləri nöqteyi nəzərindən yanaşıb".Millət vəkili bu yaxınlarda silahlı qüvvələrimiz tərəfindən vurulmuş erməni helikopteri ətrafında düşmən tərəfin ajiotaj yaratmaq cəhdinə də münasibətini bildirib. O qeyd edib ki, düşmənin ərazilərimizdə qanunsuz uçuşlar zamanı vurulan helikopterinə görə demək olar ki, bütün beynəlxalq təşkilatlar təşvişə düşdülər: "Ermənistan bəzi xarici dövlətlərin onları himayə etməsinə güvənir, onlardan güc alır, ruhlanır. Qeyri-səmimi, ədalətsiz, ikili standartlardan çıxış edənlərdən heç nə gözləmək olmaz. Kasprşik başına iki-üç adamı yığıb cəbhəboyu ərazilərdə monitorinq keçirəndə, məgər hadisələri analiz edə bilmir? Bu monitorinqlər kimə lazımdır axı? Bunlar yüksək maaş alıb başlarını qatmaqla məşğuldurlar".
sia.az