Milli Məclisdə Türkdilli ölkələrin Parlament Assambleyasına (Türk PA) üzv ölkələrinin sosial-siyasət komitələrinin II birgə toplantısı keçirilir. SİA-nın məlumatına görə, toplantıda "TürkPA-ya üzv ölkələrin Miqrasiya Problemləri və İmkanları" mövzusu müzakirə olunur.Toplantını giriş sözü ilə açan Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli xatırladıb ki, TürkPA 6 il əvvəl noyabrın 21-də yaranıb: "Bu gün müzakirə olunan məsələnin bir çox siyasi, iqtisadi, sosial, hətta kriminal tərəfləri var. Hesab edirəm ki, miqrasiya problemini krimanal sahəyə də aid etmək olar. Bu məsələ bütün dünyanı narahat edən məsələlərdən biridir. Hazırda bütün dünyada qanunsuz miqrantların sayı illik 250 milyonu keçib. Bu proses hamını düşündürür".Onun sözlərinə görə, miqrasiya problemini bəzi ölkələrdə və beynəlxalq təşkilatlarda qaçqın-köçkün problemi ilə eyniləşdirir və buna başqa cür yanaşırlar: "Halbuki qaçqın-köçkün mövzusu tam başqa mövzudur. Azərbaycan da bu problemlə 20 ildən çoxdur ki, əziyyət çəkir".H. Rəcəbli qeyd edib ki, Azərbaycanla miqrasiya münasibətlərində olan ölkələr içərisində birinci yeri Türkiyə tutur: "Əgər 2012-ci ildə Türkiyədən Azərbaycana 7196 miqrant gəlirdisə, bu il bu rəqəmlər azalıb. Bunun da obyektiv və subyektiv səbəbləri var".
sia.az